Tbilisidə dəmir yolu yaxınlığında etiraz aksiyasının onlarla iştirakçısı saxlanılıb
foto: news.on.ge
Bu gün Tbilisi şəhər məhkəməsi Gürcüstan dəmir yolları binasının qarşısında saxlanılan 10 nəfərin işinə baxacaq. Müdafiə tərəfinin nümayəndəsi Nana Kurdovanidze jurnalistlərə bildirib ki, vəkillərə hələlik müdafiə etdikləri şəxslərin saxlanması protokolları təqdim olunmayıb və buna görə də onlar etiraz aksiyası iştirakçılarına İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə ittihamın irəli sürüldüyünü bilmirlər.
Gürcüstan dəmir yolları mərkəzi ofisinin qarşısında keçirilən aksiyanın 10 iştirakçısı polis əməkdaşları tərəfindən avqustun 24-də saxlanılıb. Saxlanılanlar arasında “115-ci auditoriya” tələbə hərəkatının üzvləri və yeni dəmir yolçuları həmkarlar ittifaqının üzvləri var.
Etiraz aksiyası avqustun 15-də dəmir yolunun iki işçisi aclıq aksiyası elan edəndən sonra başlayıb. Avqustun 17-də onlara daha 7 nəfər qoşulub. Avqustun 24-də aksiya kiçik qarşıdurma və polis tərəfindən aksiya iştirakçılarının saxlanması ilə başa çatıb.
Dəmir yolları idarəsinin binası qarşısında toplaşan aksiya iştirakçıları əvvəlcə dəmir yolu sistemində köhnə iş yerlərində bərpa olunmalarını və ya nəqliyyat və mənzil xərclərinin ödənilməsini tələb ediblər. Daha sonra bir tələb də əlavə olundu – Gürcüstan dəmir yollarının mətbuat xidmətinin rəhbəri Daça Saquriyanın və idarənin infrastruktur direktoru Vasil Xorovun istefası.
Gürcüstan dəmir yollarının rəhbərliyi cavab bəyanatı ilə çıxış edərək, yaranan gərginlikdə dəmir yolçuları həmkarlar ittifaqının rəhbərliyini suçlayıb:
“Təəssüf ki, İrakli Petriaşvili provokasiya yaratmaqda davam edir… onlar ictimaiyyətdən dəstək ala bilmədilər və ancaq onların fəallarının iştirak etdiyi bu günkü aksiyada Gürcüstan dəmir yolları idarəsinin binasına zorla soxulmağa çalışdılar ki, bunun da qarşısı polis tərəfindən alındı”, – bəyanatda vurğulanır.
Narazı dəmir yolçulara dəstək olan “115-ci auditoriya” hakimiyyətə saxlanılan aksiya iştirakçılarını təcili azad etmək və 10 gün ərzində aclıq etməklərinə səbəb olan problemlərini həll etmək tələbilə müraciət edib. “115-ci auditoriya” həm də ictimaiyyəti həmrəylik göstərmək və öz hüquqları naminə zəhmətkeşlərin hüquqlarının müdafiəsi üçün ayağa qalxmağa çağırıb.