Ermənistan: Biznes koronavirusdan nə dərəcədə ziyan çəkir, fövqəladə vəziyyətdən sonra iqtisadiyyatı nə gözləyir?
Ermənistan insanların hərəkətinə və müəssisələrin işinə tətbiq olunan sərt məhdudiyyət şəraitində itkilərin miqyasını müəyyən etməyə çalışır. Martın 16-dan ölkədə fövqəladə vəziyyət elan edilib və müəssisələrin böyük hissəsi – iri konsernlərdən tutmuş xırda biznesə qədər fəaliyyətini dayandırıb. Yalnız həyati əhəmiyyət daşıyan və strateji sahələrin işinə icazə verilib.
Aprelin 14-dən fövqəladə vəziyyət rejimi bir ay uzadılıb, amma komendantlıq emal sənayesi ilə məşğul olan müəssisələrin işini bərpa etməsinə icazə verib, inşaatçılar və mühəndislər də işə qayıdıblar.
Bununla yanaşı hökumət tələsik şəkildə biznesə yardım proqramı hazırlayıb və qəbul edib.
Bu addımlar nə dərəcədə səmərəlidir, iqtisadiyyat uzun müddətli durğunluqdan sonra nə zaman böhranı aşa bikəcək, əvvəlki artım göstəricilərini nə zaman gözləmək olar – yerli ekspertlərin və beynəlxalq təşkilatların bu haqda fikirləri.
- Ermənistan, koronavirus: insanlar necə və nə hesabına yaşayır – baş nazir telefonla soraqlaşıb
- Ermənistan, koronavirus: səbəbsiz evdən çıxmaq olmaz, biznesə daha çox məhdudiyyət
Hökumət nə edir?
Ermənistan hakimiyyəti koronavirusun yayılmasına dərhal reaksiya verib və artıq martın 16-dan, ölkədə yoluxanların sayı 50 nəfərdən çox olmadığı zaman fövqəladə vəziyyət elan edib. Görünür ki, buna yoluxanların potensial çevrəsi haqda operativ məlumatlar səbəb olub.
FH rejimi tətbiq ediləndən sonra yoluxanların sayı kəskin artıb. Hazırda vəziyyət ümumilikdə nəzarət altında olsa da və hələlik səhiyyə sistemi üzərinə düşən yükün öhdəsindən gəlsə də, Ermənistan yoluxma sayına görə regionun üç ölkəsi arasında uzun müddət liderliyi qoruyub, az əvvəl isə estafeti Azərbaycana ötürüb.
Nazirlər Kabineti karantin rejimi tətbiq edildiyi ilk günlərdən başlayaraq koronavirusun mənfi sosial və iqtisadi nəticələrini yumşaltmaq üçün tədbirlər hazırlamağa başlayıb.
Tədbirlərin bir qismi əhalinin ən həssas hissəsinə – bu mərhələdə işini itirən ailələrə, azyaşlı uşaqların analarına, turizm və xidmət sahəsi işçilərinə, hamilə qadınlara və s. maliyyə yardımı nəzərdə tutur.
İkinci paket birbaşa özəl sektora yardıma yönləndirilib. Mahiyyət etibarilə biznesə maaşların ödənməsi, xammal almaq, ixracı yoluna qoymaq üçün faizsiz kreditlər götürmək imkanı verilib. Durğunluq dövründə əməkdaşlarının sayını azaltmayan və onlara əməkhaqqı ödəyən sahibkarlara yardım etmək nəzərdə tutulub.
Bunun üçün dövlət ehtiyat fondundan 300 milyon dollardan çox vəsait ayıracaq. Yerli ekspertlər qeyd edirlər ki, 2018-ci il “məxməri inqilabdan” sonrakı iqtisadi yüksəliş hazırkı hökumətə bu gün atılan addımlar üçün müəyyən baza verib.
Beynəlxalq təşkilatlarda nə düşünürlər?
