Ermənistan xarici işlər nazirinin müavini Türkiyədə keçirilən forumda: "Ermənistan Avropaya körpüdür"
Ermənistan XİN rəhbər müavininin Antalyada çıxışı
“Bu gün Cənubi Qafqazda sabitlik bizim əsas rəqabət üstünlüyümüzdür”, – Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Antalyada keçirilən diplomatik forum çərçivəsində təşkil olunmuş panel müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, hər tərəfdə qeyri-sabitliyin hökm sürdüyü, təchizat zəncirlərinin pozulduğu və müharibələrin getdiyi bir vaxtda Cənubi Qafqazın hazırda dünyanın ən sabit regionlarından biri olduğunu anlamaq onun üçün “hətta təəccüblüdür”.
“Təchizat zəncirlərindəki pozuntular əbədi davam etməyəcək. Biz kifayət qədər düşünülmüş davranmalı və bu rəqabət üstünlüklərimizi reallaşdırmaq üçün operativ hərəkət etməliyik”, – o deyib.
“Cənubi Qafqaz: formalaşan strateji qovşaq” adlı panel müzakirəsində Azərbaycan prezidentinin administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev, Gürcüstan hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani və Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Kılıç da iştirak edib.
Vaan Kostanyan regionun dörd nümayəndəsinin bir araya gələrək əməkdaşlığı və gələcəyə dair ortaq baxışı müzakirə etməsini simvolik hesab etdiyini bildirib.
Müzakirə zamanı o, Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Ermənistanın Avropa inteqrasiyası perspektivlərinə də toxunub. Aşağıda onun çıxışının əsas tezisləri təqdim olunur.
- Moskvada Paşinyan-Putin görüşü: aktual problemlərin müzakirəsi üçün işgüzar səfər
- Ukraynadan sonra Rusiyanın növbəti hədəfi Mərkəzi Asiya və Cənubi Qafqazdır?
- Paşinyan: “Biz RF-yə qarşı hərəkət etməyəcəyik, lakin hər zaman Ermənistanın maraqları naminə hərəkət edəcəyik”
Azərbaycanla sülhə nail olmaq siyasi cəsarət tələb edib
“Keçən ilin 8 avqustunda Vaşinqtonda baş tutan tarixi hadisə [ABŞ prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin görüşü] təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün region, o cümlədən Gürcüstan və Türkiyə üçün dönüş nöqtəsi olacaq. Bu, hərtərəfli bir prosesdir.
Necə ki, sülhə nail olmaq siyasi cəsarət və qərarlar tələb edirdi, indi də irəli getmək üçün yeni, çox mühüm siyasi qərarlar qəbul etməliyik ki, regionda kommunikasiyaları açaq, ölkələrimiz arasında əlavə bağlılıq yaradaq, eyni zamanda Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında körpü və maneəsiz əlaqə kanalı olaq.
Nəticə etibarilə, sabitlik və sülh ötən il Azərbaycanla münasibətlərimizdə baş verən inkişaflar üçün çox vacib amillər olub.
Düşünürəm ki, Hikmət [Hacıyev] mənimlə razılaşacaq ki, aramızda sülh Ermənistan və Azərbaycanın müstəqilliyinin, həmçinin Ermənistan və Azərbaycanın suverenliyinin ən mühüm təminatıdır.
Sabitliyin və sülhün qurulması gündəlik diqqət tələb edir. Biz hər gün sülhün institusionallaşdırılmasına investisiya etməliyik.”
Ermənistanın marağındadır iqtisadiyyatı diversifikasiya etmək və nəqliyyat qovşağına çevrilmək
“Vacib olan odur ki, biz [Ermənistan və Azərbaycan] iqtisadi əlaqələri qururuq. Artıq qeyd edildiyi kimi, Azərbaycanla ticarətə başlamışıq. Ümid edirik ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana bəzi məhsulların ixracına da başlayacağıq.
