Qarabağda koronavirus və siyasət: prezident seçkilərinin ikinci turu baş tutacaq
Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edilib – məqsəd koronavirusun yayılmasına qarşı durmaqdır. Lakin 14 aprelə təyin edilmiş prezident seçkilərinin ikinci turu baş tutacaq.
Hakimiyyət iddia edir ki. seçki məntəqələrində sanitar normalara riayət olunmasını təmin edəcəklər.
JAMnews-un seçkilərdən əvvəkki vəziyyətlə bağlı bu məqaləsi Dağlıq Qarabağda koronavirusa ilk yoluxanlar aşkarlanan zaman dərc edilmişdi. 12 aprel tarixinə burada 5 xəstə meəyyən edilib.
Təsdiqlənmiş koronavirus hallarına rəğmən Dağlıq Qarabağda hakimiyyət, görünür ki, aprelin 14-ə təyin olunmuş prezident seçkilərinin ikinci turundan imtina etməyəcək. Baxmayaraq ki, bir çox yerli sakinlər və siyasətçilər, o cümlədən də prezidentliyə namizədlərdən biri seçkinin təxirə salınmasını tələb edir.
Digər siyasətçilər alternativ variantlar, o cümlədən də Ermənistanla federativ dövlətin yaradılması prosesinin başladılmasını təklif edirlər.
Qarabağda koronavirus haqda
Aprelin 9-da Dağlıq Qarabağda iki yeni koronavirusa yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı üç nəfərə çatıb. Bu haqda Qarabağın Səhiyyə Nazirliyi Facebook səhifəsində məlumat verib.
Yeni xəstələnənlərdən biri aprelin 2-dən özünütəcrid rejimində olan ilk yoluxan şəxsin qohumudur. Digər pasiyent isə Qarabağa gəlmiş Ermənistan vətəndaşıdır.
Burada ilk yoluxma halı aprelin 7-də Kaşataq rayonunun Mirik kəndinin 60 yaşlı sakinində təsdiqlənib. Onun yaşadığı bütün kənd, 40-a yaxın ailə təcrid olunub.
Yeni yoluxma halları üzə çıxarılandan sonra Artsax (Qarabağ özünü belə adlandır) prezidneti Bako Saakyan Ermənistandan respublikaya girişi sərtləşdirmək göstərişi verib, baxmayaraq ki, aprelin 3-dən artıq giriş tam qadağan olunub.
Sosial şəbəkələrdə gedən müzakirələrə görə, Qarabağda çoxlarının hələ də hakimiyyətin fövqəladə vəziyyət elan edəcəyinə və seçkiləri təxirə salacağına dair ümidi var.
Martın 31-də seçki zamanı pozuntular
Dağlıq Qarabağda prezident seçkilərinin birinci turu və parlament seçkiləri martın 31-də keçirilib. Epidemiyanın yayılması təhlükəsi artıq mövcud idi, amma səsvermə təxirə salınmadı – baxmayaraq ki, yoluxma hallarının çoxaldığı Ermənistanla artıq sərhəd bağlanmışdı.
Bu seçkilərin xüsusi önəmi vardı. 2017-ci ildə Qarabağda yeni konstitusiya qəbul olunub və yeni konstitusiyaya əsasən, heç kim tərəfindən tanınmayan respublika yarı-prezident idarə-üsulundan prezident idarəçiliyinə keçməlidir.
Odur ki, hazırda seçiləcək prezident əvvəlkilərdən daha böyük səlahiyyətə sahib olacaq.
Ermənistanda epidemiyaya görə, fövqəladə vəziyyət hələ martın 16-dan tətbiq olunub və Qarabağda seçkilərin təxirə salınması çağırışı səslənib. Bu çağırışlara prezidentliyə 14 namizəddən 6-ı da qoşulub. Onlardan biri də Artsaxın xarici işlər naziri Masis Mailyan.
Amma Qarabağ hakimiyyəti çağırışlara məhəl qoymayıb. Seçkidə iştirak yüksək olub – 76 faizə yaxıb.
Seçkilərin nəticələrinə əsasən, parlamentdə beş partiya – “Azad Vətən”, “Vahid Vətən”, “Ədalət”, EİF “Daşnaksütun” və Artsax Demokratik Partiyası keçib.
Keçmiş baç nazirin liderlik etdiyi “Azad Vətən” partiyası parlamentdə 33 mandatdan 16-ı qazanıb.
Araik Harutunyanın özü prezident seçkilərində ən çox səs toplayıb – 49,2 faiz. İkinci yerdə Masis Mailyandır – 26,7 faiz.
Aprelin 14-ə təyin olunan ikinci turda onların ikisi mübarizə aparacaq.
Seçkilər erməni cəmiyyətində birmənalı dəyərləndirilməyib. Hətta Ermənistandan gələn müşahidəçilər, o cümlədn də Ermənistanın baş naziri Nikol Paşinyanın komandasına yaxın olanlar da seçkilərin ədalətli keçməsini şübhə altına alan pozuntular haqda danışıblar.
Söhbət həm seçicilərin satın alınması, həm açıq səsvermə və bülletenlərin fotosunun çəkilməyindən gedir.
Bu pozuntuları, görünür ki, parlamentdə çoxluğa sahib olan Araik Harutunyanın komandası da sükutla etiraf edir.
Aprelin 1-ə keçən gecə seçici səsləri sayılan zaman Araik Harutunyanın elə birinci turdaca 57 faiz səslə qələbə qazandığı elan olunmuşdu. Amma artıq səhəri gün onun 49,2 faiz səs topladığı və ikinci turun keçiriləcəyi bəlli oldu.
