Xəzər dənizində necə üzmək lazımdır ki, qarğıdalı satıcısı sizi xilas etməli olmasın " />

Azərbaycan çimərliklərində insanlar niyə ölür?

Xəzər dənizində necə üzmək lazımdır ki, qarğıdalı satıcısı sizi xilas etməli olmasın

Ötən yay ərzində Azərbaycanda 50-yə yaxın adam boğulub ölüb. Düzdür, hamısı dənizdə boğulmayıb, bəzilərini Kür aparıb. Hər çimərlik mövsümü qurbanların hesablanması ilə bitir, halbuki demək olar, bütün çimərliklərdə FHN-nin xilasetmə xidmətləri var, təhlükəsizlik qaydaları da artıq çoxdan hamıya məlum olmalıdır, əslində. Onda bu, niyə baş verir?

Ötən il Bilgəh qəsəbəsinin çimərliyində az qala boğulmuşdum. Sahildən bir az uzaqda (Bakı çimərliklərində uzun qum sayları olur) dərin bir quyuya düşdük. Başımın üstündə günəş şüaları ilə işıqlanan suyu və ağlımdan keçən fikri xatırlayıram “hər şey elə indi, burada bitəcək?”.

Günahkar özləridi?

Fövqəladə Hallar Nazirliyi hər şeydə elə boğulanların özlərini günahlandırır. Xilasedicilərin sözlərinə görə, insanların suda boğulub ölməsinə əsas səbəb aşağıdakılardır:

  • qadağa nişanlarına məhəl qoymur və siqnal üzgəclərindən uzağa üzür;
  • güclü külək vaxtı üzürlər;
  • nəzarətsiz çimərliklərdə üzürlər;
  • xilasedicilərin iş vaxtı bitəndən, axşam saat 9-dan sonra dənizə girirlər;
  • öz üzmək bacarıqlarını və fiziki imkanlarını düzgün qiymətləndirə bilmirlər.

Hazırda xilasetmə stansiyaları Azərbaycanın təxminən 40 çimərliyində var. Bu, “rəsmi” sayılan, attestasiyadan keçən çimərliklərdi. Yerdə qalan nəzarətsiz çimərliklərə görə dövlət cavabdeh deyil. Və məhz bu çimərliklər də xüsusilə populyardır – orada adam az olduğuna görə.

Amma “sivil” çimərlikdə üzərkən də boğulmaq olar. Misal üçün, dənizin “dinamik dibinə” görə – bəzən burada “hələ dünən olmayan” quyular əmələ gəlir. Daha bir təhlükə əks və “sındırıcı” axınlardır, sahildən gələn və çıxmağa imkan verməyən axınlar. Dünya üzrə boğulmaların da böyük hissəsi onların payına düşür.

Sağ qalanlar

Az qala hər bir Bakı sakininin bir dəfə necə az qala boğulması ilə bağlı xatirəsi var.

Leyla Əli atası və böyük bacısı ilə çimərliyə gedəndə yeniyetmə idi.

“Üzməyi bacardığıma arxalanaraq, çox uzağa üzdüm. Qorxdum, boğulmağa başladım, tez atama əl elədim”.

Qızının sadəcə şənləndiyini düşünən atası isə cavabında ona əl eləməklə kifayətlənib. Yaxşı ki, bacısı vəziyyəti anlayıb və Leylanın köməyinə çatıb.

“Atam məyus idi, üzr istədi və yol boyu məni dilə tutdu ki, anama heç nə danışmayım, yoxsa anam onu öldürər”.

Bu, tez–tez baş verən haldır, sahildə duranlara elə gəlir ki, adam boğulmur, zarafat edir və heç kim onun köməyinə tələsmir.

Aynur Mehdiyeva altıncı sinifdə oxuyanda üzüb gedən hava ilə dolu dairənin arxasınca addım atıb, quyuya yıxılıb. Onun qışqırtısına və əl eləməsinə heç kim məhəl qoymayıb, bir azdan havası çatmayan Aynur sakitləşib, ürəyində hamı ilə vidalaşıb, ölümünü gözləməyə başlayıb. Özünə gələndə artıq sahildə imiş.

“Demə, sahildə bişmiş qarğıdalı satıcısı ötüb keçəndə mənim çabalamağımı görüb. Malını ataraq, məni xilas etməyə başlayıb”.

Necə boğulmayasan?

Boris Nəcəfov Challenge və Ironman 70.3 triatlon üzrə yarışlarda Azərbaycanı dəfələrlə təmsil edib. 2016–cı ildə o, klub üzrə həmkarı Azər Məmmədovla birlikdə Bosfor boğazını üzüb keçən ilk azərbaycanlı olub.

“Suda boğularkən özünü necə aparmaqla bağlı məsləhətləri internetdə tapmaq olar. Prinsipcə doğru məsləhətlər olsa da, üzməyi bacarmayan adamlara nadir hallarda kömək edir, panika və stress mane olur. Buna görə də Azərbaycan çimərliklərində (və ümumiyyətlə istənilən çimərlikdə) boğulmamaq üçün quyuya baş vurmağa və ya tərpənməyən əzələlərinizi sancaqla deşməyə gətirib çıxaran vəziyyətə düşməməyi məsləhət görürəm.

