Ərdoğan hökuməti lirə sınağı qarşısında
Son iyirmi ildə Türkiyə lirəsinin görünməmiş həddə dəyərdən düşməsi Ərdoğan hökumətinin etibarını ciddi sarsıdıb, vətəndaşları etiraza qaldırıb.
Noyabrın 23-də dolların məzənnəsi gün ərzində 18 faizlik yüksəlişlə 13 TL səviyyəsinə çataraq yenidən rekord qırıb. Bununla da türk lirəsi 2001-ci il iqtisadi böhranı zamanı üzən məzənnə rejiminə keçdiyindən bəri ən ağır gününü yaşayıb.
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- Türkiyə: nəzarətdən çıxan inflyasiya müxalifətin işinə yarayacaqmı?
- Türkiyə iqtisadiyyatı fəlakətlə üz-üzə. Nə baş verir və ABŞ-ın bununla nə əlaqəsi?
- Türk lirəsinin düşməsi Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?
Etirazlar
Lirənin durmadan dəyərdən düşməsi və qiymətlərin bahalaşması nəticəsində Türkiyəni vətəndaş etirazları bürüyüb. Sosial şəbəkələrdə “Hökumət istefa” heşteqli paylaşımların sayı 150 minə yaxınlaşıb. Noyabrın 23-də və 24-də paytaxt Ankara, İstanbul və İzmir şəhərlərində “AKP xalqa hesab verəcək” şüarı ilə küçələrə axışan vətəndaşlar hökumətin istefasını tələb ediblər. Bütün şəhərlərdə polis etirazçılara sərt müdaxilə edib, onlarla vətəndaş saxlanılıb.
Etirazlarda sol partiyalar da fəallıq göstərib.
“Türkiyə tarixinin ən böyük yoxsulluğunu, işsizliyini, aclığını AKP dövründə yaşayırıq. Bu iqtisadi mənzərənin tək qazananı AKP və onun rəhbər sinfidir. Ucuz işçi qüvvəsi cənnətinə çevirdikləri Türkiyəni istədikləri kimi yağmalayırlar. İşçilərin haqlarını qəsb edirlər, hər gün yeni bir bahalaşma xəbəri verilir, sonra milyonlarla əməkçidən hallarına şükür etməsini istəyirlər”, – Türkiyə İşçi Partiyasının İstanbulda Mərkəzi Bankın qarşısında keçirilən aksiyada səsləndirilən bəyanatında deyilir.
Tək çıxış yolunu “saray rejimi”nin dərhal hakimiyyətdən getməsində görən Türkiyə İşçi Partiyası ümummilli tətil çağırışı edib.
“Qurtuluş savaşı”
Noyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkənin düşdüyü iqtisadi böhranı növbəti dəfə kənar qüvvələrin oyunu kimi dəyərləndirib. Onun sözlərinə görə, günü-gündən yüksələn qiymətlər, lirənin dəyərdən düşməsi sabotaj nəticəsidir.
“Ölkəmizi stabillikdən çıxarmaq üçün valyuta məzənnələri və faizlər üzərində oynadıqları oyunu görürük. Biz eyni oyunu terror təşkilatları ilə mübarizədə də gördük, əks-hücuma keçdik və bacardıq. Eyni oyunları çevriliş cəhdində də gördük, millətimizlə birlikdə dirəndik və bacardıq. Güclü bir duruş sərgiləyərək girdiyimiz hər mübarizədən alnımızın ağı ilə çıxdıq. Millətimizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq”, – Ərdoğan deyib.
Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu prezidentin bu çıxışına sualla reaksiya verib: “Yaxşı, nə oldu ki, milli qurtuluş savaşına başladıq? Bu ölkəni başqa biri idarə edirdi?”
“Mətbəxlər yanır. İqtidar topdançıları, marketçiləri günahlandırır. Özlərilə görüşdüm, topdançılar deyirlər ki, “ilkin qiymət çox yüksəkdir, fermerə dəstək verilmir, olan dəstək də torpaq sahibinə gedir, torpağı işlədənə yox. 55 milyon ton məhsulun 29 milyonu qeydiyyatdan keçmir. Yeşiyin qiyməti içindəki pomidorun qiymətindən bahadır. Yanacaq, yol, nəqliyyat qiymətləri də maya dəyərinə təsir edir. Biz 8 faiz komissiya xərci ilə işləyirik, qiymət artırmırıq”.