Araik Harutunyan rəqəmlərdəki bu böyük fərqi mübahisələndirmədi və səslərin yenidən sayılmasını tələb etmədi.
Ekspertlər bildirirlər ki, o, ikinci turdan daha çox səslərin yenidən sayılmasından və seçkilərin nəticələrinin tanınmamasından qorxur.
Etiraz
Aprelin 7-də Stepanakertdə mitinq keçirilib. Aksiyaya yüzlərlə insan gəlib, çıxış edənlər seçkilərin gedişatında çox sayda pozuntular haqda məlumat veriblər.
Həmçinin hakimiyyətin epidemiya zamanı seçkilərin keçirilməsinə israr edərək insanları təhlükə altına atması haqda da danışıblar.
Elə həmin gün ikinci turun iştirakçılarından biri Masis Mailyan bəyanatla çıxış edib. O, tərəfdarlarını öz sağlamlıqları naminə seçkiləri boykot etməyə və səsverməyə gəlməməyə çağırıb.
Mailyan öz namizədliyini geri çəkməyib, çünki bu halda ikinci tura üçüncü iştirakçı – Vitali Balasanyan çıxacaq və seçkilər yenə də baş tutacaq.
Böyük ehtimalla ikinci tur minimum fəallıq şəraitində də baş tutmuş olacaq – üstəlik də nəzərə alsaq ki, qanunda seçici fəallığı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
Sosial şəbəkələrdə fövqəladə vəziyyət tətbiq etmək və seçkiləri təxirə salmaq təklif olunur
Ermənistanın baş nazirinin keçmiş müşaviri Arsen Xaratyan hesab edir ki, qanunvericilik fövqəladə vəziyyətin tətbiqi ilə bağlı o qədər də aydın olmadığı üçün vəziyyət çətinləşə bilər.
Dağlıq Qarabağ konstitusiyasının 76-cı maddəsinin 2-ci bəndində deyilir ki, “fövqəladə vəziyyət zamanı seçki və referendum keçirilmir”. Amma ikinci turun keçirilib-keçirilmədiyi ilə bağlı heç bir qeyd yoxdur.
“Əgər fövqəladə vəziyyət elan olunsa, 31 mart seçkilərinin nəticələrini ləğv etmək və fövqəladə vəziyyət bitəndən sonra seçki üçün yeni tarix təyin etmək lazım gələcək”, – Xaratyan hesab edir.
Onun sözlərinə görə, indi Ermənistanda və Artsaxda siyasi qüvvələrlə məsləhətləşmələr aparılır.
“İkinci tura getmək avantüraya bərabərdir”, – Xaratyan deyib.
Ermənistanın yeni hakimiyyətinin Mailyanı dəstəklədiyi ehtimal olunur, əvvəlkilər isə Harutyanın tərəfində idi
Ermənistanda yeni “inqilabçı” hakimiyyətə müxalif olan qüvvələr fəal şəkildə Qarabağda prezident seçkilərinin ikinci turunun keçirilməsini təbliğ edirlər. Onlar açıq şəkildə Qarabağ parlamentində çoxluğa sahib olmuş Araik Harutunyanı dəstəkləyirlər.
Bu qüvvələr bildirirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ üzərində nəzarəti ələ keçirmək və “oraya qərb qüvvələrini və Soros Fondunu gətirmək” üçün digər namizədi – Masis Mailyanı istifadə edir.
Məsələn, qarabağlı politoloq Aqasi Yenokyan “Ermənistan baş naziri Nikol Paşinyanın Artsaxa Yerevanın birbaşa idarəçiliyini yeridəcəyi” vəziyyətin yaranmasını da istisna etmir.
Nə baş nazirin özü, nə də onun komandasından kimsə bu ehtimalları şərh etməyib.
Ermənistanla federativ dövlətin yaradılması – Yerevan şərh etmir
Bu arada Qarabağda başqa təşəbbüs də başlayıb.
Təhlükəsizlik üzrə yerli ekspert Raçya Arzumanyan seçkilərin təxirə salınması və Ermənistanla vahid federativ dövlətin yaradılmasını nəzərdə tutan ümumi konstitusiyanın hazırlanması təklifi ilə çıxış edib.
Təşəbbüs hələlik Qarabağın özündə böyük müzakirəyə səbəb olmayıb. Yerevanda isə buna heç bir reaksiya gəlməyib.
Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil respublika kimi mövcuddur. Bu respublika Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlarda müharibə gedib. Bu müharidə atəşkəs sazişinin imzalanması ilə bitib, amma təmas xəttində atışma vaxtaşırı olaraq davam edir. münaqişənin hərbi fazası başlayandan sonra etnik azərbaycanlılar Qarabağı tərk edib. Azərbaycan müharibə nəticəsində zəbt edilən Dağlıq Qarabağ və ətraf əraziləri işğal olunmuş hesab edir və azad edilməsini tələb edir.
Münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçiliklə aparılan danışıqlar indiyə qədər nəticə verməyib. Burada sonuncu genişmiqyaslıhərbi əməliyyatlar – “aprel müharibəsi” və ya “dördgünlük müharibə” 2016-cı ilin aprelində baş verib. Nəticədə hər iki tərəfdən onlarla insan həlak olub.
Məqalə müəllifinin təklif etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik hesab edilməyən şərhləri silmək haqqını özündə saxlayır.