İqtisadi və humanitar əməkdaşlıq imkanları müzakirə olunur " />

Abxaziya Suriya ilə münasibətlər qurur, Gürcüstan etiraz edir

İqtisadi və humanitar əməkdaşlıq imkanları müzakirə olunur

Abxaziyanın nümayəndə heyəti Suriyaya səfər edərək, Dəməşqdəki beynəlxalq ticarət yarmarkasında iştirak edib və ölkənin bir neçə yüksəkvəzifəli şəxsləri ilə görüşüb.

Abxaziyanın xarici işlər naziri Daur Kove, iqtisadiyyat naziri Adqur Ardzinba və Abxaziyanın Ticarət-sənaye palatasının prezidenti Gennadi Qaquliya Suriyanın xarici işlər naziri Valid əl-Muallemlə danışıqlar aparıblar

“Biz ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları barədə danışdıq”,  – deyə jurnalistlərə xarici işlər naziri Daur Kove bildirib.

İqtisadiyyat naziri Adqur Ardzinba isə bu cür əməkdaşlığın texniki tərəfindən söhbət açıb və bildirib ki, Abxaziya artıq Rusiya ilə Suriyanı bağlayan nəqliyyat logistika zəncirinin bir hissəsi ola bilər.

Misal üçün, Ardzinba deyib ki, Abxaziyaya Suriyadan xammal çatdırmaq, orada həmin xammaldan malın istehsalını təşkil etmək və onların Rusiya bazarına çatdırılmasını təmin etmək olar.  

“Buna Abxaziyanın Rusiya Federasiyası ilə rüsumsuz ticarət haqqında razılaşması kömək edə bilər”, – iqtisadiyyat naziri bildirib.

Onun məlumatına görə, həm də Abxaziyanın Suriyada və əksinə ticarət nümayəndəliklərinin açılması, bundan başqa, perspektivdə ikitərəfli rüsumsuz ticarət aparmaq imkanı verən sənəd hazırlamaq imkanları da müzakirə olunurdu. Bu cür sənədin ilk versiyası yaxın zamanlarda hazırlanaraq Suriya rəhbərliyinə göndəriləcək, Adqur Ardzinba deyib.

O həm də bildirib ki, Suxum dəniz limanı ilə Suriya dəniz limanı arasında məsafə 1,400 dəniz mili təşkil edir, yüklə dolu gəmi bu məsafəni 5 günə qət edir. “Bu da uzun yol deyil”, – Ardzinba deyib.

Abxaziyanın Ticarət-sənaye palatasının prezidenti Gennadi Qaquliyanın jurnalistlərə bildirdiyinə görə, palatanın nümayəndə heyəti Suriyada ilk dəfə doqquz il əvvəl olub. Amma o vaxt Suriyanın Ticarət palatası ilə müqavilə imzalamaq alınmayıb.

“Sonrakı əlaqələr artıq müharibə dövründə qurulub, 2015-ci ildə də biz Suriyanın İxracatçılar Assosiasiyası və Dəməşq Sənaye Palatası ilə müqavilə imzalamışıq. Onlar da Livana xüsusi olaraq müqavilə imzalamaq üçün gəlmişdilər”, – Gennadi Qaquliya deyib.

Xarici işlər naziri jurnalistlərə onu da bildirib ki, Suriyada rəsmi görüşlər zamanı həm də Suriya tərəfindən Abxaziyanın müstəqilliyinin tanınması məsələsi müzakirə olunub.

“Biz hadisələrin gedişatını tələsdirmirik… hazırda biz iqtisadiyyat və humanitar əlaqələrin inkişaf imkanları barədə danışırıq. Suriyada böyük çərkəz diasporu yaşayır  və adıq xalqları nümayəndələrini birləşdirir ki, bu da  Abxaziya ilə Suriya arasında qarşılıqlı münasibətlərin çox vacib bir amilidir”, – deyə Daur Kove bildirib.

Gürcüstan hakimiyyəti Dəməşqə Abxaziya nümayəndə heyətinin səfəri ilə bağlı etiraz notası göndərib. Abxaziya hakimiyyəti nümayəndələri Tbilisinin bu reaksiyasını aşağıdakı kimi şərh ediblər:  

Xarici işlət naziri Daur Kove: 

“Nota göndərmək, etiraz bildirmək suveren dövlətin haqqıdır, necə ki, başqa dövlətlərlə əlaqələrimizi inkişaf etdirmək bizim haqqımızdır. Bu gün Gürcüstan rəhbərliyi çox güman ki, respublikamızın izolyasiyasına yönələn siyasətini davam etdirir”.

İqtisadiyyat naziri Adqur Ardzinba:

“Bu yaxınlarda Gürcüstanın baş nazirinin çıxışını oxudum, o, Abxaziya sakinlərinin ağır iqtisadi vəziyyətindən narahatlığını ifadə edirdi. Amma biz ticarət, iqtisadi münasibətləri quranda və Gürcüstan hökuməti bunu blok edəndə, axı bütün bunlar Abxaziyanın iqtisadi vəziyyətinin ağırlaşmasına xidmət edir”.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews