Bir çox ekspertlər bu qərarla razı deyillər " />

Gürcüstanda ölkənin təhlükəsizliyinə bundan sonra prezident deyil, baş nazir cavab verəcək

Bir çox ekspertlər bu qərarla razı deyillər

Prezident iqamətgahı. REUTERS/David Mdzinarişvili

Dünəndən etibarən Gürcüstanda Təhlükəsizlik Şurası yoxdur. Parlamentin müvafiq sərəncamını noyabrın 21-də prezident Giorgi Marqvelaşvili imzalayıb.

İndiyə qədər Təhlükəsizlik Şurasına prezident rəhbərlik edirdi. Lakin bundan sonra baş nazirin rəhbərlik edəcəyi yeni struktur yaradılmalıdır. Bu struktur isə, güman edildiyinə görə, 2018-ci ilin sonunda formalaşdırılacaq və yeni qanuna müvafiq olaraq, prezident dövlətin təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qərarların qəbul edilməsindən tamamilə kənarlaşdırılacaq.

Bu ölkə prezidenti vəzifəsində ikən Giorgi Marqvelaşvilinin imzaladığı son sənədlərdən biridir. Noyabrın 28-də Gürcüstan yeni prezidentini seçəcək. İkinci turda bu post uğrunda hakimiyyətyönlü namizəd Salome Zurabişvili və birləşmiş müxalifətin nümayəndəsi Qriqor Vaşadze mübarizə aparacaqlar.

•Gürcüstanda 2018-ci ilin prezident seçkiləri haqqında nələri bilmək lazımdır

•Gürcüstanda bank kreditləri üzrə borclar silinir – amma hamı üçün deyil

•Gürcüstan siyasətinin fenomeni haqqında – prezident qeyri-formal rəhbərə qarşı

•Gürcüstanın hakim partiyası olan “Gürcüstan arzusu”nun siyasi prioritetləri hansılardır

İndiyə kimi Təhlükəsizlik Şurasına prezident rəhbərlik edirdi. Təhlükəsizlik Şurasına daimi üzv statusu ilə baş nazir də daxil idi. Şuranın digər üzvləri güc strukturlarına başçılıq edən nazirlər, aparıcı parlament komitələrinin rəhbərləri, Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı, milli təhlükəsizlik məsələləri üzrə prezident müşaviri, həmçinin Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi idi.

Kim hansı arqumentləri gətirir

Hakimiyyətin əsas arqumenti budur – Gürcüstan parlament respublikasıdır və bu cür vacib məsələ təmsilçilik funksiyaları daşıyan prezidentin deyil, güclü baş nazirin səlahiyyətində olmalıdır.

Müxalifət və ekspertlər hesab edirlər ki, Gürcüstan kimi ölkədə Təhlükəsizlik Şurasına və onun funksiyalarına daha məsuliyyətlə yanaşmaq lazımdır.

Müxalif “Avropa Gürcüstanı” partiyasından deputat Sergi Kapanadze «Exo Kavkaza» nəşrinə bildirib ki, yeni institutun yaradılması ideyası “dumanlı perspektivdir, belə ki, hazırkı parlamentin və baş nazirin fikrincə, bu struktura kəskin zərurət yoxdur və onun funksiyalarını hökumətə ötürmək olar, bu isə özü-özlüyündə absurddur”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Giorgi Qobronidze deyir ki, yeni Konstitusiyaya əsasən, prezident doğrudan da zəif fiqur olsa belə, onun ölkənin təhlükəsizlik məsələlərindən tam uzaqlaşdırılması məntiqə sığmır:

“Unutmaq olmaz ki, prezident yüksək legitimliyə malik seçkili vəzifədir və bu ona daxili, yaxud xarici siyasi böhran dövrlərində qərarların qəbul edilməsi üçün arbitr funksiyaları verir”, – Qobronidze «Exo Kavkaza» nəşrinə bildirib.

Prezident Marqveladze özü güman edir ki, hakimiyyət indiyə kimi Rusiyanı təhlükə amili kimi dəyərləndirə bilməyib, əks halda Təhlükəsizlik Şurasının ləğv edilməsi haqqında qərar qəbul etməzdilər.

“Rusiya ilə bu cür gərgin münasibətlərdə olan ölkə Milli Təhlükəsizlik Şurası kimi yüksək siyasi orqanı ləğv etməməlidir”, – bu ilin yazında parlamentdəki çıxışında Giorgi Marqvelaşvili bildirmişdi.

Gürcüstanın beşinci prezidentinin səlahiyyətləri bu postdakı sələflərindən daha az olacaq.

 

Əsas dəyişikliklərdən biri odur ki, onun təhlükəsizlik və müdafiə məsələlərinə heç bir aidiyyatı olmayacaq. Prezident yanında Təhlükəsizlik Şurası ləğv ediləcək. Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurası yalnız hərbi əməliyyatların həyata keçirildiyi təqdirdə toplanacaq.

 

Gələcək prezidentin hüquqları:

√  məhbusların əfv edilməsi;

√  Gürcüstan vətəndaşlığının verilməsi;

√  bütün addımlarını hökumətlə razılaşdırmadan Gürcüstanı beynəlxalq arenada təmsil etmək;

√  baş nazirin, həmçinin Ali Ədliyyə Şurasının üzvlərinin formal təyini;

√  qanunla nəzərdə tutulmuş müddətlərdə özünüidarəetmə orqanlarına, parlamentə, həmçinin növbədənkənar seçkilərin təyin edilməsi;

√ mükafatların verilməsi və təqdim olunması;

√  prezident toxunulmaz fiqurdur. Onu həbs etmək, cinayət məsuliyyətinə cəlb etmək olmaz;

√  prezidentə impiçmenti parlament üzvlərinin ümumi sayının üçdə birindən az olmayan hissəsi elan edə bilər

Təhlükəsizlik Şurası ilə niyə mübarizə aparırdılar?

Təhlükəsizlik Şurası ətrafında “vurnuxma” bir neçə ildir ki, davam edir və konkret olaraq prezident Marqvelaşvilinin fiquru ilə əlaqədardır.

Təhlükəsizlik Şurasının mövcudluğu 2014-cü ildə Bidzina İvanişvili Giorgi Marqvelaşvilini özünün “ən böyük peşmanlığı” adlandıraraq onunla açıq qarşıdurmaya keçdikdən sonra şübhə altına alınıb. [2013-cü ildə Giorgi Marqvelaşvili hakim “Gürcü arzusu” partiyasının üzvü və Bidzina İvanişvilinin şəxsi favoriti idi. Lakin Marqvelaşvilinin prezident seçkilərindəki qələbəsindən az sonra onların arasında münaqişə yaşandı. JAMnews].

Hökumət İvanişvilinin prezidentə olan aşkar mənfi münasibətini tamamilə əxz etdi ki, bu da Təhlükəsizlik Şurasının fəaliyyətində özünü büruzə verdi.

Təhlükəzislik Şurasının üzvləri iclaslara gəlmir və ümumilikdə onun işini əhəmiyyətli hesab etmirdilər.

O zamankı baş nazir İrakli Qaribaşvili analoji orqan yaradaraq, onu özünə tabe etdi. Konstitusiyaya düzəlişlərin hazırlandığı 2016-cı ildə isə Təhlükəsizlik Şurası birdəfəlik prezidentin əlindən alınaraq Gürcüstanın baş nazirinin rəhbərliyinə verildi.


More on JAMnews