Öncə üzmək istədiyiniz yer haqqında məlumat toplayın. Yerli sakinlərdən xəbər alın ki, burada daşlar (xüsusilə sualtı), axınlar, torlar, dəniz heyvanları varmı. Ətrafda etibar edə biləcəyiniz bir adam tapmırsızsa ətrafınızı diqqətlə nəzərdən keçirin.

Misal üçün, dalğa varsa (mütləq deyil ki, güclü olsun) və bucaq altında dənizə vurursa, deməli, sizi yavaş–yavaş sahil boyu sağa və sola aparacaq. Yaxınlıqda daşlar varsa, həm sındırıcı axınlar, həm də gözlənilməz quyular ola bilər. Dalğa vaxtı daşların yanında üzmək obyektiv olaraq təhlükəlidir.

Təklikdə üzməyin. Yanınızda təcrübəli kiminsə olması çox yaxşıdır – boğulmağa başlasaz, sizə kömək edər və ya ən azı kimisə köməyə çağırar. Sahildə kiminsə olması və sizə arabir nəzər yetirməsi də yaxşı olar. Bu adam da kimisə köməyə çağıra bilər, əməlli–başlı boğulduğunuz vaxt isə xilasedici və ya təcrübəli üzgüçü özünü sizə bir–iki dəqiqə ərzində yetirə bilər və məhz bu vaxt da həlledici olacaq.

Azərbaycanlı xilasedicilərin insanları mütləq xəbərdar etməli olduğu isə aşağıdakıdır: xalat, cins və ya uzun şortlarda deyil, xüsusi paltarda çimmək lazımdır – münasib olmayan paltar nəinki hərəkət etməyinizə mane olacaq, həm də sizi suyun altına çəkəcək.

Suda ən təhlükəli isə elə insanın özüdür. Panika və stress nəticəsində hətta təcrübəli üzgüçülər belə özünü itirə bilər, təsadüfi deyil ki, məşq hovuzları adətən dərin olmur. Gözlənilmədən üstünüzə çıxan dalğa kimi, gözlənilmədən ayağınızın altından qaçan yer də sizi möhkəm qorxuda bilər. Unutmayın ki, panika vəziyyəti daha da ağırlaşdıracaq, sakitləşməyə çalışın, beşə qədər sayın, kəskin hərəkətlər etməyin, sonra da vəziyyətə görə davranın.

Üzməyi bacarmırsızsa, tək dənizə girməyin və uzağa getməyin. Ən doğrusu isə üzməyi öyrənməkdir. Bakıda hovuz və məşqçi xidmətlərinin qiymətləri münasibdir. Məşqçinin sizi suyun üzərində əminliklə dayanmağı öyrədəcəyi beş-altı məşqin qiyməti ucuz mobil telefonundan baha deyil – bu, sizin həyatızı xilas edəcəksə, qənaət etməyə dəyərmi?”.

Xoşbəxt olun, qızlar

Az qala hər bir bakılı bu mövzuda xoşbəxt sonluqla bitməyən bir hekayə danışa bilər. Amma bir hekayə də var – xeyli vaxt bundan əvvəl, 50-ci illərin axırlarında baş verən və şəhər əfsanəsinə çevrilən bir hadisə.

Tofiq Hüseynov adlı məktəbli növbə ilə üç boğulan qızı xilas edir, dördüncünü çıxarmağa çalışanda isə onunla birlikdə boğulur. Bir qədər sonra rejissor Eldar Quliyev qızların sonrakı həyatlarının necə qurulması və sayəsində sağ qaldıqları oğlanı necə xatırlamalarından bəhs edən “Xoşbəxt olun, qızlar” filmini çəkir.

Bakıda 134 saylı məktəb Tofiq Hüseynovun adını daşıyır. Bir neçə il əvvəl isə məktəbi təmir edib, Təhsil kompleksi elədilər, Tofiq Hüseynovun adını isə qaytarmağı “unutdular”. Elə bil rejissora bu, ayan olmuşdu – onun filmində də xilas edilən qızlar illər sonra öz xilaskarlarını çətinliklə xatırlaya bilirdilər.

Yeri gəlmişkən, həmin o dibdəki quyuya mən təklikdə deyil, başqa bir nəfərlə birlikdə düşdüm. Həmin adam bəlkə də məni xilas edə bilərdi, əllərim və ayaqlarımla ona sarılıb, özümlə suyun altına aparmasaydım. Özünüqoruma instinkti üstə gəl qorxu özünü məhz bu cür aparır. Buna görə də bəzən təcrübəli xilasedicilər belə boğulan adamı təkbaşına xilas edə bilmir.

…Nəticədə hər ikimizi dostumuz – yaxşı üzgüçü və fiziki gücü olan adam xilas etdi. Bu, ilk cəhddən alınmadı – güclü axın onu başqa səmtə aparır və çox yaxına gəlməyə imkan vermirdi. Sahilə çıxandan sonra isə beynimə iki fikir gəldi.

Birinci fəlsəfi fikir: «İnsan həyatı cəmi iki saniyə içində bu cür qırıla bilərmiş».

İkinci səfeh fikir: «Görəsən, boğulanda kənardan necə görünürdüm? Kinodakı qızlar kimi, yoxsa…? Necə?!”.

“Pişik kimi”, – xilaskar dostum insafsızca dedi.

İndiyə qədər də qəşəng, kinodakı kimi boğulmamağımın əzabını çəkirəm.

 

Facebook Comments

More on JAMnews