Sovet qoşunlarının xəbərdarlıq etmədən beş istiqamətdən Bakıya daxil olduğu faciəli 20 yanvar 1990-cı il gecəsindən 31 il ötdü. Həmin gün və ondan sonrakı bir neçə gün ərzində Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.
Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi.
20 yanvar 1990-cı il.
“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.
Bu gün, hər il olduğu kimi, Bakı sakinləri və regionlardan paytaxta gəlmiş insanlar “Şəhidlər xiyabanı”nda 20 yanvar qurbanlarının xatirəsini yad ediblər.