Baş müfəttişlik Batumidə polislər tərəfindən LGBT fəallarının mümkün döyülməsi faktını araşdırır
Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi polislər tərəfindən saxlanma zamanı “Bərabərhüquqluluq naminə hərəkat”ın direktoru Levan Berianidze və həmin təşkilatın üzvü Tornike Kusianinin saxlanması zamanı zor tətbiq edilməsi ehtimalı ilə bağlı araşdırmaya başlayıb. Bu haqda quruma istinadən On.ge onlayn nəşri məlumat verir.
DİN-in məlumatına görə, 25 avqust 2017-ci il tarixində, səhər erkən Batumi bulvarında “Soxo” klubu yaxınlığında naməlum şəxslər arasında dava düşüb. Berianidze və Kusiani hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmadılar.
“Xüsusilə aqressiv davranışı ilə seçilən iki vətəndaş polislərin ictimai asayişə riayət etməklə bağlı qanuni tələblərinə tabe olmadılar, hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdilər”, – DİN bildirir və vurğulayır ki, məhz bu səbəbdən də qeyd olunan şəxslər saxlanılıb, çatdırıldıqları polis bölməsində isə onlar qanun keşikçilərinə təhqirlər yağdırmaqda davam ediblər.
DİN-in məlumatına görə, Berianidze və Kusianin keçdiyi qanda alkoqolun yoxlanması testi müsbət oldu.
Saxlanılanlar bildirir ki, Batumi bulvarında onları əvvəlcə tanımadıqları şəxslər döyüb, sonra da polis bölməsində hüquq-mühafizə orqanları əməkdaşları onları döyüb və sözlə təhqir ediblər. Berianidze və Kusiani vəkillərə həm də bildiriblər ki, DİN əməkdaşları onların döyüldüklərini görüblər, amma heç bir tədbir görməyiblər. Saxlanılanların sözlərinə görə, polislərin özləri onları homofob meyllərinə görə döyüblər.
“Hər ikisi bildirir ki, polis bölməsinə aparılarkən, DİN əməkdaşları onlara qarşı homofob təhqirlər səsləndirir, deyirdilər ki, onlar kimilərinin yaşamağa haqqı yoxdur.
Artıq polis bölməsində onları polislər döyüb, sözlə təhqir edib, guya yoxlamaq adı ilə soyunmağa məcbur ediblər. Bütün bunlar onları alçaltmaq üçün edilib”, – “Netqazeta”ya müsahibəsində vəkil Salome Qoqoberidze bildirib.
Onun sözlərinə görə, həm Berianidzenin, həm də Kusianinin bədənində döyülmə izləri var. Berianidzenin burnundan qan açılıb, gözünün altı göyərib, əllərində zərbə izləri, dizlərində yaralar var. Tornike Kusianinin gözünün altı göyərib, döyülmədən sonra qabırğalarında və belində ağrılardan şikayət edir.
Fakt üzrə Gürcüstanın Cinayət Məcəlləsinin “zor tətbiq etmə”ni nəzərdə tutan 126-cı maddəsi ilə istintaqa başlanılıb.