2017-ci ildə Tbilisidən oğurlanan və Azərbaycanda mühakimə olunan azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstana qayıdıb.
Oğurlandığı andan bu, Muxtarlının ölkəyə ilk səfəridir. Muxtarlının bildirdiyinə görə, o, oğurlanması işi ilə əlaqədar ifadə vermək və istintaqla əməkdaşlıq etmək məqsədilə Gürcüstana gəlmək istəyib.
Amma ikinci cəhddən sonra nəhayət Gürcüstana gələ bilib. Azərbaycanlı jurnalist 2020-ci ilin oktyabrında Almaniyadan Gürcüstana gəlmək istəyib, amma Gürcüstan konsulluğunda ona bildiriblər ki, sənədlərində çatışmazlıq olduğu üçün ona sərhədi keçməyə icazə verilməyəcək.
Əfqan Muxtarlı 2017-ci il mayın 29-da günün günorta çağı Tbilisinin mərkəzindən oğurlanıb.
O, Azərbaycan hökumətinə qarşı kəskin tənqidlərinə görə hakimiyyət tərəfindən təqib olunduğu üçün ailəsi ilə birlikdə 2014-cü ildə Gürcüstana köçmüşdü.
Oğurlandığının səhəri günü, mayın 30-da Muxtarlının Azərbaycanda həbsxanada olduğu müəyyən olub. Onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyətə tabe olmamaqda ittiham edərək altı il müddətində azadlıqdan məhrum ediblər.
Üç il həbsdə qalandan sonra 2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib. Orada onu 2019-cu ildən Almaniyaya köçən həyat yoldaşı və qızı qarşılayıb.
Muxtarlı oğurlanan andan dörd il keçib, onun oğurlanması ilə bağlı məsələ isə hələ də Gürcüstanda araşdırılmayıb. Gürcüstan prokurorluğu indiyə qədər formal olaraq Muxtarlının oğurlanması ilə bağlı 143-cü maddənin 1-ci hissəsi (azadlıqdan qanunsuz məhrumetmə) ilə açılmış cinayət işini araşdırır.