8 ölü, 13 əsir, 24 itkin düşmüş şəxs – tərəflər Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin nəticələri haqda
Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində döyüşlər zamanı tərəflər canlı qüvvə itkisi verib. İkinci Qarabağ müharibəsindən sonra baş verən ən böyük toqquşma nəticəsində 8 hərbçi həlak olub, 13 nəfər əsir, 24 nəfər itkin düşüb, 10 nəfər yaralanıb. Rusiya tərəfinin müdaxiləsindən sonra döyüşlər dayandırılıb.
Bakıdan informasiya
Müdafiə Nazirliyinin məlumatı
Azərbaycanın Müdafiə Nazirliyi noyabrın 16-da gedən döyüşlər nəticəsində itkilər haqda məlumat verib.
“Azərbaycan tərəfindən 7 nəfər həlak olub, daha 10 hərbçi yaralanıb”, – nazirliyin məlumatında deyilir.
Noyabrın 16-da axşam Azərbaycan və Ermənistan sərhədində döyüşlər Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında baş tutan danışıqlardan sonra dayandırılıb.
“Telefon danışı zamanı Zakir Həsənov qeyd edib ki, Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Sergey Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin stabilləşdirilməsi üçün səy göstərməyə hazır olduğunu bildirib”, – Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin axşamkı məlumatında deyilir.
XİN-in məlumatı
Bu arada Azərbaycan XİNsərhəddəki toqquşmalarla bağlı bəyanatla çıxış edib.
“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır.
Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.
Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir
Yerevandan informasiya
Müdafiə Nazirliyinin məlumatı
Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, noyabrın 17-i 10:00-a olan məlumata əsasən, ötən gün “Azərbaycan SQ-nin bölmələri tərəfindən hücuma məruz qalan” sərhədyanı zonanın şərq istiqamətində “nisbi sabitlikdir, atəşkəs haqda razılaşmaya ümumilikdə əməl olunur”.
Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da eskalasiya nəticəsində Ermənistan tərəfdən bir hərbçi həlak olub, 13 nəfər Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb, 24 hərbçi ilə əlaqə itib, axtarış işləri aparılır. Ötən gün bildirildiyinə görə, Ermənistan döyüşlər nəticəsində iki mövqeyini itirib, onlar Azərbaycanın nəzarəti altına keçib.
Müdafiə Nazirliyindən həmçinin bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə hazırda vəziyyətin nizamlanması və erməni hərbi əsirlərinin qaytarılması üzrə danışırlar aparılır.
XİN-in məlumatı
Ötən gün baş verən hadisələrlə bağlı Rusiyaya müraciətə dair Ermənistan XİN-in mətbuat katibi bildirib ki, birbaşa və çoxsəviyyəli müzakirələr gedir.
Vahan Unanyan xatırladıb ki, ötən gün Ermənistanın baş naziri və Rusiya prezidenti arasında telefon danışığı baş tutub və Nikol Paşinyan Vladimir Putinə vəziyyəti təqdim edib. Və bu kontekstdə iki ölkə liderləri strateji müttəfiqlər – Ermənistan və Rusiya arasında reallaşdırılması ikitərəfli sazişlərlə təsbit edilmiş “mümkün birgə addımları müzakirə ediblər”.
Mətbuat katibi BMT Təhlükəsizlik Şurasına müraciət məsələsinə də toxunub. Vahan Unanyanın sözlərinə görə, Ermənistan XİN BMT Təhlükəsizlik Şurasının cədrini vəziyyətlə bağlı məlumatlandırıb:
“Ermənistan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi məqsədilə beynəlxalq hüquq və diplomatik təcrübənin bütün alətlərinin tətbiqi müzakirə olunur”.