31 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağ münaqişəsi tarixinin ən qanlı faciələrindən biri baş verib. Həmin gün Ermənistan silahlı qüvvələri Xankəndidə dislokasiya olunmuş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. “Qırğın zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. 1275 mülki şəxs əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil”, – deyə Azərbaycan XİN-in məlumatında deyilir.
Bu gün bütün dünya azərbaycanlıları Xocalı faciəsinin 31-ci ildönümünü qeyd edirlər. Yerli vaxtla saat 17:00-da bütün ölkə ərazisində həmin gecənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımından 31 il ötür. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırıma məruz qalması olmuşdur”.
Laçın yolunda Xocalı faciəsinin ildönümü ilə bağlı bilbord. Foto: AzərTAc
XİN əlavə edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı alayın köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərdə mühasirədə qalan 2500-ə yaxın Xocalı sakini Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk edib. Amma onların bir hissəsi yoldaca qətlə yetirilib, bir hissəsi əsir götürülüb.
“Xocalı soyqırımı, dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi”, – deyə XİN-in məlumatında vurğulanıb.
Hazırda 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.