Enerji təhlükəsizliyi yalnız ikitərəfli deyil, həm də regional səviyyədə mümkün əməkdaşlığın ən mühüm komponentlərindən biridir. Qeyd edildiyi kimi, bu, Ermənistanın amerikalı tərəfdaşlarla birlikdə həyata keçirməyə hazırlaşdığı TRIPP [Trump route for international peace and prosperity – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”] layihəsinə də aiddir.
Söhbət multimodal nəqliyyat şəbəkəsindən gedir: dəmir yolları, avtomobil magistralları, həmçinin enerji şəbəkələri və boru kəmərləri.
Bu kontekstdə Ermənistanın enerji təchizatını diversifikasiya etmək, həmçinin ölkəni Mərkəzi Asiya və Azərbaycandan daxil olub Avropaya yönələn enerji resursları üçün tranzit qovşağına çevirmək marağımız var.
Qara dənizdəki sualtı layihə də bizim üçün maraqlıdır, çünki Ermənistan hazırda Cənubi Qafqazın üç ölkəsi arasında yaşıl enerji istehsalında ən böyük paya malikdir, Gürcüstan və Azərbaycan isə günəş enerjisinə iri investisiyalar yatıraraq və yeni atom elektrik stansiyasının tikintisini planlaşdıraraq bərpa olunan enerji güclərini artırmaq üzərində işləyir.”
Aİ ilə tərəfdaşlıq Ermənistan xalqının seçimidir
“Aİ ilə əməkdaşlıq bizim üçün ciddi əhəmiyyət daşıyır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropaya yaxınlaşmağa çalışan Ermənistan xalqının seçimidir. Hazırda biz Avropa İttifaqı ilə tədricən, yaxud sektorlar üzrə inteqrasiyaya başlamaq üçün müxtəlif istiqamətlərdə işləyirik.
Bu baxımdan, Gürcüstanın Avropa gələcəyi də bizim üçün həm coğrafi, həm də fəlsəfi nöqteyi-nəzərdən çox vacibdir.
Biz ötən il Ermənistanın Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qanun da qəbul etmişik və Ermənistan hökuməti bunu mərhələli şəkildə həyata keçirəcək.
Gələcəkdə, əgər biz Aİ-yə üzv ola bilsək… — və mənim türkiyəli həmkarım Türkiyənin təcrübəsini nəzərə alaraq gülümsəyir.”
Yeni ideyalara açıqlıq açıq sərhədlər tələb edir
“Mən hazırda 2028-ci illə bağlı planlar barədə danışa bilmərəm [Ermənistanın Aİ-yə üzvlük müddəti ilə bağlı suala cavab olaraq], çünki hesab edirik ki, hələ çoxsaylı islahatlar həyata keçirilməlidir.
Bizim üçün Aİ-yə inteqrasiya prosesi ilk növbədə islahatlardır. Bu, həm də ölkənin idarəetmə və iqtisadiyyat keyfiyyətinin və standartlarının yüksəldilməsi deməkdir.
Gələcəkdə Aİ-yə üzv olsaq (Türkiyənin Aİ üzvü olub-olmayacağını isə hazırda qiymətləndirə bilmirəm), bu, bizim üçün əlavə iqtisadi imkanlar da yaradacaq, çünki Türkiyə gömrük ittifaqının üzvüdür.
Lakin ümid edirik ki, Türkiyə ilə iqtisadi münasibətlərimizi inkişaf etdirmək və möhkəmləndirmək üçün bu qədər uzun gözləməli olmayacağıq.
Qeyd etməliyəm ki, bu panel müzakirəsinin bütün iştirakçıları gələcəyə yönəlib və yeni ideyalara açıqdır.
Amma onu da vurğulamalıyam ki, açıqlıq açıq sərhədlər tələb edir. Ümid edirəm ki, bu dəyişiklik yaxın gələcəkdə baş verəcək.”
Ermənistan XİN rəhbər müavininin Antalyada çıxışı