18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları vaksinasiya oluna biləcək
Mayın 10-dan Azərbaycanda 18 yaşdan yuxarı bütün vətəndaşlar koronavirusa qarşı vaksinasiyadan keçə bilər. Qarşıdan gələn Ramazan bayramı günlərində isə sərt məhdudiyyətlər olmayacaq. Lakin ictimai nəqliyyat həmin günlər işləməyəcək.
- Bakıda səs-küylü həbslər: koronavirus xəstəxanasına yerləşdirilmək neçəyədir?
- Gürcüstanda iki dəfə peyvənd vurduranlar üçün komendant saatı ləğv edilə bilər
- Ermənistanda koronavirus peyvəndi vurdurmaq istəmirlər. Nazirlər nümunə göstərəcək
“18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”. Bunu Azərbaycanın səhiyyə naziri əvəzi Teymur Musayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu kampaniyaya qoşularaq, qısa müddətdə normal həyata qayıdışı təmin etmək mümkündür: “Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunma vasitələrindən imtina etmək mənasını daşımır. Hazırda maska, gigiyena, sosial məsafə qaydalarına əməl etmək məcburidir”.
Sərt məhdudiyyətlər olmayacaq
Ramazan bayramı ilə əlaqədar 9-15 may aralığı Azərbaycanda qeyri-iş günləri elan olunub. Həmin günlərdə sərt qapanma olub-olmayacağı ictimaiyyəti maraqlandıran əsas suallardan biri idi. Hətta qapanma elan olunması təklifi ilə çıxış edənlər də olub.
“Bu gün Operativ Qərargahın brifinq keçirəcəyi gözlənilir. Bayram günlərində tam qapanma tələb edirəm! Bir vətəndaş kimi! Az-çox tanınan bir jurnalist kimi! İnsan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik. Nə qədər bədbəxt dünyadan, məhz bizim eksperimentlərimizə görə köçdü!
Sərt qapanma!!! Yalnız sərt və tam qapanma!” – tanınmış jurnalist Şahin Ağayev özünün “Facebook” səhifəsində yazıb.
Amma nazir əvəzi brifinqdə bildirib ki, bayram günlərində yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlı olacaq.
Teymur Musayev ölkədə vaksinasiya prosesinin uğurla davam etdiyini bildirib və qeyd edib ki, səhiyyə qrupları arasında “demək olar 90% vaksinasiya aparılıb. Təhsil sektorunda çalışanlar da bu rəqəmə yaxınlaşır. Son iki həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayı azalmaqdadır”.
Bir həftə avtobussuz
Bayram günlərində Azərbaycan əhalisinin üzləşəcəyi yeganə ciddi məhdudiyyət istimai nəqliyyatın işləməməsi olacaq.
2020-ci ilin oktyabr ayından etibrən ölkədə şənbə və bazar günləri avtobuslar işləmir. Bundan əlavə, həmin vaxtdan Bakının əsas ictimai nəqliyyat vasitəsi hesab edilən metro işini dayandırıb.
Ölkədə karantin müddəti iyunun 1-də başa çatır. Karantin uzadılmazsa, həmin tarixdən bütün məhdudiyyətlər aradan qaldırılacaq.
1 milyona yaxın insana vaksin vurulub
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Dünənə olan məlumata əsasən, ölkədə yoluxanların ümumi sayı 323841 nəfər, sağalanların ümumi sayı 298949 nəfər, həyatını itirənlərin sayı isə 4617 nəfərdir.
Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiya bu ilin yanvar ayından başlayıb və indiyədək 1 milyon 566 mindən çox vaksin dozası istifadə olunub. Birinci mərhələdə peyvənd olunanların sayı 988 minə yaxın, ikinci mərhələ üzrə 578 min nəfərdən çoxdur.
Hazırda ölkədə Çinin istehsalı olan “Sinovac” vaksinindən istifadə edilir. Lakin bu günlərdə ölkəyə Cınubi Koreyadan “AstraZeneca”, Rusiyadan isə “Sputnik V” vaksinləri gətirilib və artıq Səhiyyə Nazirliyi bu vaksinlərdən ölkə daxilində istifadəyə icazə verib.
“AstraZeneca” vaksini yaşı 60-dan yuxarı olan şəxslərə vurulacaq. “Sputnik V” ilə bağlı hələlik konkret qərar yoxdur.