“Pulumuz ödənməmiş getməyəcəyik” — Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstana aid hissəsində tətil
Artıq bir aydır ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstana aid hissəsində tikinti işləri dayandırılıb.
Səbəb ondadır ki, artıq dörd aydır ki, Azərbaycanın “Dəmiryol” şirkəti yolun tikintisində işləyən fəhlələrə maaş ödəməyib. Şirkət borclu olduğunu etiraf edir, pulu da ödəməkdən boyun qaçırmır, amma konkret müddət də göstərmir.
Fəhlələr narahatdır ki, müqaviləyə əsasən Gürcüstanı bu yaxınlarda tərk etməli olan şirkət axırda maaşlarını verməyəcək. Buna görə də son ayın böyük hissəsini işləməkdən imtina edirlər.
İyulun 23-də fəhlələr Türkiyədən “Axalkalaki” stansiyasına gələn yükün daşınmasını dayandırdılar və ancaq şirkətin yaxın günlərdə borcun ödəniləcəyi ilə bağlı növbəti vədlərindən sonra işlərini davam etdirdilər.
Bakı-Tbilisi-Qars dəmir yolu beynəlxalq ambisiyalı layihənin bir hissəsidir, ideyası Gürcüstan vasitəsilə Azərbaycanın və Türkiyənin dəmir yollarını birləşdirmək və bununla da Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Avropaya qədər daha ucuz və qısa alternativ nəqliyyat dəhlizi yaratmaqdır.
Bu strateji əhəmiyyətli yolun böyük parçası Gürcüstanın daha çox etnik erməni əhalisinin yaşadığı Cavaxeti regionundan keçir.
Əvvəlcədən Cavaxetidə bu layihəyə qarşı idilər.
Yerli erməni əhalisi üçün əsas problem ondan ibarət idi ki, Bakı-Tbilisi-Qars marşrutu Azərbaycanda fokuslanır və Ermənistanı istisna edir.
Problem həm də onda idi ki, yol ən münbit torpaqların – əkin sahələri və otlaqların üstündən keçir.
Amma total işsizliyin hökm sürdüyü regionda iş yerlərinin yaradılması perspektivi bütün mənfi tərəfləri üstələdi.
Hələ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlamazdan əvvəl hökumət söz verdi ki, Cavaxeti sakinləri üçün tikinti və gələcəkdə istismarla bağlı çox sayda iş yerləri açılacaq.
Camaat ümid edirdi ki, işlə təmin olunmaq mənasında layihə bir çox yerli sakinlərin işlə təmin olunduğu Rusiya hərbi bazasının alternativi olacaq.
Amma bu gün, dəmir yolu ilə artıq ilk yüklər daşınan zaman yerli əhali aldadıldığını deyir.
Yerli əhali deyir ki, regionda işləri həyata keçirən Azərbaycan və Türkiyə şirkətləri “özlərininkini” cəlb etməyi üstün tutur.
“Yerli erməniləri işə götürmürlər. Özlərinin azərbaycanlı fəhlələrini Bakı və Marneulidən (Gürcüstanın etnik azərbaycanlıların kompakt yaşadığı rayonu) gətirirlər”, — burada deyirlər.
Ninotsminda rayonunun dəmir yolunun əkin sahələrindən keçən Kulalis kənd sakinlərinin sözlərinə görə, yerlirlərdən fəhlələrin ümumi sayı iyirmi nəfərdən çox deyil, konkret onların kəndindən cəmi səkkiz adam işləyir.
Onlardan biri Aşxarabek Xaçatryandır. Onun 30 yaşı var. Aşxarabek dəmir yolunun tikintisi başlayan gündən burada qaynaqçı işləyir.
Yeddi nəfərdən ibarət ailəyə yeganə pul gətirən odur. Valideynləri pensionerdir, xanımı və qardaşı əlildir, 4 uşaq böyüdür. Bu yaxınlarda həyat yoldaşı əməliyyat olunub, indi tarlada da işləyə bilmir. Çoxsaylı ailə dörd ay ərzində hər gün Aşxarabekin nə vaxt maaş alacağını gözləyir.
“Dəmiryol” şirkəti ona 6 min lari (təxminən 2 min dollar) borcludur.
“Bu şirkətin gürcü filialı tezliklə burada bağlanır və Gürcüstanı tərk edir, onun əvəzinə Türkiyənin “Polat” şirkəti gələcək. Aydındır ki, “Polat” başqa şirkətin borcunu bağlamayacaq. Kim bizə kömək edəcək?”, — deyə Aşxarabek sual verir.
Axşarabek Kulalis kəndində maaşı gözləyən yeganə adam deyil.
Vladimir Arabyan gündə 80 lariyə öz yük maşını ilə daş və qum daşıyıb. O, da tətil elan edib bə artıq üçüncü gündür ki, işə çıxmır.
“Mən təkcə öz vaxtımı xərcləyib, işləməmişəm, həm də yük maşınımı xarab eləmişəm. Pulsuz nə qədər işləmək olar?”, — Vladimir danışır.
Borclu qalan şirkətə qarşı təkcə yerli ermənilər deyil, həm də Bakı və Marneulidən gələn azərbaycanlı işçilər də etiraz edir. Onların maaşı görülən işdən asılı olaraq, əsasən, 600-1500 laridir (təxminən 200-520 dollar).
