Reper Paster mahnısında prezident ailəsinin əmlakına eyham vurandan sonra 30 sutka həbs cəzası almışdı " />

Azərbaycanlı reper həbsdən çıxıb, onun qalmaqallı klipi isə silinib

Reper Paster mahnısında prezident ailəsinin əmlakına eyham vurandan sonra 30 sutka həbs cəzası almışdı

Paster təxəllüsü ilə məşhur olan azərbaycanlı reper Pərviz Quluzadə 30 sutkalıq inzibati həbsdən sonra azadlığa çıxıb. Azərbaycanda çoxları bu həbsi siyasi motivli hesab edir, çünki bundan az əvvəl Paster mahnılarının birində prezident ailəsinə məxsus bankın adını çəkib. Sözügedən klip reperin həbsindən sonra YouTube-dan silinib.

• Azərbaycanda andeqraunt incəsənəti – yardım əvəzinə senzura

• İncəsənət, yoxsa sosial etiraz – gürcüstanlı strit-artı nə yönləndirir?

Paster və Pasha Bank

2019-cu il dekabrın sonunda Pərviz Quluzadə narkotik maddınin təsiri altında ictimai asayişi pozmaqda ittiham olunaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Quluzadənin pərəstişkarları əmindirlər ki, bu yolla reperi öz treklərində ölkədəki vəziyyəti tənqid etdiyinə, o cümlədən də mahnılarının birində “Pasha Bank”ın adını çəkdiyinə görə cəzalandırıblar. Bu bank prezident İlham Əliyevin iki qızına məxsusdur, bankın aksionerləri və müşahidə şurasının üzvləri arasında isə birinci ledi və birinci vitse-prezident Mehriban Əliyevanın (qızlıq soyadı – Paşayeva) bir neçə yaxın qohumu var.

Pərviz Quluzadə (Paster). Foto @ paster.blessed Instagram səhifəsindəndir

Reperin yaxınları həmçinin bildiriblər ki, saxlanılandan sonra onu Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarədə döyüblər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, reper dekabrın 26-da saxlanılıb. Pərvizin yaxınları isə deyiblər ki, onun həbsi rəsmi açıqlanan tarixdən dörd gün əvvəl baş verib. Pasterin yanvarın 25-də yox, 21-də azad edilməsi də ikinci versiyanın həqiqiliyini təsdiqləyir.

Bu hadisə ölkədə böyük rezonansa səbəb olub. Çoxları Pərviz Quluzadənin dərhal azad olunmasını tələb edib. Bu hadisə sayəsində əvvəllər onun adını belə eşitməyən və ümumiyyətlə replə maraqlanmayanlar da Pasteri tanıyıblar.


More on JAMnews