Gürcüstanın “Azərbaycanlaşması” yoxsa Azərbaycanın hegemoniyası? - Azərbaycanlı jurnalist niyə deport edildi?
Əfqan Sadıqov deportasiya
Aprelin 6-da İlham Əliyevin Gürcüstana rəsmi səfəri ərəfəsində Tbilisidə yaşayan müxalif azərbaycanlı jurnalist Əfqan Sadıqov Azərbaycana deportasiya olunub. Sadıqov “Azel TV”-nin təsisçisidir.
Bir çox azərbaycanlı müşahidəçi addımı səfərlə əlaqələndirir. Onlar bu addımın İlham Əliyevə qarşı mümkün etirazın qarşısını almağa hesablandığını düşünür. Gürcüstan DİN isə bunu inzibati xəta və miqrasiya proseduru ilə izah edir.
Sadıqovun Azərbaycana deportasiyası AİHM-in dayandırma qərarına rəğmən rekord sürətlə həyata keçiriliv və bu, Cənubi Qafqazda siyasi təsir mexanizmlərinin necə işlədiyini açıq nümayişidir.
Hadisə bir müxalif fəalın taleyi olmaqla yanaşı, Gürcüstanın Azərbaycandan iqtisadi və siyasi asılılığının və demokratik institutları zəiflətmək bahasına dəyişən regional dinamikanın təzahürüdür.
Əfqan Sadıqov kimdir?
Əfqan Sadıqov Azərbaycanlı jurnalist, “Azel TV” xəbər saytının təsisçisi və baş redaktorudur. O, əsasən korrupsiya, sosial ədalətsizlik və yerli rəsmilərin fəaliyyətini ifşa edən materialları ilə tanınır, hakimiyyətin sərt tənqidçisi kimi çıxış edir.
Sadlqov bir neçə dəfə həbs olunub, o cümlədən 2016-2018-ci illərdə xuliqanlıq ittihamı ilə cəza çəkib, 2020-ci ildə isə oxşar ittihamlarla 6-7 ilə yaxın məhkum edilib. Hüquq müdafiə təşkilatları bu halların çoxunu siyasi motivli hesab edir və onu “vicdan məhbusu” adlandırır.
2023-cü ildə ailəsi ilə Gürcüstana köçüb, orada da təqiblə üzləşib: 2024-cü ildə Bakının sorğusu ilə həbs olunub, aclıq aksiyası keçirib, 2025-ci ildə azad edilib, amma ölkədən çıxışına qadağa qoyulub.
Eyni zamanda, Sadıqovun fəaliyyəti haqqında tamamilə müsbət fikir yoxdur. Rəsmi ittihamlara görə, o, Azərbaycanda hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Bəzi mənbələr onun bu fəaliyyətlə həqiqətən məşğul olmamasına şübhə ilə yanaşırlar.
Hadisənin xronologiyası
Aprelin 4-də gecə Sadıqov Tbilisidə evində saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi onun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyini bildirib. Həyat yoldaşı Sevinc Sadıqova polis əməkdaşlarının mənzilə daxil olmaq üçün təcili xidmətlərin köməyindən istifadə etdiyini yazıb. O həm də saxlanma anının kameradan silindiyini iddia edib.
Aprelin 5-nə keçən gecə Tbilisi Şəhər Məhkəməsində təcili dinləmə keçirilib. Məhkəmə 2000 lari cərimə tətbiq edib. Qərarda deportasiya da var idi, həmçinin Gürcüstana üç il giriş qadağası da yer alırdı.
Gürcüstan DİN sonradan açıqlayıb ki, məhkəmə Sadıqovun 62 dəfə müxtəlif inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini də nəzərə alıb.
Qərar çox qısa müddətdə icra olunub və Sadıqov Azərbaycana göndərilib. Vəkili Nemət Kərimli onun Dövlət Miqrasiya Xidmətində dindirildiyini bildirib. Vəkilin sözlərinə görə, Sadıqov həmin gün günortadan sonra sərbəst buraxılıb.
