Putin: Bizim Abxaziya ilə xüsusi münasibətlərimiz var
Vladimir Putin və Abxaziya prezidenti Raul Xadjimbanın görüşü avqustun 8-də keçmiş sovet baş katiblərinin keçmiş sevimli bağ evində, Abxaziyadakı kiçik Pitsunda şəhərciyində keçib.
“Yenidən sizə qonaq gəlmək çox xoşdur”, – Putin Abxaziyaya minnətdarlığını bildirərkən deyib. “Ən əsası”, – o dedi, – “Ondan ibarətdir ki, bizim Abxaziya ilə xüsusi, tamamilə fərqli münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizlik və sərbəstliyini, müstəqilliyini etibarlı şəkildə təmin edirik. Əminəm ki, bundan sonra da belə olacaq”.
Görüşün jurnalistlər üçün açıq olan hissəsində çox az şey deyilib – Putin ilə Xadjimbanın görüşü yarım saatdan az çəkib. Raul Xadjimba deyib ki, “Abxaziya Rusiya Federasiyasının sayəsində sosial-iqtisadi inkişaf və infrastruktur tikintisi yolu ilə irəliləyir”.
Putin Abxaziyanın müdafiə qabiliyyətinin təmin edilməsi üzrə birgə işin zəruriliyini qeyd edib. “Birləşmiş qruplaşma çox güclü baza üzərində inkişaf edir, bizim sonrakı addımlar üzrə də razılaşmamız var”, – deyə o bildirib. Abxaziyada Rusiya vətəndaşlarının təhlükəsizlik mövzusuna da dolayısı yolla toxunulub – bu gün respublikada rusiyalı turistlərə hücum, onların qarət edilməsi və hətta qətli fonunda ən səs-küylü mövzulardan biridir.
“Abxaziya vətəndaşlarının özləri … və qonaqlar, onların haradan gəlməsindən asılı olmayaraq, o cümlədən də Rusiyadan etibarlı şəkildə qorunduqlarını anlamalı və hiss etməlidirlər”, – Rusiya prezidenti deyib.
Onun fikrincə, bu cür müdafiənin yaradılmasında böyük rolu Rusiya və Abxaziyanın daxili işlər nazirliklərinin bu yaxınlarda yaradılan birgə informasiya-koordinasiya mərkəzi oynayır.
Bu, Vladimir Putinin Abxaziyaya artıq dördüncü səfəridir. 2009 və 2011-ci illərdə o, ölkəyə Rusiyanın baş naziri kimi, 2013-cü ildə isə Rusiya prezidenti kimi gəlib. Bu dəfə Putinin işgüzar səfəri Cənubi Osetiyada 2008-ci ildə baş verən münaqişənin ildönümünə təsadüf edir.