2001-ci ildə Portuqaliya Avropada dozadan artıq narkotik istifadəsinə görə ölüm hallarının sayına görə Avropada birinci yer tuturdu, 2016-cı ildə axırdan ikincidir " />

Yeni narkosiyasət: Portuqaliyanın nümunəsi nəyi öyrədir?

2001-ci ildə Portuqaliya Avropada dozadan artıq narkotik istifadəsinə görə ölüm hallarının sayına görə Avropada birinci yer tuturdu, 2016-cı ildə axırdan ikincidir

Yanvarın 25-də Gürcüstan parlamentinin binası önündə hakimiyyətin sərt narko-siyasətinə qarşı növbəti aksiyası baş tutub.

Yanvarın 23-də Tbilisi şəhər Məhkəməsi artist Giorgi Giorqanaşvilini xüsusilə iri həcmdə narkotik maddələrin əldə edilməsi və saxlanmasına görə 8 il müddətinə azadlıqdan məhrum etdikdən.

Gürcüstanda sərt narkosiyasət var, orta hesabla hər üçüncü məhbus narkotik cinayətinə görə cəza çəkir. Halbuki o danılmazdır ki, bu cür sərt tədbirlərə baxmayaraq, hakimiyyət problemi həll edə bilmir.

Anakliyada keçirilən GEM FEST elektron musiqisi festivalında avqustun 4-də narkotik maddədən intoksikasiya üzündən 22 yaşlı qız dünyasını dəyişib. Daha 6 nəfər koma vəziyyətində xəstəxanaya çatdırılıb. Yayılan informasiyaya görə, onlar ola bilsin ki, GHB klub narkotikindən istifadə ediblər ki, onun da dozasının azacıq artıq olması kəskin intoksikasiyaya səbəb olur.

Cəmiyyətin bir hissəsi hesab edir ki, problem məhz sərt qanunvericilikdən qaynaqlanır. Dekriminalizasiyanın tərəfdarları adətən nümunə kimi narkomaniya ilə mübarizə aparan Portuqaliyanı göstərirlər. JAMnews Portuqaliyada nələrin baş verdiyini və bu ölkənin başqa ölkələr üçün nümunə olmasının səbəblərini araşdırmağa çalışacaq.

Niyə Portuqaliya?

2000-ci illərin əvvəllərində Avropanın ən kasıb ölkələrindən biri olan Portuqaliya üçün irəlidə yaxşı heç nə görünmürdü. Ölkə narkomaniya epidemiyasının astanasında dayanmışdı. Portuqaliyada Avropa miqyasında ən çox sayda narkotik aludəçisi, HİV-ə yoluxan və QİÇS xəstəsi varıydı. Ölkənin 1% sakini heroindən asılı idi. Hər il 10 milyon sakini olan Portuqaliyada HİV-ə yoluxanların sayı 2 min artırdı. Əksər yoluxanlar damar daxili narkotik istifadəçisiydi.

Baş verənlərin səbəbini tədqiqatçılar 1974-cü ildə baş tutan çevriliş səbəbindən yaranan radikal siyasi və sosial dəyişikliklərində görür. Dinc “zanbaq inqilabı” diktator Antoniu Salarasın avtoritar rejiminə son qoymaqla yanaşı çox sayda başqa problem gətirdi.

Qapalı ölkə azadlığı hiss etdi, narkotikləri artıq yaxşı tanıyan Qərb dünyasının bir hissəsi oldu, portuqaliyalıların da tezliklə onların dadına baxmaq imkanı yarandı. Bura həm də Portuqaliyaya repatriantların qayıtması faktı da əlavə olundu, onlar da özləri ilə “narkotik haqqında biliklərini” gətirdilər.

Tezliklə Lissabon Cənubi Amerika kokaini, Yaxın Şərq heroini və Afrika həşişi üçün Avropanın mərkəzi qapısına çevrilir. İyirmi il ərzində Portuqaliya hakimiyyəti başlarına gələn bəla ilə ənənəvi metodlarla – sərt qanunvericilik, sıfır tolerantlıq, uzunmüddətli həbsxana həyatı ilə mübarizə apardı. Amma heç bir xüsusi nəticə əldə etmədi.