Aprelin 6-da isə o Bakıda polis bölməsinə aparılıb və təxminən qırx dəqiqə sonra yenə sərbəst buraxılıb.
Əliyevin Gürcüstan səfərinin gündəliyi
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisiyə dövlət səfərinə gedib. Onları hava limanında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmilər qarşılayıb. Səfər proqramındakı rəsmi mərasim çərçivəsində Qəhrəmanlar Memorialına və Heydər Əliyevin abidəsinə ziyarət də yer alıb.
Səfər birgünlük formatda planlaşdırılmışdı. Siyasi gündəlikdə iki əsas görüş olub.
Əliyev Gürcüstan Prezidenti Mikheil Kavelaşvili ilə görüşüb. O daha sonra Baş nazir İrakli Kobaxidze ilə də görüşüb. Kobaxidze mətbuata açıqlamasında iki ölkəni enerji və nəqliyyat layihələrində etibarlı tərəfdaş adlandırıb. O, Orta Dəhlizin əhəmiyyətinin artdığını və logistika infrastrukturunun yenilənməsini prioritet sayıb.
Baş nazir Bakı ilə İrəvan arasında sülh prosesini müsbət dəyərləndirdiyini deyib. O, Gürcüstanın dialoqa dəstək verməyə hazır olduğunu söyləyib.
Əliyev isə regional təhlükəsizlik mövzusunun əsas müzakirə xətti olduğunu bildirib. O, Cənubi Qafqazda yeni vəziyyətin yarandığını qeyd edib. Onun sözlərinə görə, region sülh və əməkdaşlıq məkanı olmalıdır.
Əliyevin mətbuata bəyanatında iqtisadi rəqəmlər ayrıca vurğulanıb. O, ticarət dövriyyəsinin keçən il 800 milyon ABŞ dollarını keçdiyini deyib. Prezident ilin sonunadək 1 milyard dollara yaxınlaşma ehtimalından danışıb.
Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,7 milyard ABŞ dolları sərmayə yatırdığını bildirib. O, Bakı Tbilisi Ceyhan kəmərini və Cənub Qaz Dəhlizini ortaq strateji layihələr kimi təqdim edib və qaz ixracının 16 ölkəyə çatdığını, marşrutun Gürcüstandan başladığını da deyib.
Səfərin son epizodlarından biri Bidzina İvanişvili ilə görüş olub. İvanişvili Əliyevi Tbilisiyə səfərin sonunda naharda qəbul edib. Görüşdə hökumətin əsas fiqurları da iştirak edib.
Məlumata görə, tranzit potensialı barədə danışılıb. Bakı Tbilisi Qars dəmir yolunun regional bağlantılara təsiri də müzakirə olunub.
Tərəflərin Əfqan Sadıqovun deportasiyası ilə bağlı mövqeləri
Azərbaycanın dövlətə yaxın mediası və rəsmi xəbər axını hadisəni daha çox hüquqi prosedur kimi təqdim edib. Onlar Gürcüstan DİN-in açıqlamasını əsas götürüblər.
Xəbərlərdə polis əməkdaşını təhqir iddiası əsas səbəb kimi göstərilib.
Gürcüstanda isə reaksiya sərt olub. Yerli hüquq müdafiəçiləri deportasiyanı qeyri qanuni hesab edir. Onlar Sadıqovun Azərbaycanda ciddi risklərlə üzləşə biləcəyini bildirir. Bu səbəbdən qərar bəziləri tərəfindən Əliyevin səfəri ərəfəsində Gürcüstanın siyasi jesti kimi şərh edilib.
Azərbaycan müxalif çevrələrindəki şərhlər də sərt olub. AzadlıqRadiosuna açıqlama verən hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, Gürcüstanın bu məsələ üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edib. O, deportasiyanı Bakı ilə Tbilisi arasında razılaşma kimi dəyərləndirir.
