“Müalicə”dən imtina edən iqtisadiyyatı nə gözləyir" />

“Transfer iynəsi”ndən azad olmaq şansı

“Müalicə”dən imtina edən iqtisadiyyatı nə gözləyir

‘Pul köçürmələri (ya da başqa sözlə, transferi) əladır, amma onların olduğu ana qədər’. Britaniyanın “The Economist jurnalı özünün Rusiyadan keçmiş SSRİ ölkələrinə pul köçürmələri haqqında məqaləsini bu sözlərlə başlayır.

Ermənistana pul köçürmələri təbii ki, tamamilə dayanmayıb, amma kəskin azalıb. Xüsusən də 2015-ci ildə. Bununla belə, artıq tamamilə aydındır ki, vəziyyət ağırdır. Ona görə ağır deyil ki, pul köçürmələri azalır, ona görə ağırdır ki, ölkənin iqtisadiyyatı onlardan həddən artıq asılı vəziyyətdədir.

Bu asılılığa görə artıq transferin azalması və ya artmasının da bir əhəmiyyəti yoxdur: hər iki halda problemlər qaçılmazdır. Hazırda problemlər ona görə yaranır ki, xaricdən pul axınının azalması səbəbindən daxili istehlak azalır və bu da ümumilikdə iqtisadi fəallığa öz neqativ təsirini göstərir. 2000-ci illərin sonlarında isə hər şey bunun əksinə idi: pul köçürmələri artır, bununla bağlı olaraq dram möhkəmlənir və yerli istehsalçı-ixracatçılara ziyan vururdu.

Bu, narkotikdən asılılığa bənzəyən bir xəstəlikdir və bu xəstəlikdən demək olar ki, bütün post-sovet ölkələri əziyyət çəkir (əlbəttə ki, onların hər birində xəstəliyin ağırlıq dərəcəsi müxtəlifdir). Narkomanlarda da belədir: lazımi dozadan az qəbul edəndə adamda abstinent sindrom başlayır, dozadan artıq qəbul etmə isə hətta ölümlə də nəticələnə bilər.

MDB ölkələrinin daha bir oxşar cəhəti var – onların demək olar ki, hamısı üçün pul köçürmələri mənbəyi Rusiyadır. Və Rusiyada vəziyyətin pisləşməsi demək olar ki, hamısına təsir edir.
Bu və ya digər ölkənin “transfer iynəsindən asılılıq dərəcəsinin ən münasib müəyyənləşdirilməsi metodu “Pul köçürmələri/ÜDM göstəricisi nisbətinin təyin edilməsidir.

İlkin məlumatlara görə, Ermənistanda bu göstərici 2015-ci il üçün təxminən 15% təşkil edib. Xaricdə işləyən miqrantlar ötən il Ermənistana 1,6 milyard dollara yaxın (o cümlədən də Rusiyadan 1 milyard) pul göndəriblər, ÜDM-nin səviyyəsi isə 10,6 milyard dollar təşkil edib.

Keçən 2014-cü ildə ölkə ÜDM dollar ekvivalentində 11,6 milyard dollar təşkil edib, ölkəyə axan pul köçürmələri isə 2,1 milyard dolları haqlayıb. Yəni KöçürmələrÜDM nisbəti 18%-dən artıq olub. Bu göstəricinin azalması ÜDM-nin artması ilə deyil, pul köçürmələrinin azalması ilə bağlıdır. 2015-ci ildə ancaq Rusiyadan fiziki şəxslərdən köçürmələrin məbləği təxminən yarım milyard ABŞ dollarına qədər azalıb, bu da erməni iqtisadiyyatı kimi kiçik iqtisadiyyat üçün kifayət qədər böyük məbləğdir.

Amma başqa ölkələrlə müqayisədə Ermənistanda vəziyyət elə də pis deyil. Bunu qrafikdə də görmək mümkündür (onun əsasını bizim müstəqil şəkildə müxtəlif mənbələrdən aldığımız ÜDM və pul köçürmələrinin səviyyəsi haqqında məlumatlar təşkil edir).

Remittances-aze

Gördüyünüz kimi, pul köçürmələrindən asılılıq mənasında lider Tacikistandır: əmək miqrantları tərəfindən 2015-ci ildə köçürülən vəsait bu ölkənin 32,5% ÜDM-ni təşkil edib (təxminən 2,6 milyard dollar). Qırğızıstanda bu göstərici 20,3% (təxminən 1,5 milyard dollar), Moldovada isə 17,4% (1,1 milyard dollar) təşkil edib.

Bu nisbət Gürcüstanda aşağıdır – 7,6%, amma mütləq ölçülərlə götürsək, ümumilikdə xaricdə işləyən gürcülər evlərinə eynən moldovalılar qədər göndəriblər – 1,1 milyard dollar.

Azərbayanca bu nisbət bir az da aşağıdır – 2%-dən az. Amma xaricdə işləyən azərbaycanlılar da evlərinə az pul göndərmir: 2015-ci ildə bu məbləğ təxminən 1,2 milyard dollar təşkil edib. Sadəcə Azərbaycanda neft sənayesi sayəsində ÜDM səviyyəsi yüksəkdir – 63 milyard dollara yaxın. Neft və qazla zəngin olan Türkmənistan və Özbəkistanda da eyni mənzərəni müşahidə etmək olar. Onlarda asılılığın başqa bir növü müşahidə olunur – “transfer asılılığından daha az problem yaratmayan neftdən asılılıq.

Artıq qeyd etdiyimiz kimi, bütün ölkələrdə pul köçürmələri 2015-ci ildə azaldı və indi də azalmaqda davam edir, ilk nöbvədə bu, Rusiyadakı əlverişsiz iqtisadi vəziyyətlə bağlıdır.

Gürcüstana daxil olan pul köçürmələrinin axını 25%, Azərbaycana 30,8%, Tacikistana 33,3%, Qırğızıstana 26,2%, Moldovaya 30% azalıb.

Ümumilikdə Rusiyanın məlumatlarına görə, 2015-ci ildə fiziki şəxslər bank vasitəsilə MDB ölkələrinə 8 milyard dollar köçürüblər, 2014-cü ildə isə bu köçürmələrin məbləği 18,3 milyard təşkil edib.

Bu kəskin azalma təbii ki, hamı üçün çoxlu sayda problem yaradıb. Ən ciddi problemlər də pul köçürmələrindən daha çox asılı olan ölkələrdə müşahidə olunur.

Deyirlər ki, problemlər öz-özlüyündə heç də yaxşı şeylərdən xəbər vermir. Digər tərəfdən də onlar imkanlar yaradır, nəticə çıxarmağa, səhvlərini görüb düzəltməyə məcbur edir. Əsas çıxarılan nəticə isə ondan ibarətdir ki, iqtisadi sistemin sağalması və asılılığın azaldılması üçün ciddi struktur dəyişikliklərinə ehtiyac var. Kosmetik dəyişikliklərə deyil, “transfer iynəsindən azad olmağa yönələn real iradə və hərəkətə ehtiyac var.

Lazımi ölçülər götürülərsə, bu gün problemlərlə üzləşən ölkələr bir müddət keçəndən sonra uduşlu mövqedə olacaq, daha güclü və müasir iqtisadi sistem yaradacaqlar. Amma ölçülər yalançı olarsa və ancaq kağızda qalarsa, asılılıq daha da güclənəcək. Nəticə isə müalicədən imtina edən istənilən narkomanın sonu kimi olacaq.

Dərc olunub: 22.03.2016


More on JAMnews