İctimayyət nümayəndələri və jurnalistlər məhkəməyə buraxılmayıb " />

Azərbaycanda beş saytın bağlanması gündəmdədir – VİDEO

İctimayyət nümayəndələri və jurnalistlər məhkəməyə buraxılmayıb

Aprelin 27-də Səbail Rayon Məhkəməsində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytları, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarını bloklamaq haqda qaldırdığı iddiaya baxılıb.

Məhkəməni izləmək üçün yerli jurnalistlər, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri, həmçinin, Bakıdakı bəzi səfirliklərin nümayəndələri gəlib. Lakin açıq prosesə bir neçə nəfər xaricində heç kim buraxılmayıb.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli məhkəmə zalına buraxılmamaqla bağlı akt tərtib edib. İçəri keçə bilməyənlər akta imza ediblər. Hüquqşünas bununla bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

Meydan Tv –nin vəkili Elçin Sadıqovun söylədiyinə görə, ittiham tərəfi yuxarıda qeyd olunan media qurumlarının fəaliyyətinin cəmiyyət və dövlət üçün təhlükə yaratdığını iddia edir:

“Digər sənədlər də bizə verilməyib. Xahiş etdik ki, ittihamın nəyə əsaslandığı ilə bağlı digər sənədləri də bizə təqdim etsinlər”.

Müxalif Xalq Cəbhəsi partiyasına yaxın olan “azadlıq.info” saytının hüquqi nümayəndəsi Səməd Rəhimli jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə cavabdeh tərəfin nümayəndələrinin tələbi ilə təxirə salınıb.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, hökumətin tənqidi mediaya bu formada qadağa qoyması demokratik idarəetməyə yaraşmayan addımdır.

“azadlıq.info” saytının redaktoru Rövşən Hacıbəyli saytlarının bloklanması ilə bağlı məhkəməyə əks iddia qaldırmaq niyyətində olduqlarını bildirib.

“Biz saytımızın niyə bağlanması haqda çoxsaylı sorğular göndərmişdik. Onlar da məhkəməyə müraciət ediblər. Dövlətə və dövlətçiliyə qarşı informasiya yaydığımızı deyirlər. Amma bunlar hansı informasiyalardır? Nədən ibarətdir? Çox təəssüf ki, bu, açıqlanmır”.

Məhkəmə mayın 1-i saat 15:00-da davam edəcək.


More on JAMnews