Türkiyədə erməni katolik kilsəsi satışa çıxarılıb
Türkiyənin Bursa şəhərində adı açıqlanmayan fiziki şəxs tarixi erməni katolik kilsəsini satışa çıxarıb. Kilsə sahibi binaya görə 800 min ABŞ dolları istəyir. Bu, həmin kilsənin ilk satış cəhdi deyil.
Türkiyənin nüfuzli “Cumhuriyet” nəşrinin yazdığına görə, daşınmaz əmlak alqı-satqısı saytlarından birinin saytında Bursada yerləşən tarixi erməni katolik kilsəsinin satışı haqda elan verilib.
- “Duaya görə başını yarıblar” – Qərbi Gürcüstandakı kənddə xristianlar və müsəlmanlar dalaşıblar
- Dağlıq Qarabağ: “yeni” və “köhnə” qaçqınları nə gözləyir?
- Fransa: İslam dünyasında Makronun bəyanatına qarşı etirazlardan sonra yeni qurbanlar
Erməni katolik kilsəsi Bursa şəhərinin Setbaşı rayonunda yerləşir. Məbəd 1831-ci ildə katolik ermənilərə verilib.
1923-cü ildə Terkiyə respublika elan olunan tarixdən kilsə binası tütün anbarı kimi istifadə olunub. Hazırda bina baxımsız vəziyyətdədir.
Kilsəyə görə 800 min dollar
Artıq 190 yaşı olan binanın satışı haqda elanda qeyd olunub ki, ondan mədəniyyət mərkəzi, muzey və ya otel kimi istifadə oluna bilər. Satıcı kilsəyə görə 6 milyon Türkiyə lirəsi [800 min ABŞ dolları] istəyir.
Vaxtilə kilsənin tütün anbarına çevrilməsi səbəbləri sırasında ötən əsrin 20-ci illərinin əvvəllərində Bursada katolik ermənilərin qalmadığı da göstərilib.
Kilsənin yerləşdiyi ərazi tarixi irs hesab olunur və UNESCO tərəfindən qorunur.
Beş il əvvəl binanı satmaq mümkün olmayıb
Türkiyədəki erməni icmasına məxsus “Agos” nəşrinin məlumatına görə, 2016-cı ildə Bursadakı erməni karolik kilsəsinin satışına ilk cəhd edilib. Beş il əvvəl qiymət 1,5 milyon ABŞ dolları ekvivalentində təyin olunub.
Həmin vaxt binanı satmaq mümkün olmayıb, baxmayaraq ki, nəşrin yazdığına görə, “bir-iki alıcı” onunla maraqlanıb.
Kilsə binasının sahibləri məşhur tütün taciri, “Bursaspor” futbol klubunun ilk prezidenti Salih Kiracıbaşının nəticələridir.
Bina sahibləri kilsəni 1 milyon dollara Bursanın protestant icmasına satmaq istəyib, amma bu sövdələşmə də baş tutmayıb.
“Agos” yazıb ki, ən başından bina kilsə üçün tikilməyib. 1831-ci ildə katolik ermənilər sahibsiz binanı təmir ediblər və nəticədə bina kilsəyə çevrilib. XX əsrin əvvəlində Bursa şəhərinin bu rayonunda çoxsaylı erməni icması yaşayırmış – mənbə əlavə edir.
Şərhlər
Sosial şəbəkələrin Türkiyə seqmentində bu xəbər ən çox müzakirə olunan mövzulardan biri olub. Bəzi xarakterik şərhləri təqdim edirik:
“Yazılıb: mərkəzə yaxın yerləşir. Hələ bir yazardılar ki, avtobus dayanacağına yaxın yerləşir. Tarixi binalara qarşı bu nə münasibətdir?”
“Belə şeyə yol vermək olmaz. Tarixi, üstəlik də dinə xidmət edən abidə fərdi şəxslərə satıla bilməz. Dövlət bu işə qarışmalıdır. Əgər orada fərdi şəxsin maraqları mövcuddursa, onun ziyanını kompensasiya etmək, bu cür binaları isə qorumaq lazımdır”.
“Hansısa məscid binasını beləcə satışa çıxarsaydılar, ölkədəki reaksiyanı təsəvvür edirəm. Bax bu, əməlli-başlı hadisə olardı”.