Hər şey yaxşı olardı, əgər Ararat vadisinin kəndlərinə aqronomlar gəlsəydi" />

Tərxun erməni-gürcü biznesi kimi

Hər şey yaxşı olardı, əgər Ararat vadisinin kəndlərinə aqronomlar gəlsəydi

Ararat vadisinin kəndləri yavaş-yavaş müəyyən bitkilərin yetişdirilməsinə keçir, yəni hər bir kənd konkret bitki üzərində ixtisaslaşır. Bitkinin seçimini sakinlər peşəkar məsləhətlər olmadan, özləri üçün tələbat, məhsuldarlıq və gəlirliyi hesablayaraq edirlər.

Araqats kəndi bostan bitkiləri, o cümlədən də tərxunun [estraqonun] yetişdirilməsi üzərində ixtisaslaşıb. Hələ 10 il əvvəl Araqats kəndində tərxunun yetişdirilməsi daha çox əlavə gəlir mənbəyi sayılırdı və heç də hamı bununla məşğul olmurdu. Amma tələbat yarandı və tərxun səpilmiş sahələr yavaş-yavaş böyüməyə başladı. İş o yerə çatdı ki, bir-birinə baxan kənd sakinləri digər bitkilərdən imtina edərək, kütləvi şəkildə tərxun yetişdirməyə başladılar.

Nəticədə Araqats kəndinin 90% becərilən sahəsində tərxun yetişməyə başladı. Bu da təklifin tələbatı aşmasına gətirib çıxardı, pozulmuş balans da ancaq qiymət siyasətinin istehsalçının ziyanına dəyişməsi ilə bərpa oluna bilərdi.

Tərxunun becərilməsi və yığımı

Araqats və bir sıra qonşu icmada tərxunu ildə iki dəfə oranjereyada şitil əkməklə yetişdirirlər. Məhsulu əkəndən iki ay sonra yığırlar. Məhsul yığımı 60-70 gün ərzində, beş gündən bir baş verir. Məhsulu vaxtında yığmasan, bitki bərkiyir və istifadə üçün yararsız hala düşür.

Araqats sakini Lyova Ambartsumyan artıq 20 ildir ki, tərxun yetişdirir. Onun sözlərinə görə, göyərtini az həcmdə yetişdirəndə satışla bağlı heç bir problem yox idi. Məhsulu yerli bazarda, o cümlədən də paytaxtda satırdılar. Bir dəstə tərxun 150-200 drama satılırdı [40 cent]. Bütün kənd onu yetişdirməyə başlayanda, qiymətlər kəskin düşdü.

Kəndlilərin hesablamaları

Araqats sakini Suren Matevosyanın hesablamalarına görə, 1000 kvadrat metrlik sahədən 30 min tərxun dəstəsi yığmaq olar. Oranjereyanın tikintisi, şitilin əkilməsi, gübrə, sulama, göyərtinin yığımı və dəstələrin düzəldilməsinə xərcləri nəzərə alsaq, bir dəstənin qiyməti təxminən 10 dram olur.

Bir dəstəni 25 drama satsan, istehlakçının hər dəstədən gəliri təxminən 15 dram, yəni cəmi 500 min dram [min dollardan bir az çox] təşkil edəcək. Burada bütün alilənin fiziki əməyi nəzərə alınmır. 25 dramdan ucuz satmağı kəndlilər mənasız sayır.

Hazırda tərxunun əsas alıcıları gürcülərdir

Gürcü alıcıları tərxunu hədsiz həcmdə ixrac edilər. Suren Matevosyan artıq onuncu ildir ki, gürcülərə tərxun satır. Onun sözlərinə görə, gürcü alıcıları göyərtinin məhsul yığılması və satışının məhdud müddətinin olduğunu gözəl bildiyindən, əksər vaxtlarda öz, bəzən reallığa zidd olan şərtlərini diktə edirlər.

Misal üçün, kəndlilər aşağı qiymətlə göyətri satmaqdan imtina edəndə, alıcılar öz aralarında sözləşib, bir neçə gün ərzində ümumiyyətlə tərxun almırlar. Göyərti artıq yarardan düşməyə başlayanda onlar daha aşağı qiymət təklif edirlər – deyək ki, bir dəstə 17 dram. Elə vaxtlar olub ki, tərxun ən baha 12 drama satılıb, Suren danışır.

Gürcü alıcılarının hesablamaları

Artıq 20 ildir ki, Araqatsdan mal götürən gürcü alıcı Emzar Arxamaya deyir: Gürcüstanda da göyətri ucuz qiymətə satılır, onu tələbatdan asılı olaraq, 30-40 drama satırlar. Emzarın sözlərinə görə, onların erməni kəndlilərə təklif etdikləri qiymət Gürcüstanın bazarlarında göyərtinin qiyməti ilə şərtləşir.

Bundan əlavə, onların aldığı mal bir neçə, azı üç satıcının əlindən keçərək Gürcüstan bazarlarına çıxır.

Tərxunun öz qiymətindən başqa, alıcı həm də onun daşınması, yol vergisini ödəməli, bundan əlavə də daşınma qablarına qoyulması və göyərtinin normal vəziyyətdə çatdırılması üçün buz almalıdır.

Əsas problem – əlaqələndirmənin yoxluğudur

Araqats sakinləri gürcü alıcılarını incitmək istəmirlər: daxili bazarda məhsulu satmaq mümkün deyil, gürcülər isə hər gün kənddən 6 tona yaxın tərxun ixrac edirlər.

Araqats kəndxudası Aşot Kamavosyan əmindir ki, əsas problem kənddə bostan bitkilərinin yetişdirilməsi zamanı əlaqələndirmə və planlaşdırmanın olmamasıdır, buna görə də mal qalır və xarab olur. Kamavosyan kəndliləri gələn ildə kartof və kələm becərmə sahələrini artırmağa razı salmağa çalışır.

Levon Ambartsumyan artıq qərar verib: tərxun məhsulunu yığandan sonra iyulda kartof əkəcək. Deyir ki, kəndlilər torpaqlarını sahələrə ayırıb, müxtəlif bitkilər yetişdirməyə cəhd göstərməlidirlər. Bu zaman növbəli əkin də olacaq, tərxunun yetişdirilmə sahəsi də kiçiləcək və buna müvafiq olaraq da qiyməti, onunla birlikdə də gəlir artacaq.

Ambartsumyanın sözlərinə görə, kəndlərdə aqronomlar, məsləhətçilər olsaydı, düzgün hesablamalar aparıb, müxtəlif bitkilərin yetişdirilməsi üçün sahələri bölmək olardı. Nə qədər ki, kənd administrasiyalarında belə vəzifə yoxdur, kəndli qonşusuna baxıb, elə həmin bitkini əkəcək, sonra da məhsulu sata bilməmək problemi ilə üzləşəcək.


More on JAMnews