Marketlərdə saatbaşı etiket dəyişən işçilər işə başlayıb. Türkiyə elə bir nöqtəyə gəlib ki, satarkən ziyana düşür. İstehsalçı qorunmasa, aclıq böhranı ilə qarşı-qarşıya qala bilərik. Satdığımız məhsulların yüzdə 77-si kənd təsərrüfatı məhsuludur. Nəzarətlə, təzyiqlə qiymətlər düşməz. Qara bazara düşər. Dollar artdıqca qiymətlər sıçrayır. Türk lirəsini əridən kimdir? Məsuliyyəti vətəndaşın üzərinə qoymağa çalışırlar”, – Kılıcdaroğlu deyib.
Ərəblərdən 10 milyard dollar
Noyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyanı qəbul edib. Onlar Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında birbaşa yatırımlar haqda razılaşma imzalayıblar. Bu razılaşma enerji, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə, maliyyə xidmətləri, qida və kənd təsərrüfatı sahələri üzrə investisiyaları əhatə edir.
Daha sonra Əbu-Dabi İnkişaf Holdinqi idarə heyətinin rəhbəri Məhəmməd Həsən əl-Suvaidi “Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə investisiya yatırmaq məqsədilə 10 milyard dollarlıq vəsait ayırdığını” bildirib.
Uzun illərdir regional problemlər üzündən münasibətləri gərgin olan Türkiyə ilə BƏƏ arasında son dövrdə iqtisadi əlaqələri gücləndirmək və aradakı gərginliyi azaltmaq üçün danışıqlar aparılırdı. Danışıqlar başlayandan bəri bu, iki ölkə arasında imzalanan ilk genişmiqyaslı iqtisadi razılaşmadır.
Bu xəbər də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərindən biri “Bizi 1 faizə (Mərkəzi Bankın uçot dərəcəsini nəzərdə tutur – JAMnews) möhtac etmədi, amma ərəblərə möhtac etdi. Gözəl ölkəm hissə-hissə satılır” sözlərini yazıb.
“Rûdaw” Media Qrupunun “Twitter”də bununla bağlı paylaşımının altında istifadəçilərdən biri isə “Lağa qoyulan ərəblərə möhtac olmaq… Heç bir xalqı aşağı görməmək lazım olduğunu anlamısınız, ümid edirəm” şərhini yazıb.
Müdaxiləsiz müdaxilə
İqtisadçıların fikrincə, baş verənlərin səbəbi prezident Rəcəb Tayyib Ərdoğanın yanaşmasıdır. Onun Nazirlər Kabinetinin iclasındakı son çıxışında işarə etdiyi yeni iqtisadi modelə görə məzənnə artımının qarşısını almaq hədəflənmir. Yüksək məzənnə ilə bərabər ixracatın artırılması da nəzərdə tutulur və inflyasiyadakı yüksəliş gözardı edilir. Bu səbəbdən iqtisadçıların fikrincə, bundan sonra məzənnənin gedəcəyi yeri təxmin etmək çox çətindir. Bu yeni sistem riskləri də özündə ehtiva edir.
Mərmərə Universitetinin İdarəçilik Fakültəsinin professoru Burak Arzova məzənnənin hara qədər yüksələ biləcəyi ilə bağlı bildirib ki, “bunun sonu yoxdur, dibsiz bir quyudur”.
“Ardıcıl faiz endirimlərinin davam edə biləcəyi və hökumətin məzənnəni saxlamaq fikrində olmadığı aydınlaşdıqdan sonra insanlar təşviş içində davamlı olaraq dollar tələb etməyə başlayıblar. Çünki məzənnəni saxlaya bilmirsinizsə və saxlamaq niyyətiniz yoxdursa, onun hara qədər gedəcəyini bilməyəcəksiniz”, – o əlavə edib.
İnflyasiyanın yaratdığı fəsadların böyük olacağını gözləyən Arzovanın fikrincə, məzənnədəki bu yüksəlişlə bərabər xarici investorlar TL aktivlərindən tamam qaçacaq. Professorun təxmininə görə, hökumət gözləyir ki, TL-dəki dəyər itkisini ixracatın yüksəlməsi, cari kəsirin azalması, bahar aylarında güclənəcək turizmlə valyuta bolluğunun olması kompensasiya edəcək, beləliklə də, məzənnə müəyyən səviyyəyə gəldikdən sonra enərək sabitləşəcək. “Amma bu yol xəritəsində məzənnənin hökumətin gözlədiyi səviyyədən daha yüksəyə qalxması ehtimalı da var”, – o deyib.