Ölkədə qızğın diskussiyalar gedirdi – siyasətçilər və ekspertlər problemlə necə mübarizə aparmaqla bağlı mübahisə edirdilər.

Yaradılan “Milli narkotiklərlə mübarizə strategiyasının yaradılması üzrə komissiya” ölkə üzrə narkotiklərlə bağlı vəziyyətin genişmiqyaslı araşdırmasını həyata keçirdi. Məhz bu komissiyanın tövsiyəsi ilə Portuqaliya hakimiyyəti inqilabi bir qərar qəbul etdi – narkotik istifadəçilərinə deyil, müalicəyə ehtiyacı olan problemlə – narkomaniyaya qarşı mübarizə aparmaq.

2001-ci ilin iyul ayında Portuqaliya narkomaniyaya aid tamamilə yeni qanunlar qəbul etdi, proqramlar işə saldı. Yeni yanaşmanın irəli sürdüyü tələbə görə, narkotik istifadəçiləri və onların problemləri hüquq-mühafizə orqanlarının deyil, səhiyyənin preroqatividir. Yeni qanunvericiliyin mərkəzində insanın özü, onun maraqları, sağlamlığına, həyatı və hüquqlarına qayğı durdu.

Portuqaliyada qanunvericilik necə işləyir?

Portuqaliyada məhz istifadəçiyə məxsus olan istənilən narkotikin saxlanması dekriminallaşdırılıb.

Dekriminalizasiya leqallaşdırma demək deyil, yəni Portuqaliyanın aptekində heroin almaq mümkün deyil. Amma polisin şəxsdə aşkar etdiyi istənilən narkotik maddənin 10 günlük normasını aşkar etdiyi zaman onu cinayət məsuliyyətinə cəlb etmək haqqı yoxdur. Polisin bu adamı həbs etməyə ixtiyarı yoxdur – o sadəcə onun haqqında məlumatları qeyd edərək, onları xüsusi komissiyaya göndərir. Portuqaliyada onlarla bu cür komissiya fəaliyyət göstərir. Məhz bu komissiyalar Portuqaliyada narkotik istifadəçisinin taleyini həll edir, polis yox.

Polisdən məlumat alandan sonra komissiya inzibati prosesə başlayır. Komissiya üç nəfərdən ibarətdir: sosial işçi, psixoloq və hüquqşünas. Onlar konkret işi araşdırır, onu təhlil edir və insanın hansı tip narkotik istifadəçisi olması, onun hansı növ yardıma (cəzaya yox) – reabilitasiya kursu, psixoloji kömək və s. – ehtiyacı olması ilə bağlı qərar verirlər.

İşi araşdırandan sonra komissiya aşağıdakı qərarlardan birini qəbul edə bilər:

– şəxsə 25 avrodan 150 avroya qədər cərimə kəsmək;

– başqa insanların həyatına görə məsuliyyəti nəzərdə tutan vəzifəni tutmağı qadağan etmək;

– gecə klublarına getməyi qadağan etmək;

– xaricə getməyi qadağan etmək;

– silah gəzdirməyi qadağan etmək;

– şəxsi narkotik ehtiyatlarını müsadirə etmək;

– şəxsi dövlət yardımı və ya müavinətindən məhrum etmək, əgər bunlardan istifadə edirsə.

Bu cür haqları olan komissiyanı zərərsiz adlandırmaq mümkün deyil. Amma burada aşağıdakı məqam vacibdir: bu cür tədbirlərə komissiya ancaq xüsusi hallarda müraciət edir və bunu olduqca açıq və şəffaf şəkildə əsaslandırır, çünki komissiyanın əsas vəzifəsi insanı cəzalandırmaq deyil. Əksinə, komissiya insana narkotik asılılığından qurtulmağa kömək etməlidir.

Amma Portuqaliya modelinin əsasını ancaq liberal qanunvericilik təşkil etmir. Buna paralel olaraq 2000-ci illərin əvvəllərindən dövlət reabilitasiya mərkəzləri açdı. Bu gün Portuqaliyada yüzlərlə belə mərkəz var. Burada narkotikdən asılı insanlar detoksikasiya və reabilitasiya kursları keçir. Bütün bunlar dövlət tərəfindən maliyyələşdirilir.

