Erməni ekspertlərinin Ermənistan-İran əməkdaşlığının iqtisadi potensialı ilə bağlı şərhləri" />

Perspektivsiz perspektiv

Erməni ekspertlərinin Ermənistan-İran əməkdaşlığının iqtisadi potensialı ilə bağlı şərhləri

İranın nüvə proqramı üzrə razılığın əldə edilməsi və Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvindən sonra Ermənistanın qarşısında bu ölkə ilə daha dərin əməkdaşlığın qurulması perspektivi açılıb kimidir.

Ermənistan regionun azsaylı ölkələrindən biridir ki, İranın onunla qarşılıqlı münasibətlərində problem yoxdur. Eyni zamanda İran Avropa bazarına girməyə çalışır ki, Avropaya ən qısa yol da Ermənistandan keçir. Bundan başqa, Ermənistanın geosiyasi vəziyyəti İrana təkcə Avropa İttifaqı ölkələri və ABŞ-la deyil, həm də Avrasiya İqtisadi Birliyi və Rusiya ilə ticarət münasibətlərini qurmaq imkanı verir.

Foto: Qevorq Kazaryan

Bütün problem İranın malının, əsasən də enerji daşıyıcılarının beynəlxalq bazara çatdırılacaq nəqliyyat qovşaqları və magistrallar məsələsi ilə bağlıdır. Ermənistan öz potensialından istifadə edə və İranın iştirakı ilə həyata keçiriləcək yeni regional layihələrdə əsas oyunçu ola biləcəkmi?

Son zamanlar tez-tez İranla Ermənistan arasında yeni dəmir yolunun tikintisindən danışırlar. Bu dəmiryolunun Ermənistan ərazisindən keçən hissəsinin tikintisi ölkəyə ilkin hesablamalara görə, təxminən beş milyard dollara başa gələcək. Hələliksə Ermənistan layihənin reallaşdırılması üçün sərmayədarlar tapa bilmir. İran tərəfi isə dəmir yolunun ancaq öz ərazisindəki hissəsini maliyyələşdirməyə hazırdır.

Cari ilin əvvəlində İranın təbii qazının Ermənistan ərazisindən Gürcüstana nəqlinin mümkünlüyü barədə danışılırdı. Amma bu məsələdə də heç bir ciddi addım atılmadı.

Qoar İskandaryan

İranşünas, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi

İran Ermənistanla iqtisadi münasibətləri inkişaf etdirməyə can atır, bununla belə, İran tərəfi başa düşür ki, Ermənistan vacib strateji məsələlərlə bağlı qərarları müstəqil şəkildə qəbul etmir. Eyni zamanda Rusiya ilə İran enerji sahəsində rəqibdirlər və İranın enerji ehtiyatlarının Ermənistan vasitəsilə Rusiyanın lider mövqe tutduğu Avropa bazarlarına gətirilməsi Rusiyanın xeyrinə deyil.

Çətin ki, Ermənistanın qaz bazarında inhisarçı olan “Qazprom enerji şirkəti özünün paylayıcı şəbəkəsindən İran qazının Gürcüstana, oradan da Avropaya nəqli üçün istifadə etməyə imkan versin. Bunun üçün ya yeni boru tikmək, ya da Rusiyanı bu layihədə iştirak etməyə maraqlandırmaq lazımdır.

Ruben Meqrabyan

politoloq, Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti

İran üçün çox vacibdir ki, kommunikasiyaların inkişafı onun siyasi asılılığına səbəb olmasın. O, münasibətlərini elə qurur ki, bu kommunikasiyalar bir-birini tamamlasın və balanslaşdırsın.

Bu mənada da Ermənistandan keçən kommunikasiyalar İran üçün vacibdir, çünki bu zaman Ermənistan və Gürcüstan tərəfindən İrana hər hansı siyasi təsir imkanı istisna olunur. Bundan başqa, həm Ermənistanın, həm də Gürcüstanın Qərblə münasibətlərində problemləri yoxdur.

Rusiya karbohidrogen ehtiyatları sahəsində, eyni zamanda kommunikasiya və nəqliyyat potensialı sahəsində İranı özünə ciddi rəqib sayır, buna görə də Rusiya İranın enerji daşıyıcılarının Avropa bazarına çıxışına mane olur. Rusiya başa düşür ki, İran qazı Ermənistan-Gürcüstan yolu ilə Avropaya çatdırılsa, o regiondakı bütün təsir rıçaqlarını itirəcək. Buna görə də Rusiya Ermənistan hakimiyyəti üzərindəki təsirindən istifadə edərək, bütün yollarla Fars körfəzi və Qara dəniz arasında Ermənistan vasitəsilə əlaqə yaratmaq cəhdlərinin qarşısını alır.

Vaaqn Xaçatryan

iqtisadçı

Sanksiyalar ləğv olunandan sonra İran intensiv şəkildə regionun bütün ölkələri ilə ticarət münasibətlərinin inkişaf variantlarını axtarır. Ermənistan şaxələndirmə siyasəti aparan və öz iqtisadi münasibətlərini hansısa bir tərəfdaşla qurmayan İran üçün perspektivli ölkədir. Amma bu gün Ermənistan İranın Avropaya istiqamətlənən layihələrində iştirak etməyə hazır deyil.

Ermənistanın mövcud infrastrukturu, o cümlədən də nəqliyyat infrastrukturu beynəlxalq standartlara cavab vermir. İran-Ermənistan dəmir yolunun tikintisi perspektivi hələ də dumanlıdır. Bu layihənin reallaşdırılmasına başlamaq üçün iri yatırımlar tələb olunur, Ermənistanda bu maliyyə yoxdur, sərmayələr cəlb etməyə isə dövlətin beş milyard dolları aşan borcu imkan vermir.

Avtomobil yolu haqqında “Şimal-Cənub magistralının tikintisi başa çatandan sonra danışmaq mümkündür. Onun da beynəlxalq standartlara cavab verib-verməməsi məsələsi böyük sual altındadır.

Dərc olunub: 27.09.2016


More on JAMnews