NATO-nun hərbi gəmiləri Gürcüstanda
Aprelin 1-də Gürcüstanın ərazi sularına NATO-nun daimi ikinci birləşməsinin (SNMG2) gəmiləri daxil olub. Şimali Atlantika Alyansı ölkələrinin hərbi dəniz qüvvələri Gürcüstanın sahil mühafizəsi qüvvələri ilə birgə təlim keçir.
Dostca ziyarət
NATO-nun ikinci hərbi dəniz birləşməsinin tərkibinə HNLMS Evertsen (Niderland Krallığı) flaqman gəmisi, həmçinin TCG Yıldırım (Türkiyə Respublikası) üzən vasitələri, BGS DRAZKI (Bolqarıstan) və ROS Regele Ferdinand (Rumıniya) daxildir. Birləşməyə komandor Budeveyn Buts rəhbərlik edir.
Səfər çərçivəsində komandor Gürcüstanın sahil mühafizəsinin komandanı ilə görüşüb. Digər işgüzar görüşlər, o cümlədən mədəni və idman tədbirləri də baş tutacaq.
SNMG2 NATO-nun ikinci dəniz birləşməsinin gəmiləri Gürcüstanı aprelin 4-də tərk edəcək.
•NATO baş katibi: Gürcüstan NATO üzvü olacaq, heç kimin buna mane olmaq hüququ yoxdur
•Medvedyev: Gürcüstanın NAO-ya daxil olması fəlakətlə nəticələnəcək
NATO-nun Qara dənizdəki planları
Alyansın komandoru Budeveyn Butsun sözlərinə görə, Rusiyanın təcavüzkar siyasəti NATO-nu Qara dəniz regionunda nümayəndəliyi böyütməyə və Gürcüstanla münasibətləri möhkəmləndirməyə vadar edir.
“Mənim üçün Rusiyanın sərhədlərin dəyişdirilməsinə dair zorakı addımları qəbuedilməzdir və bu vəziyyəti nəzərə alaraq, Rusiyanın təcavüzkarlığını nəzərə alaraq biz Qara dəniz regionunda nümayəndəliyimizi böyüdəcəyik. Bizim məqsədimiz Gürcüstanla münasibətlərin möhkəmləndirilməsidir. Biz daha əvvəl də Gürcüstanın hərbi dəniz qüvvələri ilə birgə təlimlər keçirmişik, gələcəkdə də bunu davam etdirmək niyyətindəyik”, – Budeveyn Buts bəyan edib.
NATO-nun baş katibi Yens Stoltenberq alyansın Vaşinqtonda keçirilməsi planlaşdırılan nazirlər toplantısından öncə baş tutan mətbuat konfransında Gürcüstanda keçirilən təlim mövzusuna, həmçinin Qara dəniz regionunda təhlükəsizlik məsələsinə toxunub.
“Deyə bilərəm ki, nazirlər toplantısında təlimlə bağlı razılaşma əldə ediləcək. Bir həftə öncə mən şəxsən NATO-Gütcüstan təlimlərində iştirak etmişəm. Söhbət həm də dəniz qüvvələrinin təlimindən gedir. NATO Gürcüstana sahil mühafizəsinin gücləndirilməsində kömək edir və biz daha böyük yardım imkanlarını nəzərdən keçirəcəyik. Ötən il NATO gəmiləri Qara dənizdə 100 gündən çox zaman keçirib, bu da 2017-ci illə müqayisədə daha çoxdur. Vəziyyətin daha yaxşı təsəvvür olunması üçün informasiya mübadiləsi vacibdir”, – Yens Stoltenberq bəyan edib.
NATO Gürcüstanda
Poti limanında keçirilən təmtəraqlı görüş mərasimində Gürcüstan Daxili İşlər Nazirliyi sərhəd polisinin rəisi Temur Kekelidze, Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkieviç, NATO rabitə zabiti, polkovnik Qintaras Baqdonas və NATO hərbi dəniz qüvvələrinin ikinci daimi birləşməsinin komandanı, komandor Budeveyn Buts iştirak edib.
“Bizim ölkəmiz üçün NATO-ya daxil olmaq çox vacibdir. Bu, ölkəmizin təhlükəsizliyinin zəmanəti və uzun illər boyu ölkəmizin sadiq qalmağa çalışdığı kursun davam etdirilməsi deməkdir”, – Sameqrelo-Zemi Svaneti regionunda dövlətin səlahiyyətli nümayəndəsi Aleksandr Motserelia bəyan edib.
NATO gəmilərinin ölkəyə gəlişindən bir neçə gün əvvəl, martın 25-də NATO baş katibi Yens Stoltenberq, iki gün sonra isə NATO-nun hərbi komitəsi tam tərkiblə Gürcüstana səfər edib. 28-29 martda Vazianidə NATO ölkələrinin hərbçiləri ilə Gürcüstan silahlı qüvvələrinin birgə təlimi keçirilib.