Bakıda etiraz aksiyası: jurnalistlər ölkədən çıxışlarına qoyulmuş qadağanın götürülməsini tələb edirlər
Mayın 3-də səkkiz jurnalist Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin binasının qarşısına toplaşaraq, ölkədən çıxışlarına qoyulmuş qadağanın götürülməsini tələb ediblər. Qadağa 2015-ci ildə qoyulub, belə ki, bu jurnalistlərin adları Azərbaycanda bloklanmış Meydan TV saytının işi üzrə şahid qismində keçir. İdarə rəisi Eldar Əhmədov etiraz edənləri qəbul edib və bildirib ki, onların məsələsi üzrə “iş aparılır”. Bu barədə xəbəri Azadlıq Azadlıq azadlıq.org verib.
MeydanTV işi
MeydanTV “mənzil-qərargahı” Berlində yerləşən müstəqil Azərbaycan mediasıdır. 2013-cü ildə yaradılmış bu sayt Azərbaycan hakimiyyətinin ünvanına sərt tənqidi ilə məşhurdur.
• Azərbaycanda jurnalist olmaq nə deməkdir
2015-ci ildə ona qarşı cinayət işinə başlanıb. Sayt xarici media üçün akkreditasiya qaydalarını pozmaqda ittiham olunub. MeydanTV ilə əməkdaşlıq edən bir neçə nəfər şahid kimi işə cəlb ediliblər və “stop” siyahısına düşüblər – bu siyahıya ölkədən çıxışlarına qadağa qoyulmuş şəxslər daxildir. Halbuki, qanuna əsasən, bu cür qadağa şahidlərə tətbiq edilə bilməz.
2016-cı ildə MeydanTV bir neçə digər saytla birlikdə Azərbaycan ərazisində bloklandı və buna səbəb kimi “ictimai sabitliyin pozulmasına yönəlmiş destruktiv hərəkətlər” göstərildi.
Ölkədən çıxışlarına qadağa qoyulmuş jurnalistlər dəfələrlə bu məsələyə etirazlarını bildiriblər. Onlar hətta Avropa İnsan Haqları Məhkəməsinə iddia ərizəsi veriblər – 2018-ci ilin dekabrında AİHM bu insanlar barəsində hüquqların pozulması faktını təsbit edib və Azərbaycan hökumətinin onlara kompensasiya ödəməsi barədə qərar çıxarıb, lakin bu öhdəlik hələlik yerinə yetirilməyib.
• İddia ərizəsi və AİHM-nin qərarı barədə daha ətraflı
Aksiyanın təfərrüatları
Ümumdünya mətbuat azadlığı günündə Bakıda keçirilmiş aksiyada yeddi jurnalist onlara tətbiq edilmiş ədalətsiz qadağanı götürməyi tələb ediblər. Aksiyanın səkkizinci iştirakçısı yazıçı Rasim Qaraca olub ki, onun MeydanTV ilə əməkdaşlığı ədəbiyyat haqqında üç məqalə ilə məhdudlaşır.
İdarənin binası önünə etirazçılar plakatlarla gəlib və “Stop”a stop!”, “Sərhədli reportyor olmaq istəmirik” [mətbuat azadlığının müdafiəsi ilə məşğul olan məşhur “Sərhədsiz reportyorlar” təşkilatının adına istinadən] şuarları səsləndiriblər.
«Əgər hakimiyyət hesab edirsə ki, bu cür məhdudiyyətlərlə müstəqil mətbuatın fəaliyyətinə mane ola biləcəklər, onlar yanılırlar», – iştirakçılardan biri Sevinc Vaqifqızı deyib.
Onun həmkarı Aynur Elgünəş deyib ki, bu yaxınlarda səhhətinə görə onun qadağasını götürüblər, lakin buna qədər çoxsaylı vəsatətlər olub.
Etirazçılar gətirdikləri plakatları binanın divarına yapışdırıbıar, lakin polis əməkdaşları onları qopararaq aparıblar. Bu, polislə aksiya iştirakçıları arasında toqquşmaya gətirib çıxarıb.
Sonradan daha bir polis əmıkdaşı peyda olub, özünü Dəmiryolunun nümayəndəsi kimi təqdim edərək deyib ki, aksiyanı razılaşdırmaq lazım idi.
Nəticədə, etirazçıları İstintaq İdarəsinin rəisi Eldar Əhmədov qəbul edib. Ondan eşitdiklərini jurnalist Natiq Cavadlı dilə gətirib:
«Bizə dedilər ki, proses gedir. Aynur Elgünəşə tətbiq edilmiş qadağa artıq götürüıüb və bizim barəmizdə də iş aparılır. Yəqin ki, yaxın günlərdə bizə cavab verəcəklər. Hesab edirəm ki, bu ümidvericidir. Gözləyək».