Atası və qardaşı AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası)-nın üzvü olduğu üçün futbol məşqçisi Mehdi İbrahim orduya dəstək yürüşündə saxlanılıb və təcridxanada koronavirusa yoluxub.
Qardaşı Turan İbrahim “Facebook” hesabında Mehdi İbrahimin həbsi barədə belə yazıb:
“Böyük qardaşım Mehdi. Siyasətlə və AXCP ilə heç bir əlaqəsi yoxdur. Futbol məşqçisidir. Qarabağ yürüşü zamanı polislərin müdaxilə etmədiyini görüb orduya dəstək üşün aksiyaya qatılıb. Heç bir təxribata uymayıb. Səhərə yaxın evə gələrkən bulvar ərazisində döyüb saxlayıb, 37-ci polis bölməsinə aparıblar. Onunla birlikdə saxlanılan 100 nəfərdən artıq adam sərbəst buraxılıb. Qardaşımın izahatında atamın adını gördükdən sonra buraxmayıblar. 1 həftədir bölmələrə, idarələrə, istintaq idarəsinə aparıblar”.
Turan İbrahimin sözlərinə görə, qardaşı barəsində Xətai Rayon Polis idarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açıblar. İstintaq idarəsində və polis idarəsində onun atasının və qardaşının fəaliyyətinə görə saxlanıldığı açıq bildirilib.
Dünən saxlanılan Mehdi İbrahimin koronavirus testi müsbət çıxıb. “Vəziyyəti ağırdır. Əgər yoluxubsa özləri yoluxdurub. Günlərlə şəraitsiz yerdə, 100 nəfərdən artıq adamla eyni otaqda saxladılar. Necə olur ki, bu qədər adamın içində tək onun testi pozitiv çıxır? Onunla günlərdir balaca bir otaqda qalanlar necə oldu bəs? Bu qədər vicdansızlıq olmaz”, – T.İbrahim yazır.
Turan İbrahim Azərbaycan xalq cəbhəsi partiyasının gənc fəallardan biridir.
Mehdi İbrahimin atası Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsinin qərarilə “digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda” təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. 2018-ci il sentyabrında, 3 illik həbsinin bitməsinə bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bildirilib. Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunan Məmməd İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.
2019-cu ilin yanvarın 10-u Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün əlavə azadlıqdan məhrum etmişdi.
İyulun 15-də Bakıda minlərlə insan paytaxtın mərkəzindən hökumət evinə qədər orduya dəstək yürüşü keçirib. Azadlıq meydanına toplaşanlar oradan Şəhidlər Xiyabanına doğru şüarlar səsləndirərək irəliləyiblər. Polis su şırnaqlarından istifadə edərək, meydanda qalan insanları dağıdıb. Aksiya iştirakçılarından saxlanılanlar var. Onların sayı hələlik dəqiqləşdirilmir.