Şirkət ağır əməyə görə maaşları hər dəfə gecikdirdiyinə görə, yerli əhali arasında dəmir yolu layihəsinin özünə qarşı narazılıq da artmaqda davam edir.
Regionda yenidən dəmir yolu layihəsinin onların ziyanına tikildiyini deyirlər.
Kəndin mərkəzində toplaşan kişilər dəmir yolunun onlara hansı xeyirin gətirdiyini müzakirə edirlər.
“Nə xeyir, ancaq ziyanı var. Bütün tarlalar zay olub, mal otarmaq üçün otlaq yoxdur, becərmək üçün torpaq yoxdur, xeyrimiz nədir?”
“Bizi işə götürmürlər, işə götürdüklərinə də maaş vermirlər”
“Yalandan adamların torpaqlarını əllərindən aldılar. Kəndlini torpağını satmağa məcbur edirlərsə, o, necə yaşamalıdır?”
“Əvvəlcə torpaqlarımızı satmağa razı olmurduq, məhkəmələrdə sürünməyə başladıq, nələr oldu, ta təhdidlərə qədər, amma axırda məqsədlərinə çatdılar. Torpaqlarımızdan imtina etməyə məcbur olduq. Əvəzindəsə bizə heç iş yeri də vermirlər”, — kənd birjasında müzakirələr gedir.
Ninotsminda rayonunun Kulalis kəndində minə yaxın adam yaşayır və 110-a yaxın təsərrüfat var. Burada dəmir yolu xətti kənddən şəhərə aparan yolu bağlayıb.
Axalkalaki rayonunda da vəziyyət eynidir, burada dəmir yolu dörd kənddən keçir: Karsax, Dadeş, Bozalı və Sulda. Dəmir yolunun uzunluğu 25 kilometrdir və demək olar ki, bütün yol əkin sahələrindən keçir.
Axalkalakinin yerli büdcəsi artıq dördüncü ildir ki, dəmir yolundan vergi alır.
Bu 4 il ərzində Axalkalakinin yerli büdcəsinə təxminən 20 milyon lari (7 milyon dollara yaxın) daxil olub, amma dəmir yolunun keçdiyi kəndlərdə əhəmiyyətli müsbət dəyişikliklər hiss olunmur.
Bu kəndlərdə sakinlər əvvəlki kimi problemləri sadalayır: pis yollar, içməli su, otlaq azlığı və s.
Yerli əhali şikayətlənir ki, ziyandan başqa onlar bu layihədən heç bir xeyir görməyiblər.
Axalkalaki Sakrebulosunun sədri Nairi İritsyan bildirib ki, tikintidən yerli büdcə təxminən 5-6 milyon lari həcmində vergi alır. Bu pullar da bütün bələdiyyəyə paylanır:
“Bu məbləğdən hansısa hissə bu kəndlərə verilə bilər, çünki dəmir yolu onlardan keçir. Misal üçün, ötən il biz Dadeş kəndində uşaq bağçası tikdik, bu il Sulda kəndində uşaq bağçasını təmir etdirdik”, — o deyir.
İritsyan deyir ki, ümumilikdə dəmir yolunun istismarından yerli iqtisadiyyat demək olar ki, heç bir yüngüllük hiss etmədi.
“Dəmir yolu asta tempdə işləyir. Biz onu demək olar ki, hiss etmirik. Hələlik ancaq on vaqon buğda və arpa aparıb gətirir, onu da gecələr, biz bunu heç görmürük də”, — o deyir.
Onun sözlərinə görə, layihə regionda yeni iş yerləri də açmayıb.
“Gözləntilər böyük idi, minlərlə iş yerinin açılacağını, yerlilərin bu işə götürüləcəyini, infrastrukturun dəmir yoluna uyğun inkişaf edəcəyini vəd edirdilər, ümid edirdilər ki, özəl sektor bizneslə məşğul olacaq, mehmanxana və başqa şeylər”, — İritsyan deyir.
Amma yolun tikintisinə cəlb olunan Gürcüstanın “Marabda Axalkalaki” şirkətində deyirlər ki, hələlik xeyirdən danışmaq tezdir, çünki dəmir yolu hələ test rejimində işləyir.
Gürcüstanda iki stansiya tikilib: Axalkalaki və Kartsaxi.
“Kartsaxi” stansiyasında işlər bitib, amma onu hələ açmayıblar. Axalkalaki stansiyası ərazisində hələ iş gedir.
Yol ildə 5 milyon ton yükün daşınması üçün nəzərdə tutulub. Amma hələlik bu yoldan orta hesabla həftədə bir-iki dəfə cəmi bir neçə vaqon keçir.
Sərnişin qatarlarına gəlincə, buradan hələ sərnişin qatarları keçmir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmaları bu ilin ikinci rübündə başlamalı idi.
İsveçrədən sınaq sərnişin vaqonları Axalkalakiyə 24 mart 2019-cu il tarixində gəliblər. Bu vaqonları “Azərbaycan Dəmir Yolları” “Stadler” şirkətindən sifariş verib. Onlar Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşıyacaqlar.