“ABŞ-dan gedirəm, Ermənistanda yaşayacağam”. Dörd müxtəlif, amma oxşar hekayə
Diaspora işləri üzrə baş səlahiyyətlinin ofisindən bildirirlər ki, son il yarımda xaricdə yaşayan ermənilərin çoxu vətənə qayıdıb. Düzdür, dəqiq rəqəmlər hələlik təqdim olunmur.
«Axın inqilabdan [Ermənistanda «məxməri inqilab» 2018-ci ilin baharında baş verib – JAMnews] sonra müqayisə olunmaz dərəcədə artıb. İnsanlar o əhvalla gəlirlər ki, Ermənistan indi daha azad ölkədir – fəaliyyət göstərmək, işləmək, bizn es qurmaq üçün şərait daha yaxşıdır», – repatriasiya şöbəsinin rəisi Ohanes Aleksanyan deyir.
• Ermənilər Çinə yerli sakinlərə ingilis dilindən dərs deməyə gedirlər
• Ermənistanın əsas dayağı – diaspora
Diaspora üzrə baş səlahiyyətlinin ofisi dörd ay bundan əvvəl fəaliyyət göstərməyə başlayıb. Bu struktur yeni hökumətin kifayət qədər effektiv hesab etmədiyi və ləğv etdiyi diaspora nazirliyini əvəz edib.
Yeri gəlmişkən, yeni struktura vətənində yaşayıb işləmək üçün ABŞ-dan qayıtmış şəxslərdən biri rəhbərlik edir. Bu, Qlendeylin keçmiş meri, 43 yaşlı politoloq və hüquqşünas Zare Sinanyandır.
Zare Sinanyan
O, Yerevanda anadan olub və 1988-ci ildə ailəsi ilə birlikdə yaşamaq üçün ABŞ-a köçüb.
2019-cu ilin iyununda isə o, Ermənistana köçmək və burada diaspora işləri üzrə baş səlahiyyətli vəzifəsini tutmaq naminə Qlendeylin şəhər şurasının üzvü vəzifəsindən imtina edib.
Sinanyan Ermənistanın keçmiş hakimiyyətini sərt tənqid etməsi və 2018-ci ilin yazında “məxməri inqilab”ı və onun lideri Nikol Paşinyanı dəstəkləməklə məşhurlaşıb. Beləliklə, yeni hökumətin formalaşmasından sonra onun təyinatı gözlənilməz deyildi.
Hakimiyyət dəyişdikdən sonra Zare Sinanyan bildirib ki, diaspora ermənilərinin vətənə axını kifayət qədər realistikdir. Onun fikrincə, son illərdə emiqrasiyanın səbəbləri iqtisadidən daha çox psixoloji idi – indi isə bunlar neytrallaşdırılıb.
«Diaspora… ən azı 5 milyon insandır və onların heç olmasa 10 faizi Ermənistana qayıtsa.., bu zaman biz nəhəng axından, başqa sözlə, Ermənistanın yalnız qazana biləcəyi nəhəng kadr potensialından danışırıq».
Patrik Azatyan
Uğurlu dizayner Patrik Azatyan üçün vətənə qayıdış sosial şəbəkələrdə #ABŞ-dan gedirəm və #Ermənistanda yaşayacağam heşteqləri ilə qeydlərdən başlayıb. Bir ildən sonra isə onun “Facebook” səhifəsində şam yandırılmış tort şəkli və bu cür qeyd peyda oldu:
«Bu gün artıq bir ildir ki, Ermənistandayam / #repatriantınadgünü».
İndi 56 yaşlı Patrik Azatyan peşmandır ki, daha əvvəl qayıtmayıb:
«Mən həmvətənlərimlə birlkdə nəsə yeni bir şey yaradıram, özüm üçün yeni yol keçirəm. Bu, ən vacib amildir və bu barədə danışmaq lazımdır. Amerikada insanlar işləyir, onların evləri, maşınları var, uşaqları universitetə gedir. Bu, normal həyatdır. Lakin həyat bundan da artıq ola bilər. Mənim üçün rahatlıq bu modeldən kənardadır. Əgər hər gün Ermənistan haqqında düşünürsənsə, Ermənistan barədə oxuyursansa, Amerikada qalmağın nə mənası var?»