Portuqaliyada həm də narkotikdən asılı şəxslərin metadon və buprenorfinlə müalicəsini nəzərdə tutan proqramlar işləyir. Üç reinteqrasiya proqramı isə keçmiş narkotikdən asılı insanlar üçün treninqlərin keçirilməsi ilə məşğul olur, onlara ev və iş axtarmaqda kömək edir.

Bütün ölkə üzrə minlərlə aptek istifadə edilmiş şprisləri qəbul edir, əvəzində də narkotikdən asılı insanlara pulsuz yeni dəstlər verirlər. Dəstdə adətən bir neçə təzə şpris, prezervativ, pambıq, spirt və reabilitasiya mərkəzləri haqqında informasiya kitabçaları olur. Portuqaliyada bu cür dəstlər küçələrdə də paylanır. Bu, damar daxili narkotik istifadəçisinin şprisdən təkrar istifadə edərək, hansısa virus və infeksiyaya yoluxmaması üçün edilir.

Buna paralel olaraq Portuqaliyada prevensiya üzrə intensiv iş həyata keçirilir. Narkomaniyanın profilaktikası məktəb proqramının bir hissəsidir. Əsas məqsəd yeniyetmələrin məlumatlandırılmasıdır, şagirdlər treninqlər keçir, narkotik və psixotrop maddələrin ziyanı barədə, onların gətirdiyi fəsadlar barədə öyrənirlər.

Bütün bu narkomaniya ilə mübarizə kompleksi dövlət büdcəsindən maliyyələşdirilir.

Avropanın ən kasıb ölkələrindən biri buna necə nail ola bildi? Onlar sadəcə narkotik istifadəçilərinin cinayət təqibinə – polisə, məhkəmələrə, islah müəssisələrinə və s. xərclənən pulları xeyli azaltdılar və bu vəsaiti səhiyyəyə – reabilitasiya və xüsusi proqramlarla yönəltdilər.

Görülən tədbirlər hansı nəticələri verdi?

Yeni qanunvericilik Portuqaliyanı liberal yanaşmalara qarşı çıxanların düşündüyü kimi, bütün dünyanın narkotik istifadəçiləri üçün Məkkəyə çevirmədi. Əksinə, bu ölkə narkomaniya ilə bağlı problemlərin və zərərin miqyasını əməlli-başlı azaltdı.

Misal üçün, bir neçə rəqəm:

2001-ci ildə Portuqaliyada min, 2012-ci ildə isə 56 QİÇS xəstəliyinə yeni yoluxma halı qeydə alınıb. 2001-ci ildə dozadan artıq narkotik istifadəsinə görə 80, 2012-ci ildə isə 16 nəfər dünyasını dəyişib.

Əgər 2001-ci ildə narkotik cinayəti ilə bağlı 14 min cinayət işi açılmışdısa, 2012-ci ildə bu göstərici 6 minə qədər azaldı.

“Avropa narkotik və narkotik istifadəçilərinin monitorinqi mərkəzi”nin məlumatına görə, bu gün Portuqaliya dozadan artıq narkotik istifadəsi səbəbindən ölüm hallarının sayına görə axırdan ikinci yeri tutur, axırıncı yerdə Rumıniyadır.

Dekriminalizasiyadan sonra narkotiklərin yayılma əmsalı bütün yaş qruplarında azalıb. Ən böyük nailiyyət isə 15-24 yaş qrupunda narkotik istifadəçilərinin sayının ildən ilə stabil olaraq azalması hesab olunur.

İnqilabi qanunvericiliyin qəbul edilməsi asan iş olmadı. O vaxtlar islahatçılara qarşı çıxan çox sayda insan peyda oldu, onların arasında güc qurumları işçiləri də varıydı. Hər şeyin siyasi iradə və yaradılmış vəziyyətlə həll olunmasına baxmayaraq hamı bir fikirlə razıydı ki, repressiya siyasəti özünü doğrultmadı və mütləq nələrisə dəyişmək lazımıydı.

Bu gün, 16 il keçəndən sonra heç bir portuqaliyalı siyasətçi özünün seçki proqramında deməyəcək ki, liberal yanaşma səhv idi və əvvəlki sərt narkosiyasətə qayıtmaq lazımdır.

