“Bizim çoxlu müştərək işimiz var” – Gürcüstan prezidenti Yerevanda
Gürcüstan prezidenti Salome Zurabişvili iki günlük rəsmi səfərlə Ermənistana gəlib. Bu, onun prezident statusunda Ermənistana ilk səfəridir.
• Salome Zurabişvili Bakıda – Gürcüstanın yeni prezidentinin ilk regional səfəri
Ermənistan prezidenti ilə görüş
Salome Zurabişvili Ermənistana ölkə prezidenti Armen Sarkisyanın dəvəti ilə gəlib.
Bundan az əvvəl Zurabişvili Azərbaycanda olub. Bakıda çıxışı zamanı Salome Zurabişvili Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsini Gürcüstanın abxaz və osetin münaqişələri ilə eyni sıraya qoyub:
“Son illərdə biz eyni faciələr yaşamışıq. Biz elə indi də ölkə üçün işğal olunmuş ərazilərin nə demək olduğunu, ölkənin ərazi bütövlüyünün pozulmasını yaşayırıq”.
Daha əvvəl Gürcüstan hakimiyyəti bu cür ifadələrdən qaçır, Qarabağ münaqişəsinin dəyərləndirilməsində neytrallığını qorumağa çalışırdı.
Çoxları Gürcüstan prezidentinin Ermənistanda nə deyəcəyini maraqla gözləyirdi.
“Ermənistan və Gürcüstan sadəcə qonşu deyil, həm də dostdur. Biz sülh və stabilliyin həlledici anlam daşıdığı regionda yaşayırıq. Bu, regionun və ölkələrimizin iqtisadiyyatının inkişaf şərtləridir… Regionda çox sayda əngəl var və anlamaq vacibdir ki, əsas yol münaqişələrin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll olunmasıdır.
Münaqişələr inkişafımızı ləngidir, onları dialoq və danışıqlar yolu ilə həll etmək lazımdır… həmçinin qeyd etmək lazımdır ki, Gürcüstan üçün [Qarabağ] münaqişəsinin Gürcüstan ərazisinə keçməməsi, ermənilərlə azərbaycanlıların isə sülh içində yaşaması çox vacibdir”, – Zurabişvili bildirib.
Onun erməni həmkarı mətbuat qarşısında çıxışı zamanı Qarabağ münaqişəsi məsələsinə toxunub. O, vurğulayıb ki, münaqişənin nizamlanmasının əsasında millətlərin öz müqəddəratını həll etmək hüququ dayanır. Armen Sarkisyan dolayısı ilə Zurabişvilinin Bakıda səsləndirdiyi bəyanata da toxunub:
“Regiondakı münaqişələr və problemlər eyni deyil, müvafiq olaraq onların nizamlanmasının əsasları da eyni deyil”.
Prezidentlər nə haqda danışıb?
Salome Zurabişvili Gürcüstanda yaşayan ermənilərin gürcü dilini öyrənmələrinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu, onlara tam hüquqlu vətəndaş olmaq və ölkənin inkişafında iştirak etmək imkanı verəcək. Bu tezis Gürcüstan hakimiyyəti tərəfindən tez-tez səsləndirilir, amma ermənilərin məskunlaşdığı Cavaxetiya regionunda əhali arasında gürcü dilinin səviyyəsinin yüksəldilməsi üçün real addımlar atılmır. Zurabişvili də bu məsələ ilə bağlı konkret planlar haqda danışmayıb.
Prezidentlər regionun potensialını da müzakirə ediblər. Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığı haqda da danışıb:
“Batumi konfransı ən vacib mərhələ olacaq, burada Aİ ilə münasibətlərin tam inteqrasiyaya gətirib çıxaracaq yeni forması təqdim olunacaq”, – Zurabişvili qeyd edib.
Batumidə keçiriləcək Gürcüstan-Avropa İttifaqı konfransında iştirak üçün prezident Armen Sarkisyan da dəvət olunub ki, orada Ermənistanın da mövqeyi səsləndirilsin.
“Bu konfrans bizim Avropa İttifaqı ilə tərəfdaşlığımızın on illiyinə həsr olunub… Biz burada öz ümumi baxışlarımızı nümayiş etdirə bilərik”, – Zurabişvili deyib.
Gürcüstan prezidenti həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinə də toxunub:
“Ölkələrimizin sərhədlərin delimitasiyasını başa çatdırmaq zamanı yetişib. Dostlar arasında delimitasiya prosesi uzun sürməməlidir”.
Zurabişvilinin sözlərinə görə, bu məsələnin normativ bazası o hələ xarici işlər naziri olduğu zaman tam hazırlanıb.
“Bizim böyük gələcəyimiz var və biz nikbinik. Bir çox məsələlər üzrə müzakirələri davam etdirmək niyyətindəyik və bəyanatlarla məhdudlaşmaq fikrində deyilik”, – Salome Zurabişvili fikrini yekunlaşdırıb.
Baş nazirlə görüş
Elə ilk gün Salome Zurabişvili Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Ermənistanın baş naziri ölkələr arasında münasibətləri yeni səviyyəyə yüksəltməyin mümkünlüyü və ikitərəfli münasibətlərin ümumi strateji maraqlara əsaslanmağın vacibliyi haqda danışıb:
“Mən baş nazir kimi ilk rəsmi səfərimi Gürcüstana etmişəm və bu, hökumətimizin və şəxsən mənim xüsusi diqqətimizi və Ermənistan-Gürcüstan münasibətlərinin vacibliyinin dərkini bir daha vurğulayır”.
Gürcüstan prezidenti də hesab edir ki, ölkələrin “gələcəyə dair ümumi baxışı” var. Bununla yanaşı Salome Zurabişvili Avropa İttifaqı ilə bağlı əməkdaşlıq imkanlarından yararlanmağı təklif edib:
“Birlikdə biz çox şey edə bilərik və bizim çoxlu ümumi işlərimiz var”.