Sadıqovun deport edilməsinin fonunda dayananlar
Sadıqovun saxlanması Əliyevin səfərindən bir gün əvvəl baş tutub. Məhkəmə qərarı gecə saatlarında verilib. Qərar tez icra olunub. Bu temp siyasi motiv ehtimalını gücləndirən əsas detal kimi qəbul edilə bilər.
Ən həssas xətt AİHM məsələsidir. Sadıqovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın onu Azərbaycana verməsini müvəqqəti tədbirlə dayandırmışdı. Deportasiya qərarı isə eyni riskli ünvanla nəticələndi – Azərbaycana göndərilməklə.
Bildirilir ki, deportasiya qərarından az müddət əvvəl Sadıqovun Azərbaycanda davam edən işi yekunlaşdırılıb. Hüquqşünaslar bunu formal hüquqi manevr kimi qiymətləndirir.
Sadıqovun Tbilisi aksiyalarında görünməsi də konteksti kəskinləşdirir. Bu fakt Gürcüstan polisinin onu potensial risk kimi görməsi ehtimalını artırır.
Əfqan Sadıqov məsələsi Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi münasibətlər sisteminə daha geniş prizmadan baxmağı zəruri edir. Burada əsas diqqət çəkən məqam təkcə konkret hadisənin özü deyil, bu hadisənin daha böyük siyasi davranış modelinin tərkib hissəsi kimi görünməsidir.
Azərbaycan son illərdə regionda yalnız iqtisadi və enerji layihələri vasitəsilə deyil, həm də siyasi təsir imkanlarını genişləndirməyə çalışan aktor kimi çıxış edir. Bu təsir bəzən açıq diplomatik kanallarla deyil, daha çox dolayı mexanizmlərlə – tərəfdaş ölkələrin daxili siyasi kursuna təsir edən nümunə və presedentlər vasitəsilə özünü göstərir. Bu baxımdan, Gürcüstanın son dövrlərdəki daxili siyasi transformasiyası ilə Azərbaycan modelinin müəyyən paralellər təşkil etməsi təsadüfi görünmür.
Gürcüstanda qeyri-hökumət təşkilatlarına və müstəqil mediaya yönələn təzyiq meyllərinin artması, siyasi mühitin tədricən daha sərt nəzarət altına alınması cəhdləri regionda artıq tanış olan bir trayektoriyanı xatırladır – Azərbaycanı.
Bu trayektoriya əvvəlcə vətəndaş cəmiyyətinin zəiflədilməsi, ardınca informasiya məkanının daraldılması və nəhayət, siyasi rəqabətin minimuma endirilməsi mərhələlərindən keçir. Azərbaycan bu modelin daha sərt və institusionallaşmış formasını nümayiş etdirən ölkə kimi çıxış edir.
Bu kontekstdə, Gürcüstanın davranışı yalnız daxili siyasi seçim kimi deyil, eyni zamanda regional güc balansı daxilində mövqe axtarışı kimi də şərh oluna bilər. Azərbaycanla sıx iqtisadi və enerji əlaqələri, həmçinin təhlükəsizlik baxımından qarşılıqlı asılılıq Tbilisini müəyyən hallarda Bakı ilə uyğun xətt izləməyə təşviq edir. Bu uyğunlaşma isə bəzən demokratik institutların zəifləməsi bahasına baş verir.
Beləliklə, müşahidə olunan mənzərə təkcə iki ölkə arasındakı münasibətlərin deyil, bütövlükdə regionda formalaşan yeni siyasi normaların göstəricisi kimi qiymətləndirilə bilər. Bu normalar daha çox mərkəzləşmiş idarəetmə, məhdudlaşdırılmış siyasi plüralizm və nəzarət olunan ictimai məkan üzərində qurulur. Bu isə uzunmüddətli perspektivdə regionun siyasi inkişaf istiqaməti ilə bağlı ciddi narahatlıq doğurur.
Əfqan Sadıqov deportasiya