İşsizlik və qiymətlərin qalxması cinayətlərin artmasına gətirib çıxarıb?  " />

Azərbaycanda qadınları niyə öldürürlər?

İşsizlik və qiymətlərin qalxması cinayətlərin artmasına gətirib çıxarıb?  

“Beş-altı ay öncə Elnarənin Pirallahıda yaşayan Azər adlı şəxslə münasibətinin olmasından şübhələnmişdim. Onun yuxuda Azərlə münasibətinin olduğunu gördüm. Fikirləşdim ki, əgər bunu yuxuda görmüşəmsə, deməli, onların arasında doğrudan nəsə var. Arvadımdan şübhələndiyimə görə münasibətlərimiz soyumuşdu, tez-tez mübahisələrimiz düşürdü. Sonunda dözə bilmədim, onu öldürdüm.

Oxuduqlarınız hansısa qorxu filminin ssenarisi deyil, Bakının Pirallahı qəsəbəsində törədilən bir qətlin tarixçəsidir. Aydın Məmmədov adlı şəxs evində içdikdən sonra yuxusunu xatırlayır və arvadını amansızlıqla öldürür. Bakı Ağır Cinayətlər Məhkəməsi Aydın Məmmədovu 17 il müddətinə azadlıqdan məhrum edir. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayır.

Qadın qətlləri Azərbaycanda nəinki azalmır, əksinə günbəgün artır. Artıq qadınlar hər şeyə görə öldürülə bilir – hətta ən qəribə səbəblərə görə də. Qəribə səbəb deyəndə ağlınıza nə gəlir? Yuxuda xəyanət, telefona bir dəfə cavab verməməsi, anası evinə getmək istəməsi və ya evin soyuq olmasından şikayət etməsi.

Füzuli rayonunda Zöhrab Gəncəvi arvadı Vüsalə Əsədovanın boğazını məhz sonuncu “səbəbə görə kəsib. Vüsalə evdə istiliyin olmamasını, uşaqların üşüdüyünü deyib, əri isə onun şikayətlərinə dözməyib və öldürüb. Hadisə bu il yanvarın 6-da baş verib. Yeni ilin təkcə birinci həftəsi ərzində 4 qadın öldürülüb.

İl başa çatmadığından öldürülən qadınlarla bağlı rəsmi statistika da yoxdur. Amma “Təmiz dünya Qadınlara Yardım İctimai Birliyi il ərzində mətbuatda dərc olunan və rəsmən təsdiqlənən qadın qətlləri ilə bağlı məlumatlara istinadən öldürülən qadınların sayının əvvəlki illərə nisbətən daha çox olduğunu deyir. Bu qətllər xüsusi amansızlığı ilə seçilir. Misal üçün, kişinin üç övladının gözü qarısında hamilə arvadının başını kəsməsi ilə bağlı tük ürpədən hadisə.

Bu cür xəbərlərə QHT və mətbuat reaksiya verib və sosial şəbəkələrdə “Qadın qətllərinə son aksiyası başlayıb. Kampaniyanın təşəbbüskarı “Təmiz dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova azərbaycanlı qadınların “məişət kriminalı qarşısında aciz qaldıqları səbəbləri sadalayır: patriarxal stereotiplərin kəskinləşməsi, qadınların iqtisadi asılılığı və cəmiyyətdə itaətkar vəziyyəti, məmurların məişət zorakılığı ilə bağlı şikayətlərə kifayət qədər həssas yanaşmaması, sosial iş institutunun fəaliyyətsizliyi, erkən nikahlar və s.

Ədalətli məhkəmə neçəyədir?

Mehriban xanım bildirir ki, bəzən polis bu cür qətlləri köklü araşdırmır: “Bizə əri tərəfindən öldürülən Səbinə Verdiyevanın valideynləri müraciət edib. Onlar qızlarının qətlinin düzgün araşdırılmadığını iddia edirlər.

Səbinənin atası Məzahir Cabbarov bildirir ki, qızı xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Ata qızının bədənində kəsilmiş-deşilmiş yaraların olduğunu deyib.

Atanın sözlərinə görə, son bir il ərzində qızı həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb. Onu ata evinə qaytarıblar, amma hamilə olduğu və 3 uşağı nəzərə alınaraq yenidən ər evinə göndərilib. “Qadın elə həmin gün öldürülüb. Ancaq təəssüf ki, biz ailəyə pulsuz xidmət göstərəcək vəkil tapa bilmədik. Ailə isə vəkilə ödəniş edəcək durumda deyil, – Mehriban Zeynalova deyir.

Beləliklə də sayı artan zorakılıq faktları probleminə daha biri əlavə olunur – məhkəmələrin Azərbaycan vətəndaşlarını pulsuz ədalət mühakiməsi ilə təmin edə bilməməsi.

Cinayət Məcəlləsinə əsasən, bu cür cinayətlərə görə 17-20 il müddətinə həbs cəzası nəzərdə tutulur. Son hadisələrin fonunda isə bir çoxları, o cümlədən də deputat Elmira Axundova Azərbaycanda 1998-ci ildə ləğv edilən ölüm hökmünü qaytarmağı təklif ediblər.

Statistika

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb.