Nüfuzlu təhlil və reytinq agentlikləri hazırda ölkələrin inkişaf perspektivlərinə dair əvvəlki proqnozlarını təkrar gözdən keçirir və yeni proqnozlar dərc edir.
Ermənistana gəlincə, Dünya Bankı ölkənin 2020-ci il yekunu üzrə ÜDM-nin 1,7 faiz artacağını gözləyir. Növbəti illər üçün artım 4 faiz civarında olacaq.
Moody‘s reytinq təşkilatının proqnozu daha bədbindir. Bu təşkilat bu il ÜDM-nin yarım faizlik artımını proqnozlaşdırır, 2021-ci ildə isə artım tempinin bərpa olunacağını gözləyir.
Büynəlxalq Valyuta Fondu dünyanın 150-dən çox ölkəsi, o cümlədən də Ermənistan üçün mənfi göstəricilər ehtimal edir. Eniş 1,7 faiz təşkil edəcək. Bununla yanaşı hesabat müəllifləri hesab edirlər ki, gələn il ÜDM 4,8 faiz artacaq.
Bununla belə bütün təşkilatlar Ermənistan iqtisadiyyatının ümumdünya böhranı şəraitində regionun digər ölkələrindən daha az ziyan çəkəcəyini proqnozlaşdırırlar. Gürcüstan və Azərbaycan daha dərin eniş yaşayacaq, neftin qiymətinin ucuzlaşması da buna təsir edəcək.
Əslində nələr olacaq – yerli ekspertlərin rəyi
Beynəlxalq təşkilatların proqnozlarında həmişə yanılma payı olur.
Yerli ekspertlər xüsusən də indi, həm Ermənistanda, həm də digər ölkələrdə karantin məhdudiyyətlərinin nə zamana qədər davam edəcəyi bəlli olmadığı bir dövrdə onlardan dəqiqlik gözləmirlər.
Ermənistan iqtisadiyyatı praktiki olaraq bütün sahələrdə mənfiyə gedib – Milli Məclisin deputatı, iqtisadçı Artak Manukyan hesab edir:
“Pərakəndə satış və farmakoloji fəaliyyət kimi iki sahə istisna olmaqla bütün digər sahələrdə indi eniş müşahidə olunur. Amma ixrac və idxal imkanı qalır və bu kontekstdə hazırda əsas odur ki, ərzaq məhsulları ilə bağlı problem yoxdur”.
Əgər hökumət ili ən minimal müsbət diapazonlu rəqəmlə bağlamağa müvəffəq olsa, bunu nailiyyət hesab etmək mümkündür – iqtisadçı Vahan Xaçatryan bu fikirdədir. Karantin şəraitində yaşayan bütün ölkələrin iqtisadiyyatları ancaq ərzaq və tibbi preparatlar istehsalı ilə məşğuldur. Qalan sahələr tam dayanıb:
“Biz iqtisadiyyatımızın bərpa olunmasının yalnız bizdən asılı olmayacağını nəzərə almalıyıq. Çox şey bizim tərəfdaşlarımızın, ilk növbədə Avrasiya İqtisadi İttifaqındakı [2015-ci ildən Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan bu ittifaqa daxildir — JAMnews] tərəfdaşlarımızın qeyd edəcəyi dinamika ilə şərtlənəcək. 2009-cu ildə [2008-ci il dünya iqtisadiyyatındakı böhrandan sonra] Rusiya iqtisadiyyatındakı tendensiyalar aydın şəkildə bizim iqtisadiyyatımızda təzahür edir”.
Rusiya koronavirus pandemiyasını çox ağır yaşayır, ölkə iqtisadiyyatı və valyutası neft qiymətindən birbaşa asılıdır. “OPEC+”, neft ixrac edən ölkələr təşkilatının (The Organization of the Petroleum Exporting Countries – OPEC) qeyri-formal formatına daxil olan ölkələr və Rusiya neft hasilatının azaldılması haqda razılıq əldə ediblər. Üstəlik dünya iqtisadiyyatı dayanıb – müvafiq olaraq neftə olan tələbat da əhəmiyyətli dərəcədə azalıb. Beynəlxalq strukturların proqnozlarına əsasən, onsuz da durğunlaşan Rusiya iqtisadiyyatı indi daha 5-6 faiz itirə bilər.
