“Satqınlar” və vətənə qarşı qana susamış sevgi haqda " />

Şərh. Azərbaycanda pasifist olmaq niyə bu qədər çətindir?

“Satqınlar” və vətənə qarşı qana susamış sevgi haqda

A

zərbaycan cəmiyyətində Qarabağda müharibənin davam etməsinin vacibliyi haqda fikir populyardır. Ordu isə Hindistandakı tənqidi yasaq olan müqəddəs inək kimidir.

Demək olar, otuz ildir ki, dövlət mediası aqressiv militarist təbliğat aparır. Həm də yalnız media yox, uşaq bağçaları, məktəblər, universitetlər insanlara ancaq bir ideyanı aşılayır: Vətənə sevgi və müharibədə ölməyə hazır olmaq eyni şeydir.

Müharibəni doğru yol hesab etməyənlər çox vaxt səslərini çıxarmırlar ki, cəmiyyətin mürüvvətli qəzəbinə tuş gəlməsinlər. Qafqazda ümumiyyətlə çox tez-tez “yanlış” nəzər nöqtəsinə görə işə düşmək mümkündür.

B

u yaxınlarda Xəzər dənizi üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MiQ-29 qırıcı təyyarəsi qəzaya uğradı. Rəsmi versiyaya görə, quş dəstəsi ilə toqquşduğu üçün. Pilot həlak oldu. Rəsmi şəxslər pilotun doğmalarına başsağlığı verdi, mövzu isə aznetin ən çox müzakirə olunan mövzusuna çevrildi.

Facebook-da iki min civarında dostu olan bir gənc hər yanda pilotun fotosunu görməkdən yorulduğunu yazdı, onun fikrincə, bu adama insanları öldürmək öyrədilib və o, peşəsi ilə bağlı təlim zamanı həlak olub, bunda qeyri-adi heç nə yoxdur.

Onun bu statusunu yüzlərlə dəfə paylaşıb, “satqını” cəzalandırmağa çağırdılar. Ən inadkarlar onu tapıb məhv etməyə hazırlaşırdılar. Şərhlərdə və “şəxsidə” təhqir və təhdid yazırdılar.

“Mən öz fikirlərimlə humanizm ideyalarını, hərbi təbliğatla bağlı olan hər şeyin yanlış olduğunu ifadə etmək istəyirdim. Ola bilər belə çıxıb ki, mən insan ölümünü dəyərsizləşdirmişəm, amma mənim məqsədim özlüyündə ölümü dəyərsizləşdirmək, onun cəlbediciliyini aradan qaldırmaq idi. Mən insanları nəyin naminə olursa olsun, öldürmək və ölməkdən çəkindirmək istəyirdim”.

Və bu statusun altında “Sənin bütün ailəni doğrayacam” ruhunda beş yüzdən çox şərh var idi.

B

aşqa bir oxşar hadisə də olmuşdu. 2010-cu ildə gizir Mübahiz İbrahimov ermənilərin hücumunu dəf edərkən – bu rəsmi versiyadır – həlak olmuş və ölümündən sonra Milli Qəhrəman elan edilmişdi. Onun ölümü ətrafında miflər dolaşmağa başlamışdı. Deyilənlərə görə, əmr gözləməkdən yorulduğu üçün könüllü şəkildə cəbhə xəttini keçib və mümkün qədər çox düşməni məhv edərək həyatını fəda etmək qərarına gəlib.

Onun fotolarını maşınlarda, avtobuslarda asır, sosial şəbəkələrdə profil şəkili olaraq istifadə edirdilər. 2018-ci ilin dekabrında psixologiya fakültəsinin tələbəsi Facebook səhifəsində Milli Qəhrəmanın “şücaətinə” şübhə ifadə edib. O, yazıb ki, Mübarizin öldürdüyü əsgərlər evlərinə dönmək istəyən adi insanlar idi və onlar doğumlarından əvvəl baş verən ərazi işğalında günahkar deyildilər. Əmrdən kənar hərəkət edən Mübariz cinayət törədib və dövlət siyasətini təhlükə altına qoyub.

İnsanlar statusu şərh yağışına tutaraq, təhqir, təhdid yazmağa başlayıblar, onu erməni adlandırıblar (Azərbaycanda çoxları üçün bu təhqirdir), onu tapıb, cəzalandırmaq təklifləri səslənib, hətta onun fotolarının ayaqlar altında tapdalandığını əks etdirən videolar da yayılıb. Dedutatlardan biri qızı məhkəməyə verməki təklifini irəli sürüb, düzdür, məhkəmə iddianı araşdırmaqdan imtina edib. 

Media da bir yandan yanğına yağ tökürdü. Zamanla səs-küy yatışdı və unuduldu.

D

üşünürəm ki, bizdə bu, yalnız nifrət təbliğatı və təhrif olunmuş vətənpərvərlik üzündən baş vermir. Məsələ burasındadır ki, aşağı həyat səviyyəsi səbəbilə qəzəbli olan və hakimiyyət qarşısında qorxu altında əzilən cəmiyyət etiraz etməkdən çəkinir. Odur ki, onların aqressiyası əsas hədəflərdən yan ötərək zəif insanlara – fərqli düşüncə sahiblərinə tuş gəlir, çünki onların gəmişdirilməsi təhlükəsizdir.

Azərbaycanda dövlətin insanlarla ünsiyyət qurduğu təhsil sistemi və bütün başqa sistemlər tənqidi təfəkkürdən, fərqli düşüncəyə hörmətdən və alternativ nəzər nöqtəsinə loyallıqdan savayı istənilən hər şeyi təlqin edir.

El gözünə vətənpərvərlik dəbi bizdə lazımi hədəfə tuşlamaq mümkün olan rahat silaha çevrilib. Münaqişə isə bütün başqa problemləri ikinci plana çəkmək və bu problemləri dilə gətirən hər kəsi satqın elan etmək üçün yaxşı bəhanədir. Axı biz müharibə şəraitindəyik!

Çətin ki, hakimiyyətin ritorikası yaxın zamanda yumşalsın. Yalnız insanlarda sağlam düşüncənin baş qaldıracağına və onların “doğru düşünməyənləri” məhv etməyin dərəbəylik olduğunu anlayacağına ümid etmək qalır. Bu, ən azı qanunsuzluqdur. Qanunsuzluq və dərəbəylik isə hər kəsə toxuna bilər, şəxsən sizə də.


More on JAMnews