Ermənistanda Patrik dizayn studiyası açıb. Danışır ki, əməkdaşları – yerli sakinlər – ona təsir edir, tədricən onu dəyişir, o isə öz növbəsində onları dəyişir. Nəticədə, bir-birlərinə öyrəşiblər, komandaya çevriliblər.
Onun sözlərinə görə, Ermənistana turist kimi gələndə mehmanxanada yaşayırsan, küçələrdə erməni dilini eşidirsən, kafeyə gedirsən, hər şey xoş gəlir:
«Lakin yaşamaq üçün qalanda mənfi təzahürləri görməyə başlayırsan. Bu, təəssüflənmək demək deyil, xeyr. Sadəcə, bütün bunlarla yaşamağa başlayırsan.
İnsanlar məndən soruşurlar: “Köçdüyünə görə peşman deyilsən? Mənfi təzahürlər var?” Mən peşman deyiləm. Mənfi təzahürlər isə var, bəli, var. Bəzi repatriantlar deyir ki, onların Ermənistanda xeyli çətinlikləri olub, lakin onlar dözüblər və yaşayırlar. Söhbət hansı çətinliklərdən gedir? Su var, elektrik də var, supermarketlər də. Hər şey var. Çətinliklər mənim üçün vətəndaşlara mənfi təsir göstərən amillərdən – ədalətsizlikdən, bərabərsizlikdən ibarətdir».
Patrik deyir ki, valideynləri ABŞ-da qalıb və onun Ermənistana köçməsi ilə bağlı çox həyəcan keçiriblər:
«Onlara dedim: özünüz məni belə tərbiyə etmisiniz. Sən erməni kimi və ya başqa millətin nümayəndəsi kimi anadan olmursan, sənə bunu öyrədirlər və o zaman bu, əhəmiyyətli amilə çevrilir. Sən artıq özün özünə izah edə bilmirsən ki, sən üçüncü nəsildə amerikalısan və Ermənistana heç bir aidiyyatın yoxdur. Budur, mən də qayıtdım və Ermənistanda yaşayacağam».
Yeva Adalyan
Yevanın 45 yaşı var. O, 1992-ci ildə ailəsi ilə birlikdə Ermənistandan ABŞ-a gedib və orada 26 il yaşayıb:
«Elə bir yaş dövrü yetişir ki, sənin dəyərlər sistemin dəyişir. Mən Ermənistanda yaşayan insanlara həsəd aparırdım. Amerikadakı həyat streslə doludur. Uzaqdan o, başqa cür – asan və qızıl görünür. Bəli, bu ölkə bir çox imkanlar açır, lakin nəticədə elə bir nöqtəyə gəlirsən ki, oyun ona sərf olunan səylərə dəyməzdi».
Yeva danışır ki, ən çox qorxduğu Ermənistana qayıdış barədə söhbətə ərinin verəcəyi reaksiya olub. Lakin o da, Yevanın valideynləri də bu qərarı sevinclə qarşılayıblar. Nəticədə, bütün ailə vətəninə qayıdıb.
Yeva qrafik dizaynerdir, lakin 2000-ci ildə zərgərlik işi ilə məşğul olmağa başlayıb. Deyir ki, mağaza açmaq və öz zinət əşyalarını sərgiləmək istədiyi yeganə şəhər Yerevandır:
«Hələlik müştərilər mənə öz sifarişlərini onlayn rejimdə verirlər. Lakin artıq bu il mağazam açılacaq.
Ermənistana qayıtmazdan əvvəl məndə təşviş vardı – tezliklə qayıtmaq və öz ölkəmdə gənclik illərimi yaşamaq istəyirdim. Mən gecikməkdən qorxurdum, mənə elə gəlirdi ki, Ermənistandan geri qalıram. Elə ruh yüksəkliyi ilə qayıtmışdım ki, eyforiya hələ də keçmir».