“Bizim həm ixrac, həm də maliyyə vasitələrinin generasiyası üçün əsas bazarımız Rusiyadır. Aydındır da ki, indi Rusiyada məcmu tələbin azalması baş verir? İndi əgər biz təsəvvür eləsək ki, pandemiyanın öhdəsindən gəlmişik, hətta bu halda belə bizə əvvəl gələn turistlər daha gəlməyəcək”, Artak Manukyan qeyd edir.
Ekspert onu da ehtimal edir ki, ikinci rübdə eniş davam edəcək:
“Əgər iyuldan heç olmasa sıfıra qayıdış və ya hər hansı artım olsa, o zaman bu, böyük nailiyyət olacaq. Mənim ümumi dəyərləndirməm -1 faizdən +2 faizə qədərdir. Amma yenə də hər şey virusun yayılmasının nə zaman bitəcəyindən asılı olacaq”.
Böhran şəraitində hökumət fermerləri torpaq sahələrini becərməyə çağırıb. Kənd təsərrüfatı yenidən iqtisadiyyatın əsas sahəsi olmağa iddialıdır.
İnşaat sahəsi də katalizator ola bilər. Hökumət məhdudiyyətləri yumşaldıb, inşaat fəaliyyətinin tam bərpasına icazə verib.
Avropada yalnız iki ölkə karantin tətbiq etməyib – Belarus və İsveç. Ermənistanda müəssisələri bağlamaq və bütün iqtisadi fəaliyyət sahələrini məhdudlaşdırmaq doğru idimi?
Artak Manukyan əmindir ki, hər şey prioritetlərdən asılıdır. Ermənistanda insanların sağlamlığını seçiblər. Amma bu vəziyyət uzun müddət davam edə bilməz və imkan yaranan kimi ölkələr mümkün qədər tez biznesi işə salıb, sərhədləri açmaqda maraqlı olacaqlar:
“Biz imkan daxilində iqtisadiyyatı reanimasiya etməliyik. Biz adətən nə qədər insanın yoluxa biləcəyinə istiqamətlənirik. Amma sağalanların immuniteti var, bu da yoluxmamaq imkanı verir. Bunun mahiyyəti ondan ibarətdir ki, dövlətlərin əməkdaşlıq üçün qapılarını açmağa başlayacağı zaman gələcək. Xüsusən də may-iyun aylarında biz məhz bu mənzərəni görəcəyik”.
Ermənistan üçün əsas məsələ – əvvəlki iqtisadi yüksəliş tempinə nə zaman qayıtmaq mümkün olacaq.
Virus yayılana qədər, 2020-ci ilin ilk iki ayı ərzində iqtisadi fəallıq 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz yüksəlmişdi. Ötən il iqtisadi yüksəliş 7,6 faiz olmuşdu.
“Ehtimal etsək ki, yaya doğru epidemiya geriləyəcək və dünya iqtisadiyyatı bərpa olunmağa başlayacaq, o zaman 2021-ci ildə bizim iqtisadi yüksəlişi təmin etmək üçün real imkanımız yaranacaq. Və bu, çox müsbət nəticə olacaq”, – iqtisadçı Vahan Xaçatryan hesab edir.
Artak Manukyan dünya iqtisadiyyatındakı enişin getdikcə ləngiyəcəyini, ölkələrin çoxunun tədricən məhdudiyyətləri yumşaldacağını proqnozlaşdırır:
“Mən bəlkə də super nikbinəm, amma düşünürəm ki, mayın əvvəlində virusla mübarizədə əhəmiyyətli uğura nail olacağıq. Və bundan sonra iqtisadiyyatın tədricən bərpası başlayacaq”.