İkonavirus. Rusiyada dünya pandemiyasından kütləvi şəkildə müqəddəs nəşləri öpərək qorunurlar
Rusiyada Sankt-Peterburqun Kazan kilsəsində koronavirus epidemiyası təhlükəsinə baxmayaraq, artıq bir neçə gündür ki, minlərlə insan toplanır. Qüdsdən buraya Vəftizçi İohannın müqəddəs nəşinin qalıqları gətirilib və insanlar nəinki ona səcdə etmək, həm də toxunmaq və hamıya bir qaşıqdan müqəddəs su içərək təmizlənmək üçün gəlirlər.
Kilsə xadimləri əmin edirlər ki, heç bir yoluxma riski yoxdur. Əksinə, inanc insanları müdafiə edir. Baş verənləri Rusiyanın “Novaya qazeta” nəşrinin müxbiri izləyib:
Martın 10-da ilk səcdə günündə Kazan kilsəsi dodaqlarını kiçik təknənin (müqəddəs nəşin saxlanıldığı kiçik qutu) üzərini örtən şüşəyə toxundurmaq istəyən inanclı insanlarla dolu olub.
Qadınlar və kişilər, əllərindən tutduqları və arabada gətirdikləri uşaqlarla birlikdə, amma yaşlılar gənclərdən daha çox olub.
“Bizim inancımız var, anlayırsız?” – əl işi toxunma beretdə olan yaşlı xanım mənə anlatmağa çalışır. – “Siz hesab edirsiz ki, təhlükəlidir? Məgər Tanrı bizim burada yoluxmağımıza imkan verər? Verməz. Sakit durun.
Biz hamımız elə bir qaşıqdan təmizlənirik. Orada isə vərəmlilər də ola bilər, hətta QİÇS də.
Amma siz inanırsızsa ki, Vəftizçi İohann İsa Məsihi xaç suyuna salıb – sizdə hər şey normal olacaq”.
“Heç bir virus yoxdur”, – yanındakı gənc qadın müdaxilə edir. – “Bizim üçün, inanclılar üçün. Siz özünüz bilərsiz. Qorxursuzsa, bəlkə də heç burada durmamalısız”.
•Koronavirus Rusiyada: pnevmoniya hallarının şübhəli artımı
•Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər
•İranda koronavirusdan ölənlər üçün qardaşlıq məzarları – görüntülər peyklə çəkilib
Qalıqların saxlandığı təknəni öpmək, xaç çəkib, tez uzaqlaşmaq lazımdır ki, növbəyə düzülən digərləri də eyni ayini yerinə yetirə bilsin.
Bütün bu müddət ərzində təknənin yanında könüllü dayanır. O, öpülmüş şüşəni əski ilə silir – hərdən.
Kazan kilsəsi koronavirusa görə bu cür misilsiz təhlükəsizlik tədbirinə əl atıb.
Oradaca masa var, üzərində də lövhə: “Dini məsələlər üzrə məsləhətçi”.
“Nə koronavirus?”, – sualım məsləhətçini təəccübləndirir. – “Qulaq asın, bu, sadəcə cəfəngiyatdır”.
Məsləhətçinin sözlərinə görə, Vəftizçi İohannın nəşi inanclılar üçün koronavirusa rəğmən yox, məhz koronavirusa görə gətirilib.
“Çünki epidemiyadır, elə buna görə də buraya gəlmək vacibdir”, – o izah edir. – “Axı epidemiya mənəvi xəstəliklərlə də bağlıdır. Bizdə insanlar daha çox koronavirusdan ölmür. İntiharla həyatlarını bitirirlər. Xəstəliklərdən də ölürlər. Amma onlar elə əvvəllər də ölürdülər”.
Məsləhətçi məni əmin etdi ki, yeparxiyanın koronavirus pandemiyası zamanı inanclıların müqəddəs nəşin saxlandığı təknəni öpməsi ilə bağlı ən xırda tərəddüdü belə olmayıb.
Ümumilikdə 600 nəfəri saydığım növbə müqəddəs qalıqların önündən ən azı yarım saat ərzində keçdi. Kilsə müqəddəs qalıqlara səcdəyə gələnlərin üzünə martın 10-dan 17-ə qədər hər gün səhər saat 8-dən axşam 11-ə qədər açıqdır.
Sadə riyazi hesablama ilə bu qədər müddətdə nə qədər inanclı insanın əski ilə ara-sıra silinən şüşə üzərində öz bioloji izlərini qoyduğunu təxmin etmək mümkündür.
Eyni zamanda kilsədə daha bir növbə var, bir az daha kiçik: orada Müqəddəs Məryəmin Kazan ikonasını öpürlər.
Martın 16-da Rusiyada təhlükəli rəqəm qeydə alınıb – bir gündə 30 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bununla da xəstələnənlərin sayı 93 nəfərə yüksəlib. Rusiyada 15 min nəfərə yaxın insan müşahidə altında saxlanılır. Ölüm halları qeyd olunmayıb.
Martın 16-da Rusiya hökuməti dünyada koronavirus pandemiyası başlayandan bəri ilk dəfə bəzi profilaktik tədbirlər elan edib. Məktəblərdə üç həftəlik tətil elan olunub və məhdudiyyətlər tətbiq edilib: bir məkanda 50 nəfərdən artıq insan ola bilməz. Həmçinin iqtisadiyyata dəstək tədbirləri də açıqlanıb. 300 milyard rubl [3,5 milyard dollara yaxın] həcmində böhrana qarşı fond yaradılıb və koronavirus karantininə düşənlər üçün xüsusi xəstəlik ödənişinin edilməsi nəzərdə tutulub