"Delta Telekom"a hücum Rusiyadan ola bilərmi? - ekspert istisna etmir
Delta Telekoma qarşı hücum
Bu gün Azərbaycan internetində qısa müddətlik fasilələr müşahidə olunub. İstifadəçilər sosial şəbəkələrə, bəzi beynəlxalq resurslara və hətta ölkədaxili portallara çıxışda çətinliklə üzləşiblər. Ekspertin fikrincə buna səbəb Rusiyadan təşkil edilmiş hücum ola bilər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlayıb ki, kəsinti ölkənin əsas internet provayderlərindən olan “Delta Telekom”a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verib.
Nazirlik bildirir ki, vəziyyəti nəzarətə almaq üçün trafik dərhal digər operatorlara – “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib.
Bu addım internet xidmətlərinin tamamilə dayanmasının qarşısını alsa da, hadisə Azərbaycanın rəqəmsal təhlükəsizliyindəki boşluqları bir daha üzə çıxarıb.
“Delta Telekom”a qarşı hücum kim tərəfindən və hansı məqsədlə həyata keçirilmiş ola bilər?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, baş verənlər yalnız texniki hadisə kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, mövcud siyasi kontekst fonunda hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna deyil:
“Son aylar Bakı ilə Moskva arasında münasibətlərdə gərginlik açıq şəkildə görünür. Rusiya isə beynəlxalq praktikasında dövlətlərarası münasibətlərdə kiberhücum alətlərindən tez-tez istifadə edir. Ukraynadakı SOCAR strukturlarına qarşı edilən hücumlar bunun real nümunəsidir”.
Delta Telekom Azərbaycanın beynəlxalq internetə çıxışını təmin edən əsas operatorlardan biridir. Bu səbəbdən belə hücumlar təkcə şirkətin deyil, bütövlükdə ölkənin onlayn məkanına təsir göstərir.
Osman Gündüz xatırladır ki, Azərbaycanın qlobal internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən keçir. Bu isə ölkəni geosiyasi təsirlərə qarşı həssas edir.
“Texniki baxımdan belə hücumların qarşısını almaq üçün diversifikasiya vacibdir: nə qədər çox müstəqil çıxış nöqtəsi və alternativ marşrut mövcuddursa, hücumun təsiri bir o qədər zəif olur”.
Alternativlərin strateji əhəmiyyəti
AİF rəhbəri bildirir ki, hazırda Azərbaycanın üzərində çalışdığı Transxəzər fiber-optik layihəsi məhz bu ehtiyacdan doğur.
“Layihə reallaşarsa, ölkə internet trafikini yalnız Rusiya deyil, həm də Mərkəzi Asiya və digər marşrutlar vasitəsilə təmin edə biləcək”.
Onun fikrincə bu cür təşəbbüslər təkcə sürət və qiymət məsələsi deyil, həm də rəqəmsal suverenlik məsələsidir.
“Kommunikasiyalar alternativliyi sevir. Azərbaycanın informasiya təhlükəsizliyi üçün əsas addım internet trafikini bir neçə marşrut üzrə bölmək və xarici asılılığı minimuma endirməkdir”.
Nəticə
“Delta Telekom”a edilən hücum Azərbaycanın rəqəmsal təhlükəsizliyində kritik bir məqamı üzə çıxardı: daxili müdafiə sistemləri nə qədər güclü olsa da, xarici asılılıq mövcuddursa, risk qalır.
Hadisə həm də belə bir sual qoyur:
Azərbaycan yaxın illərdə rəqəmsal müstəqilliyə nail ola biləcəkmi, yoxsa internet təhlükəsizliyi məsələsində qonşu ölkələrin təsir dairəsində qalacaq?
Delta Telekoma qarşı hücum