Fabrik öz sahibi üçün riskli sərmayə, yerli sakinlər üçün isə ümid yeridir " />

Ermənistan-Azərbaycan sərhədində yerləşən kəndində yaradılan fabrik

Fabrik öz sahibi üçün riskli sərmayə, yerli sakinlər üçün isə ümid yeridir

Azərbaycanla düz sərhəddə yerləşən Çoratan kəndində işə düşən əlcəklərin istehsalı üzrə fabrik təkcə sona çatmayan müharibə və kövrək sülhə deyil, həm də Ermənistanda gündən günə artan emiqrasiyaya da meydan oxuyur.

İki il əvvəl “Tavuş-tekstil” şirkəti Yerevandan 223 kilometr aralıda yerləşən Çoratan kəndində, qonşu Arsvaberd və Movses, həm də Berd şəhərində istehsalat sexləri açıb. Təkcə Çoratandakı fabrikdə 165 nəfər işləyir, ümumilikdə şirkət 3 min iş yeri açıb.  

“Biz siqaret və vermişeli pulla almağa başladıq. Əvvəllər belə şey yoxuydu. Mağazada borclular siyahısından yavaş-yavaş adlar silinir. Bu düşünülmüş addımıydı ki, gənclər çıxıb getməsin. Bir az da keçsə, bu yerlərdə heç kim qalmazdı. İndi isə, şükür allaha, iş var. Mən, xanımım və qızım 400 min dram [840 dollar] alırıq”, – “Tavuş-tekstil”in sürücüsü Valeri Yeritsyan yük maşınına əlcəklərlə dolu növbəti kisə partiyasını yükləyərək deyir.

50 yaşlı Çoratan sakini Anna Babayan deyir ki, təkcə onun deyil, bütün kəndin həyatı dəyişib.

“İnsanların üzündə yenidən təbəssüm yaranıb, onlar rahatlıq tapıblar. Amma ən əsası odur ki, kənddən çıxan ailələr qayıtmağa başlayıb. Adama nə lazımdır? İş varsa, insanlar da öz evlərində, öz torpağında qalacaqlar”, – Çoratan fabrikinin köməkçi fəhləsi deyir.   

“Tavuş-tekstil” şirkətini əslən Tavuş vilayətinin Artsvaberd kəndindən olan, hazırda Moskvada yaşayan Suren Yeritsyan yaradıb. 2015-ci ildə Ermənistan hökuməti sərhədyanı rayonlarda sərmayəçilərin vergilərdən azad olunması haqda qərar qəbul edir, sahibkar Suren Yeritsyan da burada əlcək tikişi emalatxanaları yaradır.   

Çoratan fabriki Azərbaycan mövqelərindən 5-6 kilometr aralıda tikilib, Movses kəndindəki sexlər isə sərhəddən cəmi 300-400 metr aralıda yerləşir.

“İnsanların burada yaşaması, mövqelərdə isə əsgərlərin durması artıq riskdir. Bu, riskli bir sərmayədir, amma sərmayədar narahat olmur”, – Çoratan fabrikinin sex rəisi Ovsep Ananyan deyir.

Zümrüd meşələrin arasında gizlənən Çoratanda səssizlikdir. Kənd böyüyü Varujan Baqmanyan deyir ki, hərə öz işi ilə məşğuldur – hamı işləyir, elə bir adam yoxdur ki, işləmək istəsin, amma ona görə iş tapılmasın:

“Çoratan Ermənistanın az kəndlərindən biridir ki, burada iş var, emiqrasiya isə yoxdur. Bundan əlavə, son bir il ərzində kəndimizə altı ailə köçüb. Dörd ailə Rusiyadan qayıdıb, ikisi isə Ermənistanın Kotay vilayətinin Büreqavan şəhərindən köçüb”.

Sərhədyanı kənddə hazırda mindən çox sakin var. Fabrikdən başqa, sakinlər kənd administrasiyasında, məktəbdə, uşaq bağçasında işləyir, tezliklə də burada açılacaq Xilasetmə Xidməti Mərkəzində daha 25 nəfər məşğul olacaq.

Fabrikdə tikilən iş əlcəkləri Rusiya və Ukraynaya ixrac olunur. İşçilərə üzərlərinə düşən vəzifədən asılı olaraq, gündəlik 5 mindən 8 min drama qədər (10-16 dollar) maaş verilir. Fabrikdə qonşu kəndlərdən də işləməyə gəlirlər. Kənd böyüyünün sözlərinə görə, işçi çatmır – daha 10 əməkdaşa ehtiyac var.  

