“Azərbaycan Hava Yolları” “Boeing” şirkətindən yeddi təyyarə alır
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) “Boeing” korporasiyası ilə beş B787-8 Dreamliner və iki B747-8F (və ya B777F) təyyarəsinin alınması haqda müqavilə imzalayıb.
Aviaşirkətin mətbuat xidməti xəbər verir ki, yeni təyyarələr $1,9 milyarda başa gələcək. Təyyarələrin 2019-2020-ci illərdə çatdırılacağı bildirilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov:
“Əlavə 787 Dreamliner təyyarələrinə sifariş verilməsi haqda qərar aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək – yeni təyyarələrin alışı bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək”.
Natiq Cəfərli, iqtisadiyyat:
“Müqavilənin Qərbə növbəti “mədəni rüşvət” olduğunu bir kənara qoysaq, AZAL kimi pis idarəçiliyi olan şirkətə bu qədər xərc qoymağın anlamı yoxdur”.
Toğrul Maşallı, iqtisadçı:
“AZAL “yenilənmiş” şirkət imici yaratmağa can ataraq, qürurla bildirir ki, onun çox gənc təyyarə parkı var – orta 9,5 yaş. Hətta özlərinin loukost-brendləri üçün onlar yeni təyyarələr alıblar, halbuki adətən belə etmirlər”.
Bu cür “yenilənmə strategiyası”nın nəticələrinə gəlincə, biletlərin qiymətləri ya artacaq, ya da əvvəlki kimi qalacaq”.
- Azərbaycan aviaşirkətinin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 təyinat məntəqəsindən ibarətdir.
- 2016-cı ildə “Azərbaycan Hava Yolları” iki milyondan çox sərnişin daşıyıb.
- AZAL Boeing 787 Dreamliner, Boeing 767 və Boeing 757, həm də Airbus 340, Airbus 320, Airbus 319 və Embraer 190 təyyarələrini işlədir – parkda cəmi 25 təyyarə var.