Dekabrda Adalyanların vətənə qayıtmalarından bir il ötəcək. Yeva Ermənistanda nələri dəyişmək istədiyini qeyd edir:
«İnsanlar üçün gülümsəmək, təşəkkür etmək və ya üzr istəmək problemdir. Biz daim nəsə tələb edirik, qəzəblənirik və şikayətlənirik. Küçədə tüpürən və siaret kötüklərini yerə atan həmin insanlar meriyanın pis işləməsindən şikayət edirlər. Elə həmin bu ermənilər Amerikada qanuna riayət edən insanlara çevrilirlər. Başqa sözlə, mən kor olduğumu demək istəmirəm, bütün çatışmazlıqları görürəm, lakin hər gün mən güzgünün qarşısında durub özümə deyirəm: qayıtdığımıza görə çox sağ ol.
Haxverdyanın mahnısının sözləri ilə deyə bilərəm: “Mən səni sevirəm…, Yerevanım. Dünyanın o biri başına getməlisən ki, bu sözləri dərk edəsən”».
Anait Aramuni Keşişyan
Anait Aramuni artıq dörd aydır ki, Ermənistanda yaşayır. Onun üçün bu, vətənə ikinci qayıdışdır. İlk dəfə 1974-cü ildə valideynləri ilə birlikdə o, İrandan vətənə qayıdıb. Sovet İttifaqında 10 il yaşadıqdan sonra onlar ABŞ-a köçüblər.
Filoloq və teatr xadimi Anait Aramuni əmindir: bu dəfə o, Ermənistana, ilk növbədə, “yaxşı həyat” üçün qayıdıb. Vətən və vətənpərvərlik ikinci plandadır.
«Amerikada mənim başqa yaxşı həyatım var idi: böyük evim, yaxşı maşınım. Lakin “yaxşı həyat” dedikdə mən bir az başqa şey düşünürəm. Ermənistanda son illərdə gözəl insani münasibətlər təzahür edir və bu ölkəni çox cəlbedici edir. İnsanın elementar tələbatlarından biri ünsiyyətdir. Varlı və təmtəraqlı həyatda bizim itirdiyimiz məhz budur», – uzun illər ərzində Kaliforniya universitetində dərs demiş Anait deyir.
Etiraf edir ki. tələbələri və öz evi üçün darıxır:
«Əksəriyyəti mənim “Facebook” səhifəmi izləyirlər, mənim 10 mindən artıq tələbəm vardı. Təsəvvür edin ki, onlar baxırlar və fikirləşirlər: Anait getdi, görək, nə deyəcək. Bir çoxları qayıtmaq istəyir, lakin insanlar qorxur. Mən hələ orada olanda məndən əvvəl qayıdanları izləyirdim».
Anait də yeni yaşayış yerini və onu əhatə edən insanları kənar adamın baxışları ilə dəyərləndirir. Nəyəsə öyrəşir, adət edir, lakin eyni zamanda, tələb edir ki, yerli sakinlər də nədəsə dəyişsinlər.
«Həyətimizin babaları hamısı mənim dostlarımdır, halbuki onlarla dəfələrlə mübahisə də etmişəm, dalaşmışam. Bir dəfə hətta mənə dedilər: “Yığış və get burdan”. Mən istəyirəm ki, bina təmiz olsun, dalaşıram, irad tuturam. Mən həyətdə inqilab etməyə başladım, divarlara elanlar yapışdırırdım ki. adamlar oxusunlar və həyəti zibilləməsinlər, siqaretlərini bunun üçün ayrılmış yerdə söndürsünlər. Yalnız bir qərar ola bilər – insanları zibili yerə atdıqları üçün cərimə etmək lazımdır», – Ermənistanın yeni sakini qətiyyətlə bildirir.
Anait həmişəlik qayıtmaq qərarını bir saatın içində verməyib, 1995-ci ildən başlayaraq hər il Ermənistana gəlib, ölkədəki dəyişiklikləri izləyib:
«Ölkənin daxilindəki adamlar çox şeyə diqqət etmirlər, lakin sən mütəmadi olaraq gəlirsənsə, bu dəyişiklikləri görürsən – həm cəmiyyətdə, həm də ümumilikdə ölkədə. Mən vətənimdəki dəyişikliklərdən ruhlanıram. Diaspora erməniləri qayıdanda onlara bu ölkədə yaxşıdırsa, onlar yüz faiz bu xalqın borclusudur, çünki o, qanı ilə, canı ilə bu torpağı qoruyub saxlayıb. Bizim də bu ölkəni inkişaf etdirmək üçün öz təkliflərimiz olmalıdır».