Aydındır ki, bu, Portuqaliyanın narkomaniyaya qalib gəlməsi anlamına gəlmir. Buna hələ ki, dünyanın heç bir ölkəsi nail ola bilməyib. Portuqaliyada bu gün də mövcud problemlərlə mübarizə aparırlar, amma vəziyyət yaxşılaşıb və hakimiyyət vəziyyətə nəzarət edir.

REUTERS/Rafael Marchante

Portuqaliya beynəlxalq hesabatlarda

“Qlobal narkosiyasət üzrə komissiya”nın 2016-cı il üzrə hesabatında Portuqaliya pozitiv nümunə kimi göstərilir.

“Qlobal narkosiyasət üzrə komissiya” müstəqil ekspertlər qrupudur, onlar 2011-ci ildən hər il dünya tendensiyaları barədə hesabatlar dərc edir. Komissiya “ağır çəkili” ekspertlərdən ibarətdir – Kofi Annan, Havyer Solana, Nobel laureatı, yazıçı Mario Varqas Lyona. (Ekspertlərin tam siyahısı və 2016-cı il üzrə hesabat burada).

Hesabat “Narkosiyasətdə islahat yolu ilə: dekriminalizasiyaya tərəf yeni yanaşma” adlanır. Onun əsas mesajı ondan ibarətdir ki, komissiya üzvləri dünya ölkələrinin hökumətlərinə sərt narkosiyasətdən imtina etməyi və narkotiklərin dekriminalizasiyasına tərəf addım atmağı təklif edirlər.

Komissiyanın ekspertləri öz mövqelərinin doğruluğuna sübut olaraq aşağıdakı rəqəmləri gətirir:

2003-cü ildə 15-63 yaş arası 185 milyon adam (Yer kürəsi əhalisinin 4,7%-i) etiraf ediblər ki, son 12 ay ərzində azı bir dəfə narkotik istifadə ediblər; 2014-cü ildə onların sayı 33%, 247 milyona qədər artdı (Yer kürəsi əhalisinin 5,2%-i). Müntəzəm narkotik istifadə edənlərin də sayı artdı –2003-cü ildə onların sayı 27 milyon, 2014-cü ildə isə 29 milyon oldu.

“Aydın məsələdir ki, narkotik istifadəçilərinin sayının artmasına və azalmasına bir çox amillər təsir edir, amma bununla yanaşı da tam aydındır ki, cəza tədbirləri effektiv olmadı. Bundan əlavə, bu cür yanaşma ağır tibbi və sosial nəticələrə gətirib çıxardı. Hər il narkonəzarət bəhanəsilə çox sayda insan haqlarının pozulması halları baş verir – məhkəmələrin çıxardığı ölüm hökmlərindən və polis tərəfindən işgəncələrdən tutmuş, qeyri-humanist məcburi müalicə metodlarına qədər”, – hesabatda deyilir.

Bu komissiyanın üzvlərindən biri, BMT-nin keçmiş baş katibi Kofi Annan hesabatı təqdim edəndən sonra “Şpiqel” jurnalına müsahibəsində bildirib ki, bəşəriyyət narkotiklərlə mübarizədə məğlub olub və narkotiksiz dünya xülyadan başqa bir şey deyil. Buna görə də artıq yaranan reallıqdan çıxış etmək lazımdır:

“Həmişə dediyimi bir daha təkrar edəcəm: narkotiklər bir çox insanın sağlamlığına və həyatına son qoyub, amma hökumətin yanlış siyasəti daha çox insanın həyatını puç edib ”, – Kofi Annan deyir.

Doktor Joao Julao dekriminalizasiya proqramının memarlarından biri hesab olunur. “Portuqaliyada baş verənlər müxtəlif amillərin birliyi sayəsində mümkün olub, – o deyir. – Biz paradiqmanı dəyişdik – hüquq-mühafizə orqanlarını narkotik istifadəçilərini təqib etmək imkanından məhrum etdik, çünki bu, bizə baha başa gəlirdi və həmin pulları səhiyyə sahəsinə yönəltdik. Və bu gün də məhz səhiyyə narkotik istifadəçilərinin qayğısına qalır. Həm də şübhəsiz həlledici bir amil də var ki, biz narkotik istifadəçilərinin üstündən damğanı götürdük və onlara öz problemləri barədə açıq danışmaq, reabilitasiya mərkəzilərinə açıq müraciət etmək imkanı verdik”.


More on JAMnews