Səkkiz qadın öldürülüb, yerdə qalan cinayətlər – sağlamlığa orta və ağır zərər vurma, intihar həddinə çatdırma və s. kimi təsbit edilib.

Qadın qətlləri ilə bağlı statistika aparan jurnalist Hacı Zeynalovun hesablamalarına görə isə, Bakıda təkcə apreldə 5, bu il ərzində ümumilikdə isə 25-ə yaxın qadın qətlə yetirilib. Qatillər arasında keçmiş ərlər, keçmiş sevgililər, keçmiş qayınatalar, hazırkı ərlər, qardaşlar, qonşular var.

“Təmiz dünya öz hesablamalarından çıxış edərək, yüzdən çox qadının öldürüldüyünü bildirir.

Dövlət Statistika Komitəsinin rəsmi saytında cinayətlər qurbanın cinsi və motivi prinsipi ilə ayrılmır, buna görə də dinamikanı izləmək çox çətindir. Statistikaya görə, xüsusilə ağır cinayətlərin sayı 2000-ci illərin əvvəllərindən təxminən iki dəfə artıb və 2015-ci ildə 3 922 fakt təşkil edib.

Rəsmi məlumatları jurnalistlərin tədqiqatları və QHT-in monitorinqlərinin nəticələri ilə müqayisə etsək görərik ki, ölkədə törədilən hər on qətldən ən azı biri məişət zəminində öldürülən qadının payına düşür.

Mentalitet

Həbsxanadan qurtuluş yoxdur, amma həbsxanada da “nüfuzlu qatil kimi yaşamaq olar. Keçmişlərdən qalan ənənə hələ də Azərbaycan həbsxanalarında yaşayır. Namus üstə, misal üçün, xəyanətə görə arvadını öldürüb, həbsə düşənlərə içəridə xüsusi hörmət var.

Ölkədə kriminogen vəziyyətin pisləşməsinə daha bir səbəb cəmiyyətin sərt qadağaları və ikili standartları olan “ənənəvi təfəkkürə tərəf yuvarlanmasıdır. Bu standartlara, misal üçün, əri öləndən sonra başqası ilə görüşən qadının oğlu tərəfindən öldürülməsi, gecəni evdən kənarda keçirən qızın atası tərəfindən qətlə yetirilməsi və s. daxildir. Hətta bu qatillər haqqında şəfqətli yazılar dərc edən media da tapılır.

Hüquqşünas psixoloq Orxan Sultanov hesab edir ki, cinayətlərin sayının artmasına səbəb iqtisadi vəziyyətin pisləşməsidir: “Psixoloqların adi adamın hansı şəraitdə mənəviyyata qarşı çıxmağa başladığını müəyyən etmək üçün keçirdikləri dəhşətli eksperimentlər hamıya məlumdur. Nəticə də həmişə eyni olub – hətta yuxarı təbəqədən olan imkanlı adamlar belə çətinliyə düşən kimi özlərini heyvan kimi aparmağa başlayırlar.

Aşağı mədəniyyət səviyyəsi, təhsili olmayan insan üçün isə cəmiyyətimizdə onun “kişilik statusu yəni həmin o “qeyrət yeganə istinad nöqtəsi olur. O başqa şəkildə heç cür özünü təsdiq və ya inkişaf etdirə bilməyəndə ona qalan elə bu olur. Buna görə də həyat yoldaşının xəyanəti ilə bağlı istənilən eyham və hətta “az qazanırsan kimi narazılıqları onun özündən çıxmasına səbəb ola bilər. İşsizlik, qiymətlər artdıqca acığını çıxarmağa yer axtaran kişilərin də, məişət zorakılığı hallarının da sayı artacaq.

Dövlət nə iş görür?

Əslində qadınlara qarşı zorakılıq problemi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Komitə başçısı Hicran Hüseynova qadınlara qarşı zorakılıq probleminə həsr olunmuş konfransda bildirib ki, “Azərbaycanda qadın və uşaqların qorunması üzrə dövlət siyasəti ciddi qurulub. Sonra da Hüseynova bu işdə dövlətə kömək edə bilənləri sadalayır: qeyri-hökumət təşkilatları, akademik və elmi ictimaiyyətin nümayəndələri, kütləvi informasiya vasitələri. Sonunculara əhali arasında maarifləndirmə işi aparmaq həvalə edilir.

QHT-lərə gəlincə, zorakılıq qurbanlarına psixoloji və digər yardımın edilməsi üzrə böyük işi hazırda siyasi mühacir olan Mətanət Əzizovanın başçılıq etdiyi “Qadın Krizis Mərkəzi görürdü. “Krizis Mərkəzi işini məcburən dayandırandan sonra “Təmiz dünya zorakılıq qurbanlarının kömək üçün müraciət edə biləcəkləri yeganə yer oldu. Bir neçə il əvvəl QHT-lərin qeydiyyata düşməsi proseduru çətinləşəndən sonra yenilərinin açılmasını gözləməyə dəyməz.

Deməli, əhali arasında maarifləndirmə işi yeni nazir Mikayıl Cabbarovun başçılığı altında Təhsil Nazirliyinin üzərindədir. O da əvvəlcə vətəndaşların onun əsas fəaliyyəti ilə bağlı çoxsaylı narazılıqlarını həll etməlidir.


More on JAMnews