Bu gün Rusiyada həmin hadisələr haqda nə bilirlər və düşünürlər?" />

Sovet tankları Praqaya girdiyi zaman – Çexiyada demokratik hərəkatın boğulmasından 50 il ötür

Bu gün Rusiyada həmin hadisələr haqda nə bilirlər və düşünürlər?

Praqa sakinləri şəhərdə “Çexoslovakiya radiosunun” qarşısında sovet tanklarını mühasirəyə alıblar. 21 avqust 1968-ci il REUTERS/Libor Hajsky

“Novaya qazeta”nın məqaləsi əsasında

21 avqust 1968-ci ildə, yəni düz 50 il əvvəl sovet tankları Praqaya girdi. Bununla da Çexoslovakiyada həmin ilin yanvarında Aleksandr Dubçekin yerli Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra başlatdığı liberalizm və ictimai dirçəliş dövrü başa çatdı.

Seçiləndən dərhal sonra Dubçek insan haqlarının və vətəndaş azadlıqlarının genişləndiriliməsinə, ölkədə hakimiyyətin desentralizasiyasına, media üzərində nəzarətin azaldılmasına yönəlik bir sıra islahatlar başlatdı.

Bu yeddi ay tarixə poetik “Praqa baharı” adı ilə düşdü. Dəyişikliklərin son hədəfini Dubçek 18 iyul 1968-ci ildə televiziya çıxışı zamanı ifadə etmişdi: “İnsan simalı sosializm”.

Hər şey bununla da başa çatdı. Bir aydan sonra – avqustun 21-də Varşava sazişi ölkələri Çexoslovakiyaya daxil oldu – 500 minə yaxın əsgər və zabit, 5 minə yaxın tank və zirehli texnika.

Praqanın mərkəzi, avtobus sürücüsü sovet hərbçiləri ilə toqquşmada ziyan çəkənlərə yardım etmək istəyir. 21 avqust 1968-ci il. REUTERS/Libor Hajsky

Praqa küçələrində baş verən qarşıdurmalar nəticəsində 108 Çexoslovakiya vətəndaşı və 11 sovet hərbçisi həlak olub. Daha sonra Çexoslovakiyadan nəhəng emiqrasiya dalğası yaşanıb.

Praqa küçələrində etiraz iştirakçıları sovet hərbi texnikasına Molotov kokteylləri tolazlayır. 21 avqust 1968-ci il. REUTERS/Libor Hajsky

Rusiyada “Praqa baharı” haqda nə bilirlər və düşünürlər?

Təcavüzdən dörd gün sonra Moskvada yeddi adam toplaşıb, əllərində “Biz ən yaxın dostlarımızı itiririk”, “Azad və müstəqil Çexoslovakiyaya eşq olsun!”, “İşğalçılara ar olsun!”, “ÇSSR-dən əllərinizi çəkin!”, “Sizin və bizim azadlığımız naminə!”, “Dubçekə azadlıq!” şüarları yazılmış plakatlarla Qızıl Meydana çıxır..

Onlara başqa heç kim qoşulmur, yeddisi də həbs olunur və bir neçə illik “dəlixanaya” yerləşdirilir, düşərgələrə və sürgünlərə məruz qalır. Bu aksiya isə tarixə “Yeddi nəfərin nümayişi” adı ilə daxil olur.

 

Fotoda sağdan – Larisa Boqoraz və Pavel Litvinov. Qızıl Meydanda 25 avqust 1968-ci ildə etiraz aksiyasını onlar təşkil etmişdilər. Foto “Memorial” cəmiyyətinin arxivindəndir

Səhəri gün Praqanın “Literarni listı” qəzeti bu nümayiş və iştirakkçıların həbsi haqda yazdı. Sovet tankları hələ də Praqanın mərkəzində idi, amma qəzet yazırdı:

“Moskvanın Qızıl Meydanındakı bu yeddi adam bizim ruslara qarşı heç vaxt nifrət duymamağımız üçün ən azı yeddi səbəbdir”.

2008 və 2013-ci illərdə Rusiyada ““Praqa baharı” haqda nə bilirsiz?” sualı ilə sosioloji sorğu keçirilib.

  • 2008-ci ildə respondentlərin 18 faizi hesab edirdi ki, bu, “NATO-nun Çexoslovakiyaya hərbi müdaxilə təhlükəsi” olub.
  • 2013-cü ildə Çexoslovakiyaya təcavüz haqda 7 faiz “yaxşı məlumatlı” olub, 20 faiz bu haqda “eşidib”, 23 faiz “nəsə eşidib, amma dəqiqini bilməyib”, 50 faizin isə heç bir məlumatı olmayıb.

Praqada etiraz iştirakçılarının yazdığı transporant. 21 avqust 1968-ci il. Pavel Macháček, provided by Post Bellu


More on JAMnews