Jurnalist “Sputnik”in jurnalistlərinin həbsi barədə
“Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əli məhbəsdən göndərdiyi məktububda yazır ki, hökumətin “Sputnik” jurnalistlərlərini Federal Təhlükəsizlik Xidmətinin agentləri kimi təqdim etməsi sübut edir ki, Azərbaycan FTX-nin tapşırığını icra edib.
Onun əsaslandırması belədir: “Azərbaycanda müstəqil jurnalistlərə qarşı repressiya dalğası başlayan zaman elə “Sputnik”də bizim həbsimizin labüd olması ilə bağlı tezis yazılaraq fətva verilmişdi”.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-nə keçən gecə “Meydan TV işi” çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, evində axtarış aparılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsində barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı da həbs ediliblər.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Jurnalistin məktubunun tam versiyasını təqdim edirik
Bu gün “Sputnik” əməkdaşlarının həbsindən ay yarımdan çox ötür. Onların həbsi ilə bağlı gülüşlə qarşıladığım yanaşmalardan biri, hökumətyönlü media orqanlarının müstəqil jurnalistlərlə “Sputnik” əməkdaşlarının həbslərini eyniləşdirməyə çalışmasıdır. Guya Kenan Evren kimi “birini sağdan asdıq, birini soldan asdıq” mesajını verirlər.
Aydın məsələdir ki, onların da həbsi siyasi sifariş idi, lakin fərqimiz böyükdür. “Sputnik” jurnalistləri sifarişli jurnalistlərdir və ipləri öz əllərində olmayıb, biz isə heç kimin tapşırığını yerinə yetirmədiyimiz, müstəqil fəaliyyət göstərdiyimiz üçün həbs olunmuşuq. Ona görə də onlarla bizim həbsimizi eyniləşdirmək absurddur.
Digər bir gülünc məqam isə reportajlarda Rusiyadakı insan haqları, jurnalist həbslərindən danışarkən beynəlxalq hesabatlara istinad olunmasıdır. Həmin beynəlxalq hesabatlarda Azərbaycanla bağlı da vəziyyətin kritik olduğu öz əksini tapır, lakin gözardı edilir və hesabatlar qərəzli adlandırılır.
Reportajlarda hökumət “Sputnik” jurnalistlərlərini Federal Təhlükəsizlik Xidmətinin agentləri kimi təqdim edir. Azərbaycanda müstəqil jurnalistlərə qarşı repressiya dalğası başlayan zaman elə “Sputnik”də bizim həbsimizin labüd olması ilə bağlı tezis yazılaraq fətva verilmişdi.
Əslində bu bir etiraf sayılmalıdır, çünki
Bizim həbsdə olmağımız onu sübut edir ki, Azərbaycan dövləti Federal Təhlükəsizlik Xidmətinin tapşırığını icra edib.