Erməni əsgər Qarabağda təmas xəttindən Azərbaycan ərazisinə keçib. Yenilənib
Yenilənmə
13 avqust 12.30
Ermənistanın müdafiə naziri məsələ ilə bağlı şərh verib:
“Hazırkı mərhələdə istintaq aparılır. Amma şəxsən mən əminəm ki, bizim hərbçimiz yolunu azıb”.
David Tonoyan bəyan edib ki, Azərbaycan mediasında Araik Kazaryanın hərbi hissədə sıxışdırılması və buna görə hərbi hissəni tərk etməsi haqda yazılan məlumatlar “Azərbaycan tərəfinin adi təbliğatıdır”. O, Bakını bu informasiya kampaniyasına son qoymağa çağırıb.
Müdafiə naziri bildirib ki, Ermənistan tərəfi erməni əsgərin müdafiəsi və geri qaytarılması üçün artıq müxtəlif beynəlxalq strukturlara, o cümlədən də Belnəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
12 avqust
Erməni ordusunun hərbçisi döyüş mövqeyi ərazisini tərk edib və Azərbaycan ərazisinə keçib. Bunun hansı şəraitdə baş verməsi barədə məlumat verilmir.
Yerevandan məlumat
Bu ana qədər nə məlumdur
Dağlıq Qarabağın müdafiə ordusu erməni hərbçinin Azərbaycan ərazisinə keçidini təsdiq edib:
“Avqutun 12-də, təxminən saat 12:00-da Müdafiə ordusunun cənub-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin mühafizə zonasından hələlik aydınlaşdırılmamış şəraitdə hərbçi, 2000-ci il təvəllüdlü Araik Kazaryan döyüş mövqeyini tərk edib”.
Erməni ekspertlər hələlik hadisəni şərh etmirlər – məlumat çox azdır.
Sosial şəbəkələrdə də bununla bağlı, demək olar ki, şərh yoxdur. Bu barədə fikir bildirmiş bir neçə insan baş verənlərlə bağlı təəssüflənir və yazırlar ki,
• Hadisədən Azərbaycan tərəfi Dağlıq Qarabağın Silahlı Qüvvələrinə tərəf “daş atmaq” üçün istifadə edəcək,
• Araik Kazaryan fərari və diversant elan olunacaq.
Araik Kazaryan kimdir?
Azərbaycanın ərazisinə keçmiş hərbçinin on doqquz yaşı var. O, orduda xidmətə 2019-cu ilin yanvarında çağırılıb.
Ermənistan mediası qeyd edir ki, Araikin Ermənistanın Silahlı Qüvvələrində müqavilə ilə xidmət edən qardaşı var. Həmçinin bildirilir ki, əsgər lap bu yaxnlarda məzuniyyətdə olub və orduya yaxşı əhval-ruhiyyədə qayıdıb. Xidmətdən, ordunun gündəlik həyatından və hərbçi yoldaşları ilə münasibətlərdən şikayətlənməyib, bundan savayı, xidmət etdiyi hərbi hissədən yaxşı təəssüratları olub.
Bakıdan məlumat
Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, avqustun 12-də səhər cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbçisi Aro Kazaryan saxlanılıb.
Kazaryanın ifadəsi alınıb və müəyyən edilib ki, o, öz hərbi hissəsindən “özbaşınalığa, hərbçilərə qarşı dözülməz və qeyri-insani münasibətə” görə fərarilik edib. Bu barədə Report Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən yazır.
Bəyanatda o da qeyd olunur ki, Kazaryanın başında və bədənində çoxsaylı yaralar və hematomalar aşkar edilib və ona tibbi yardım göstərilib.
Araşdırma aparılır.
Açıq mənbələrdə başqa heç bir məlumat və ekspertlərin şərhləri yoxdur.
Sosial şəbəkə istifadəçilərinin reaksiyasını üç əsas istiqamətə bölmək olar:
• aqressiya;
• gənc əsgərə şəfqət hissi;
• güman olunur ki, bu yolla Kazaryan üçüncü ölkəyə köçməyə cəhd edir.