Armenui Akopyan Çoratana İcevandan köçüb. O, xalasının evində yaşayır və artıq üç aydır ki, “Tavuş-tekstil”də operator vəzifəsində çalışır.  

“Əlcəkləri toplayıram, dəstləyirəm və kisələrə doldururam, maşını işə salıb, ipliyi yükləyirəm – bunu iş prosesində öyrənmişəm. Evdən uzaqda yaşasam da, artıq içimdə bir rahatlıq var”, – o deyir.

Qonşu Verin Karmiraxpür kəndindən olan Meri Virabyan artıq iki ildir ki, hər gün Çoratana işə gedir: “Yerevandan və Gümridən gələnlər də var. Axı camaat neyləsin? Evindən uzaq olsa da, öz ölkəndə işləmək ölkədən çıxmaqdan daha yaxşıdır”.

Kənd böyüyü deyir ki, bir neçə il bundan əvvəl 70-ə yaxın ailə müavinət alırdısa, hazırda onların sayı ondan çox deyil.  

“Fabrik açılandan sonra həyat dəyişib, adamların pulu var, onlar borclarını qaytara, kreditləri ödəyə bilir. Camaat özünü daha əminli hiss edir. Uzun illərdir ki, onlar evlərində heç nə təmir edə bilmirdi, indi isə qapı-pəncərələrini dəyişirlər. İnsanlar özlərini lazımlı hiss edir, dəyərləndiklərini anlayırlar. Bu, bir fabrikin necə istənilən kənddə emiqrasiyanı dayandıra bilməsi və insanların qayıtmağına xidmət etməsinə bir nümunədir”, – kənd böyüyü hesab edir.

“Sərhədyanı kəndlərin sakinləri öz həyatları, sərhəddə yaşaması ilə sülhü diktə edirlər. Atışma, mövqelər, hərbçiləri – bütün bunlar onların məişətlərinin bir hissəsinə çevrilib. “Bəxtimizə belə yazılıbmış”, – onlar deyir.   

Çoratan sakinləri arasında müqavilə ilə işləyən hərbçilər də var. Əlcək tikişi fabriki onlara təhlükəsiz iş təklif etməklə, sərhəddən qaytarmadı.

34 yaşlı Çoratan sakini Ayk Babayan artıq 12 ildir ki, müqaviləli xidmətdədir. Yarım ayı postda, o qədər də evində keçirir. Oğlanları – 5 yaşlı Ovsep və 9 yaşlı Erik mövqelərdən yenicə qayıdan atalarını addım-addım izləyir.

“Bu, mənim üçün iş deyil. Ancaq öz işimə bağlanmışam – öz ailəmi, kəndimi qoruyuram. Bir dəfə Rusiyaya getdim, amma qayıtdım. Bu, sevdiyim yeganə işdir. Nə qədər ayaqdayam, taqətim var xidmət edəcəm, öz övladlarımı və kəndimi qoruyacam”, – Ayk Babayan deyir.

35 yaşlı Manuşak Babayanın ailəsinin evi təpədə yerləşir. Evlərinin həyətindən Ermənistan-Azərbaycan sərhədi ovcunun içi kimi görünür. Çoratanın bütün digər sakinləri kimi Manuşak da Ermənistan və Azərbaycan mövqelərinin harada yerləşdiyini gözəl bilir.  

“Bir az o tərəfdə Ermənistanın Çinari kəndi yerləşir, ondan yuxarıda isə artıq Azərbaycan kəndləridir. Yoldaşım indi xidmətdədir, üç il müddətinə müqavilə imzalayıb. Çox ağırdır. Səhər açılıb, zəng edənə qədər ömrümün yarısı gedir. Axı onu hər an təhlükə gözləyir”, – sərhədə tərəf əl yelləyən Manuşak danışır.

O, nahar yeməyi hazırlayır, uşaqları yanındadır, 82 yaşlı qayınanası Siruş Kalantaryan da yaxınlaşır.

“O, əlcək fabrikinə işləməyə getmir. Bunu çox istəyərdim, bu, təhlükəsiz işdir, Ara isə hərbi xidməti üstün tutur”, – hərbçinin anası deyir.

Axşama doğru kənddə xeyli adama rast gəlmək olur – çoratanlılar işdən evə qayıdır.

“Bütün qalan problemləri həll etmək olar, əsası işdir. İndi də iş var, ümidsizlik yox olur. Əsası adamları saxlamaqdır. Sakinlər buraları tərk edəndə hərbçilərə qorunası heç nə qalmır”, – kənd böyüyü Varujan Baqmanyan deyir.  


More on JAMnews