3 ay əvvəl İranda itkin düşən azərbaycanlı tələbəyə casus ittihamı
İranda itkin düşən Fərid Səfərli
Bu ilin fevralında İrana gedən və orada itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Yaxınları Almaniyada təhsil alan tələbənin Yenada tanış olduğu qadının ardınca İrana getdiyini və bundan sonra onunla əlaqənin kəsildiyini bildirirdilər. Valideynləri övladlarının İran rejimindən xilas edilməsi üçün ölkə prezidenti və onun xanımından kömək istəyirlər.
- İlham Əliyev: “Hədə və terror dili Azərbaycanla işləməyəcək”
- İran Azərbaycanda nəyə nail olmaq istəyir? Bakıdan şərh
- Tofiq Zülfüqarov: “İranın Azərbaycana qarşı iddiaları üçün ciddi əsas yoxdur”
Nə baş verib?
1997-ci il təvəllüdlü Fərid Səfərli Azərbaycan Diplomatik Akademiyasının İqtisadiyyat fakültəsini bitirib. Hazırda “Friedrich-Schiller-Universität” – Yena Universitetinin magistr dərəcəsi üzrə tələbəsidir.
Anası Dilarə Əsgərovanın sözlərinə görə, Fərid İran İslam Respublikası vətəndaşı olan, Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub və həmin xanım vətəninə qayıdandan sonra onu görmək üçün İrana səfər edib.
Bütün bunları Fəridin anası onun Almaniyadakı dostlarından öyrənib.
“Fəridin fevral ayının 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. Bu barədə heç kimə məlumat vermədiyi üçün tarixlə bağlı dəqiq məlumatımız yoxdur. Mart ayının 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, kartının işləmədiyini və ona Almaniyaya qayıtmaq üçün bilet almalarını xahiş edib. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb”, – anası bildirib.
O qeyd edib ki, tələbəyə Tehran-İstanbul-Berlin reysi üçün bilet alınıb, amma Fərid Türkiyəyə giriş etməyib.
Anası İrana getsə də, oğlunu tapa bilməyib
Fərid Səfərlinin yaxınları məsələyə diqqət çəkmək üçün İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi məsələni öz nəzarəti altına götürüb və İran hökumətinə nota göndərib.
Mart ayında Əsgərova oğlunu axtarmaq üçün Tehrana yollanıb. Orada hüquq-mühafizə orqanlarına müraciət edib və vəkil tutub. Amma ona bildirilib ki, sistemdə Fərid Səfərlinin adına rast gəlinmir. “Dedilər ki, yüngül cinayət törətmiş olsaydı, sistemdə görünərdi, ağır cinayətlər sistemdə görünmür. Soruşdum ki, ağır cinayət nədir, dedilər ki, casusluq və sairə cinayətlər”, – deyə ana bildirib.
Bundan sonra İranın Azərbaycandakı səfirliyi ilə mütəmadi təmasda olsalar da, gəncin taleyi ilə bağlı heç bir məlumat ala bilməyiblər.
Casusluq ittihamı
İyunun 1-də İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavabda bildirilib ki, Fərid Səfərli casusluq ittihamı ilə həbs edilib.
“Casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq – bu gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur”, – deyə, o qeyd edib.
Dilarə Əsgərova XİN-dən məktub alandan sonra Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxlayıb. Ona Fəridlə telefonla danışdıqlarını, sağ-salamat olduğunu bildiriblər.
Tələbənin anası prezidentə və xanımına müraciət edib
İyunun 2-də Dilarə Əsgərova Facebook profilindən ölkə başçısına və onun xanımına ünvanlanmış açıq müraciət yayıb. Müraciətdə deyilir:
“Hörmətli cənab İlham Əliyev və xanım Mehriban Əliyeva!
3 aydir ki, İrana rəfiqəsini görməyə getmiş oğlum Fərid Səfərlidən xəbər ala bilmirəm. Dünən XİN-in mənə ünvanladığı məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanıldığı bildirilir. Mən bu ittihamı rədd edirəm. Duşunurəm ki, Fərid iki ölkə arasındakı münaqişənin qurbanı olub…
Mehriban xanım, Fərid oğlunuz Heydərlə yaşıddır və ADA universitetində tələbə yoldaşı olublar. Siz bir ana kimi məni daha yaxşı anlayarsınız.
İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvur edəndə içim yanır. Bir qarışqanı belə incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, tamamilə təcrid olunmuş halda zindanda nələr yaşadığını aglıma belə gətirmək istəmirəm.
Cənab Prezident, Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasina, mənim onunla görüşməyimə imkan yaradılmasına tapşırıq verəsiniz. Mən onun üçün çox darıxıram, onu görmək, bağrıma basmaq istəyirəm. Ona müdafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm.
Mən inaniram ki, Siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”.
XİN məsələni nəzarətdə saxlayır
İranda həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür. AzərTac-ın məlumatına görə, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
“Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür”, – deyə Azərbaycan XİN-in sözçüsü vurğulayıb.
Xatırladaq ki, ötən ilin sonlarından Azərbaycan və İran arasında münasibətlər gərginləşib. Bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu bu gərginliyin kulminasiyası hesab etmək olar. Bunun ardınca Azərbaycan hökumət İrandakı səfirliyində çalışanları ölkəyə təxliyyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hazırda yalnız Təbrizdə Azərbaycanın Baş konsulluğu fəaliyyətini davam etdirir.
Səfirlik bağlanan zaman Azərbaycan XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi. Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı terror aktı nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
İranda itkin düşən Fərid Səfərli