50 milyondan çox Facebook istifadəçisinin məlumatlarının axıdıldığı aşkarlanıb
The New York Times 2015-ci ildə 50 milyondan çox Facebook istifadəçisinin şəxsi məlumatlarının Cambridge Analytica şirkətinin əlinə keçdiyi haqda yazıb.
Bundan bir il əvvəl şirkət istifadəçilərə “şəxsiyyət tipinin müəyyən edilməsi” testindən keçməyi təklif edən əlavənin hazırlanmasına 800 min dollar ödəyib. Bu zaman əlavə “istifadəçilərın şəxsi məlumatlarının yalnız elmi məqsədlərlə” istifadəsinə icazə istəyirdi. Daha sonra isə məlum olub ki, əlavə bu yolla yalnız testi keçən istifadəçilərin deyil, onların dostlarının da şəxsi məlumatlarını əldə edirmiş.
Cambridge Analytica mütəxəssisləri bu məlumatlardan istifadə etməklə, onların maraqlarını, həvəslərini, siyasi seçimlərini, xarakter cizgilərini və sosial şəbəkələrdə profilləri analiz edərkən əldə etmək mümkün olan digər məlumatları nəzərə alaraq 30 milyona yaxın amerikalı seçicinin portretini müəyyən ediblər. Daha sonra bu informasiya hədəfə yönəlik siyasi reklam üçün o zaman hələ ABŞ prezidentliyinə namizəd olan Donald Trampın qərargahına lazım olub.
Canbridge Analytica təmsilçiləri Facebook istifadəçilərinin məlumatlarının əldə edilməsinin qeyri-qanuni olduğunu qətiyyətlə inkar edirlər, amma Amerika hakimiyyətinin bununla bağlı tərəddüdləri yaranıb. ABŞ Konqressinin bir neçə üzvü artıq Facebook banisi Mark Zukerberqin Konqressdə çıxış edərək bu məsələ ilə bağlı ifadə verməsini tələb edib.
Amerika mediası onu da bildirib ki, martın 19-da, NYT-nin araşdırması dərc olunandan bir gün sonra Facebook aksiyaları səkkiz faiz ucuzlaşıb, bu da təxminən altı milyard dollar deməkdir.