Azərbaycan hakimiyyəti həbsdə ölən jurnalistin ailəsinə 24 min avro ödəməlidir
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) həbsdə ölən jurnalist Novruzəli Məmmədovun ailəsinə mənəvi kompensasiya qismində 20 min avro və məhkəmə xərclərinə görə 4 min avro ödəməsi ilə bağlı Azərbaycan höküməti üzərinə öhdəlik qoyub, “Kavkazskiy uzel” xəbər verir.
• AİHM azərbaycanlı jurnalistin iki iddiasını təmin edib
• Azərbaycanda “yeddi ilə məhkum edilib” ifadəsi nə anlama gəlir?
Novruzəli Məmmədov “Talışi sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru və Talış Mədəni Mərkəzinin rəhbəri idi. 2008-ci ildə o, İran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ilin avqustunda Məmmədov həbsxana xəstəxanasında dünyasını dəyişib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Novruzəli Məmmədovu siyasi məhbus kimi tanıyıb.
Talışlar fars mənşəli milli azlıqdır. Azərbaycanda onların sayı qeyri-rəsmi məlumata əsasən, yarım milyona yaxındır. Əsasən ölkənin cənubunda, İranla sərhəd rayonlarda məskunlaşıblar. 1993-cü ildə polkovnik Əlikram Hümmətov bu ərazidə Talış Muğan Respublikası elan etmişdi. Separatçı hərəkat tezliklə o zamankı prezident Heydər Əliyev tərəfindən dağıdıldı, Hümbətov isə ömürlük həbsə məhkum edildi, amma sonradan əfv olunaraq azadlığa çıxdı. Hazırda Hollandiyada həyatını davam etdirir. Həmin vaxtdan hakimiyyət vaxtaşırı olaraq “separatçılığa qarşı yoxlamalar” aparır, Novruzəli Məmmədovun məsələsi də bu zəncirin növbəti halqası kimi təqdim olunur.
Novruzəli Məmmədovun həbsinin və ölümünün təfərrüatları
İstintaqın versiyasına görə, İrana səfəri zamanı Novruzəli Məmmədov qəzetinin nəşri üçün bu ölkədən 15 min dollar alıb. Onun haqqında 10 il müddətinə azadlıqdan məhruetmə hökmü çıxarılıb.
Talış icmasının nümayəndəsi Hilal Məmmədov o zaman bu işi saxta adlandırmış və bildimişdi ki, “milli azlıqlar öz hüquqları uğrunda mübarizə aparmasınlar deyə Azərbaycanın xüsusi xidmət orqanları profilaktik iş aparır”.
Novruzəli Məmmədov ürək çatışmazlığı, hipertoniya və digər xəstəliklərdən əziyyət çəkirdi. 2009-cu il iyulun sonunda onun vəziyyyəti qəfil pisləşib, beynəlxalq təşkilatların israrı ilə onu cəza müəssisənin xəstəxanasına köçürüblər, amma azad etməyiblər. 2009-cu il avqustun 17-də o, vəfat edib.
Hələ həyatdaykən, Novruzəli Məmmədov AİHM-ə ilk şikayətini göndərmişdi. O, hazırda ləğv edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının ona qarşı qəddar davranışından şikayətlənmişdi.
Məmmədovun ölümündən sonra yaxınları eyni instansiyaya daha bir şikayət yönləndiriblər.
Məhkəmənin qərarı
2019-cu ilin fevralında AİHM Novruzəli Məmmədovun hüquqlarının Avropa İnsan Haqları Konversiyasının bir neçə maddəsi üzrə – yaşamaq hüququ, işgəncə və qeyri-insani rəftarın yolverilməzliyi, azadlıq və şəxsi toxunulmazlıq, ağlabatan müddətdə məhkəmə istintaqı hüququ – pozulduğunu qət edib.
AİHM-nin qərarı yekun deyil, üç ay müddətində bu qərardan şikayət vermək mümkündür.
İddiaçıların hüquqlarını müdafiə edən vəkil Ramiz Məmmədov bildirir ki, hökmdən tam razı deyil. O, AİHM-nin milli mənsubiyyətinə görə diskriminasiya haqda şikayəti təmin etməməsindən narazı qalıb.
Mərhum Məmmədovun həyat yoldaşı hazırda Hollandiyada yaşayır.