“Koronavirusa yoluxma prosesi nəzarət altından çıxıb” – Ermənistanın səhiyyə naziri
Ermənistan sakinləri arasında koronavirus yayılmağa davam edir və artıq səhiyyə nazirinin bildirdiyi kimi infeksiya ocaqları üzərində nəzarət itirilib.
Aprelin 10-u səhər saatlarına olan məlumata əsasən, yoluxanların sayı 937 nəfərə çatıb. Sağalanlar 149 nəfərdir, stasionarda 777 nəfər saxlanılır. Gün ərzində iki yeni ölüm halı haqda məlumat verilib, ölənlərin ümumi sayı 12 nəfər olub.
Bununla əlaqədar olaraq Arsen Torosyan hökumətə martın 16-dan elan edilən və aprelin 14-ə qədər davam etməli olan fövqəladə vəziyyət rejiminin uzadılmasını təklif edib.
Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi qərar yoxdur. İstənilən halda həkimlər hadisələrin ən pis ssenari üzrə inkişafına hazırlaşmaq qərarına gəliblər.
Eyni zamanda müxtəlif ölkə və təşkilatlardan Ermənistana maliyyə də humanitar yardım daxil olur.
Nazir hansı proqnozları verir və Ermənistana epidemiyanın öhdəsindən gəlmək üçün kim kömək edir?
- Qafqazda koronavirus. Koronavirus epidemiyası ilə əlaqədar xəbərlər və hadisələr
- Yerevanda epidemiya, fövqəladə vəziyyət – bu necə görünür? Video
Proses nəzarətdən çıxıb
Son zamanlar gün ərzində təsdiqlənən yoluxma halları azalmağa başlayıb və bu da tədricən virusun öhdəsindən gəlindiyi ilə bağlı ümid yaradır. Amma səhiyyə naziri əks fikirdədir. Arsen Torosyan öz bədbin proqnozunu parlamentin səhiyyə komissiyasına təqdim edib:
“Biz hesab edə bilmərik ki, yoluxma dayanır və 100 faiz sönür. Niyə? Çünki əgər əvvəl, məsələn, 50 hal olurdusa, amma eyni yoluxma mənbəyindən, məsələn, böyük istehsal müəssisəsindən, indi bizdə 16, 20, 30 hal olur, amma 10 və ya 20 ayrı adamdan.
Müvafiq olaraq, koronavirusa yoluxma prosesi nəzarətdən çıxıb”.
Arsen Torosyan parlamentdəki bu bəyanatından sonra hökumətə fövqəladə vəziyyət rejiminin uzadılması təklifi haqda bildirib:
“Biz hesab edirik ki, bu, koronavirusun profilaktıkası ilə bağlı atdığımız addımlar nöqteyi-nəzərindən vacibdir”.
O hesab edir ki, hətta fövqəladə vəziyyətin dayandırılması halında belə sürətlə əvvəlki həyat tərzinə qayıtmaq mümkün olmayacaq. Uzunmüddətli tədbirlər lazımdır ki, virusun yayılma zəncirini qırmaq mümkün olsun:
“Yeni yoluxma hallarını nəzarətdə saxlamaq, üzə çıxarmaq və müalicə etmək, yoluxanlarla təmasda olanları isə təcrid etmək lazımdır. Və bunu virusa qarşı vaksin tapılana, yaxud insanlar müalicə olunana qədər davam etdirmək lazımdır”.
İlkin olaraq fövqəladə vəziyyət rejiminin bir ay müddətinə uzadılması müzakirə olunur.
Ermənistan hansı yardımı alır?
Tibb işçiləri hesab edirlər ki, hələlik ölkədə artacağı gözlənilən xəstələrə xidmət göstərmək üçün ehtiyatlar mövcuddur.
Eyni zamanda aprelin əvvəlindən Ermənistan koronavirusla mübarizə üçün müxtəlif ölkə və təşkilatlardan yardım alır.
Avropa İttifaqı koronavirusla mübarizə üzrə layihələrin həyata keçirilməsi üçün 92 milyon avro yardımın ayrılacağı haqda bildirib. Aİ-nin Yerevandakı nümayəndəliyi Facebook səhifəsində bu məbləğin təxirəsalınmaz və təcili ehtiyaclara sərf ediləcəyini yazıb:
“Vəsait tibb avadanlıqlarının və ləvazimatlarının gətirilməsinə, tibb personalının və laboratoriya işçilərinin yenidən hazırlanmasına, xırda və orta biznesin və işgüzar aləmin dəstəklənməsinə, həmçinin koronavirus epidemiyası nəticəsində ziyan çəkənlərə sosial və humanitar yardımın edilməsinə yönləndiriləcək”.
Rusiya Ermənistana koronavirusun diaqnostikası üçün test-sistemlər təqdim edib.
Bundan başqa, Rusiyanın hərbi mütəxəsislər və tibbi avadanlıqlar gətirən iki İl-76 nəqliyyat təyyarəsi artıq Yerevana gəlib.
Həmçinin hərbçilər arasında – həm Ermənistana aid hərbi hissələrdə, həm də Gümridə yerləşən Rusiya hərbi bazasında – koronavirusa yoluxanları üzə çıxarmaq üçün mobil laboratoriya da əldə edilib
Çindən böyük həcmdə dərman, tibbi ləvazimat və avadanlıqlar gəlib:
120 ağciyərlərin süni ventilyasiyası aparatı,
İki oksigen stansiyası,
60 min test,
60 min tibbi maska,
280 min müdafiə maskası,
20 min müdafiə eynəyi,
100 min müdafiə kostyumu.
Çindən göndərilən yardım Ermənistanda xüsusi diqqət çəkib. Tibbi avadanlıqlar dolu qutuların üzərində bu sözlər yazılıb:
“Qoy bizim dostluğumuz Ararat dağından yüksək və Yanszı çayından uzun olsun”.
“Avrora” humanitar təşəbbüsü də Ermənistana dəstək verib. Ağciyərlərin süni ventilyasiyası aparatlarının alınması üçün Səhiyyə Nazirliyinin hesabına 120 min dollar həcmində vəsait köçürülüb.
“Epidemiya partlayışı dünyanı, o cümlədən də Ermənistanın səhiyyəsini zamanında müalicə edə bilmək üçün qüvvələri səfərbər etməyə və bütün resurslardan istifadə etməyə vadar edib. Dövlətimizin səhiyyə sahəsindəki bu böhrana reaksiyası adekvat olub. Amma lazımi avadanlıqların mühümlüyünü gözdən qaçırmaq olmaz”, – Ermənistanın səhiyyə naziri deyib.