Azərbaycanda 10 yaşlı qızın amansız qətlində günahlandırılan şəxs etiraf ifadəsindən imtina edib
27 yanvar
Azərbaycanda 10 yaşlı qızın qətlində günahlandırılan İlkin Süleymanov etiraf ifadəsindən imtina edib və bildirib ki, ilkin ifadəsini təzyiq altında verib.
“O deyib ki, belə bir şey olmayıb, bütün bunlar uydurulmuş ssenaridir”, – Süleymanovun vəkili bildirib.
Həmçinin vəkilin sözlərinə görə, onun müvəkkilinin bədənində zorakılıq izləri var. Müdafiə tərəfi bununla bağlı şikayət verib, amma məhkəmə vəsatəti təmin etməyib.
Baş Prokurorluq işgəncə haqda deyilənləri təkzib edib.
İlkin Süleymanov yanvarın 10-da ölkədə böyük rezonansa səbəb olan cinayət işi üzrə – 10 yaşlı Nərmin Quliyevanın oğurlanması və amansızlıqla qətlə yetirilməsində şübhəli qismində həbs olunub. Əvvəlcə o, cinayəti törətdiyini etiraf edib.
Günahı sübut olunarsa, Süleymanov ömürlük azadlıqdan məhrumetməyə qədər çox ciddi cəza ala bilər.
10 yanvar
10 yaşlı Nərmin Quliyevanın amansız qətlində şübhəli kimi saxlanılan şəxs atasının keçmiş sinif yoldaşıdır. O, öz günahını etiraf edib, amma qətlin səbəbləri hələlik bəlli deyil.
Nərmin Quliyeva noyabrın sonunda yoxa çıxıb, yanvarın 6-da isə evinin yaxınlığında yanmış meyiti tapılıb.
Bu qətl cəmiyyətdə böyük rezonans doğurub. Bir çox sosial şəbəkə istifadəçiləri qatilin tez bir zamanda tapılmasını və sərt cəzalandırılmasını tələb edirdi. Hətta bu cür hallar üçün cinayət məcəlləsinə ölüm hökmünü (Azərbaycanda 1998-ci ildən ləğv edilib) geri qaytarmağı təklif edənlər də olub. Cinayət işi prezident İlham Əliyev tərəfindən şəxsi nəzarətə götürülüb.
Saxlanılan şəxs 47 yaşlı İlkin Süleymanovdur. Polis onun evində qan ləkələrinə bənzər izlər aşkarlayıb. Nümunələr ekspertizaya göndərilib.
8 yanvar
Sosial şəbəkə istifadəçiləri 10 yaşlı Nərmin Quliyevanın qatilinin tapılıb, ağır şəkildə cəzalandırılması tələbi ilə kampaniya başladıblar. Bəziləri hətta qatil üçün ölüm hökmü də tələb edir, baxmayaraq ki, Azərbaycanda bu ən ağır cəza növü tətbiq edilmir.
Azyaşlı qız noyabrın sonunda itkin düşüb və indi məlum olub ki, o öldürülüb və yandırılıb. Qatil və ya qatillər hələlik məlum deyil.
Bu qətl Azərbaycanda uşaq haqları və onlara qarşı qəddar davranışla bağlı düskussiyanı yenidən gündəmə gətirib. Həmçinin xüsusi hallarda ölüm hökmünün nə dərəcədə yolverilən olduğu da müzakirə mövzusudur.
• Azərbaycanda səs-küylü cinayətlər necə “unudulur”?
• Gürcüstanda femisid: elan olunmuş ölümlərin xronikası
• Ermənistanda seksual zorakılıq. Tabunu sındırıb bu haqda danışmağa cəsarəti olanların hekayəsi
Ayyarımlıq axtarışlar və təsadüfən tapılan meyit
Nərmin Quliyeva Azərbaycanın şimal-qərbində, Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayırdı.
Noyabrın 21-də Nərmin yoxa çıxıb. Qızın atasının sözlərinə görə, axşam saatlarında onu evə gödəkcəsini gətirməyə göndərib və daha sonra ondan xəbər almaq mümkün olmayıb. Valideynləri polisə müraciət ediblər, amma axtarış heç bir nəticə verməyib. Yanvarın 6-da evinin yaxınlığında onun yandırılmış meyiti tapılıb.
Hələlik qızın nə zaman və necə öldürüldüyü, ayyarımdır onun harada saxlanıldığı və polisin bütün kəndi və ətrafını ələk-vələk eləsə də, onu niyə tapa bilmədiyi məlum deyil.
İnsanlar qatilə işgəncə verilməsini və edam olunmasını tələb edirlər
Bu hadisə media və cəmiyyətdə böyük rezonans doğurub.
Tovuz rayonunun deputatı Qənirə Paşayeva, ombudsmen Səbinə Əliyeva Dondar Quşçu kəndinə gəliblər. Sonuncu Baş Prokurorluğa müraciət edərək, cinayətkarın qısa zamanda tapılıb saxlanılması üçün səylərini əsirgəməməyi rica edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyanat yayıb:
“Baş verən hadisə azyaşlı uşaqların məsuliyyətini, uşaqlara, onların davranışlarına nəzarətin, onlarla ünsiyyətin, uşaqlara qarşı diqqətli və həssas olmağın vacibliyini bir daha göstərir”.
Sosial şəbəkələrdə insanlar #QatiliTapın, #UşaqlarÖlməsin, #NərminÜçünSusma heşteqləri altında kampaniya başladıblar.
İnsanların bir qismi hesab edir ki, bu, pedofilin əməlidir, digər qismi isə qızın qohumlarından şübhələnir.
Bununla yanaşı çoxlarının fikrincə, qaqil edam olunmalıdır, baxmayaraq ki, Azərbaycanın cinayət məcəlləsində ölüm hökmü nəzərdə tutulmayıb.
Bəzi şərhlər:
“Ölüm hökmünü qaytarmaq lazımdır. Belələrini güllələmək lazımdır. Yoxsa 20 il yatıb, yenə çıxacaqlar”.
“Camaatın gözü qarşısında asmaq lazımdır onu!”
“Belələrini edam etmək yox, gündən-günə işgəncə vermək lazımdır”.