Əvvəlcə abxazların əslində nə düşündüyünü öyrənmək lazımdır " />

Rəy: Gürcüstanın Abxaziya siyasəti necə olmalıdır

Əvvəlcə abxazların əslində nə düşündüyünü öyrənmək lazımdır

Foto: Şako Mamukaşvili, JAmnews

Gürcüstanın abxazlarla bağlı siyasəti kifayət qədər uzun müddətdir ki, uğurlu deyil. “Kifayət qədər uzun müddət” dedikdə, mən təkcə son 25 ili nəzərdə tutmuram, çünki əvvəllər də (elə lap 70-ci illəri götürək) abxaz məsələsi dəfələrlə kəskinləşib.  

Gürcüstanın azı son on illər ərzində Abxaziyaya münasibətdə səhv siyasət yürütməsi və onun siyasi inteqrasiyasını həyata keçirə bilməməsi faktdır. Biz rahatlıqla hər şeydə Rusiya imperiyasını günahkar görürük, amma problemin ciddi müzakirəsini istəyiriksə, bu sadə spekulyasiyanı unutmalıyıq. Rusiya imperiyası abxazların Gürcüstana siyasi inteqrasiyasına qarşıydı – bu faktdır, amma etiraf etmək lazımdır ki, biz doğru hərəkət etsəydik, Rusiya problemlər yarada bilməzdi.

Biz ilk növbədə bir fundemantal problemi etiraf etməliyik. Bu faktdır ki, abxazlar gürcülərə düşmən kimi yanaşır, onların Abxaziyada yeri olmadığını hesab edir. Bu problem başqa bir, çox da mühüm problem yaradır – gürcülərin bir hissəsi abxazların bu münasibətindən tam xəbərsizdir, başqa bir hissəsi bilir, amma abxazların gürcülərə bu münasibətinin nədən doğduğunu öyrənmək və aydınlaşdırmaq istəmir. Abxaziyada müharibənin başladığı gündən 25 il ərzində bu məsələ ilə ciddi səviyyədə heç kim məşğul olmayıb.   

Bəs biz elementar olaraq abxazların bizə acığının səbəbini bilmiriksə onda Gürcüstan Abxaziya ilə barışıqlıq yollarını necə axtarmağa çalışır?  

Gürcüstan hakimiyyəti abxazları pulsuz tibbi xidmət və Gürcüstanın ümumilikdə nailiyyətləri ilə cəlb etməyə çalışır. Bu siyasət özünü doğruldurmu? Mənim fikrimcə, yox, çünki yuxarıda qeyd olunan fundamental problemlərin mövcud olduğu bir şəraitdə heç bir bu cür xidmət işə yaramayacaq. Abxazların Tbilisi və ya Batumiyə gəlməsi çox gözəldir – qoy zamanın kimə işlədiyini görsünlər və təsəvvür etsinlər ki, növbəti 25 ildən sonra biz hansı səviyyəyə qalxacağıq, onlar hansı səviyyədə qalacaq.

Amma Gürcüstandakı pulsuz müalicəni abxazlar imtiyaz kimi qəbul edir, təxminən İsrail vətəndaşlarının Almaniyadan alınan kompensasiyanı qəbul etdiyi kimi: gürcü faşistləri onları pulsuz müalicə etməlidir. Müalicə olunanlardan minnətdarlıq sözləri eşidilmir, Gürcüstanın tərkibinə qayıtmaqla bağlı çağırışlar haqqında isə heç danışmağa dəyməz.

Effektiv siyasət emosiyalar deyil, dəqiq hesablamalara əsaslanmalıdır. Pulsuz səhiyyə, pulsuz elektrik enerjisi, “Mşibzia” (“Salam”) kampaniyası – bu, ya emosional yanaşmanın, ya da səhv addımın nəticəsidir.

Buna görə də məntiqi cəhətdən doğru və şəksiz fərziyyələrə əsaslanan istiqamətlər üzrə işləmək lazımdır.

Birinci fərziyyə

Barışıqlığa abxazların gürcülərə düşmən münasibəti mane olur. Bundan çıxış edərək, bu cür yanaşmanın səbəblərinin üzə çıxarılması üçün ciddi tədqiqata başlamaq lazımdır. Bunun tarixin saxtalaşdırılması və Rusiya təbliğatı ilə bağlı olduğu üzə çıxsa, konkret əks-tədbirlər görmək lazımdır – narrativlər, mesajlar və s. Amma təbii ki, bütün bunlar məsələnin ciddi səviyyədə öyrənilməsindən sonra, gürcülərin eşitmək istədikləri deyil, həqiqət üzə çıxan zaman işləyəcək.

Paralel olaraq Gürcüstan abxazların əhatə olunduğu informasiya blokadasını yarmağa çalışmalıdır. Rusiya təbliğatının təsiri altında olan abxazlar təkcə Gürcüstan haqqında deyil, Qərb haqqında da təhrif olunmuş təsəvvürə malikdirlər. Gürcüstanın rusdilli telekanalı olmadan, bu məsələni həll etmək çox problemli olacaq (xüsusən də eyni məqsədlə yaradılmış rusdilli Avropa kanalının olmadığı bir halda).  

Amma axı rusdilli internet resurslarını da inkişaf etdirmək olar? Onlar istehlakçıya təkcə xəbərlərin dayjestini deyil, həm də rus dilində səsləndirilmiş müasir gürcü filmləri və serialları, rus dilinə tərcümə olunmuş gürcü nəzmi və nəsrini təklif edəcək – yəni Gürcüstanın “yumşaq gücü”nü təşkil edən və abxazlara gürcülərin normal insan olduğunu nümayiş etdirən hər şeyi.   

İkinci fərziyyə

Vaxt abxazların əleyhinə işləyir və onlar bunu dərk edirlərsə, dialoqa getməlidirlər. Deməli Gürcüstan abxazların tezliklə reallığı aydın şəkildə qavramasına kömək və dəstək olmalıdır. Bu nöqteyi-nəzərdən abxazların Gürcüstanın nəzarəti altında olan ərazilərə səfərləri həqiqətən faydalıdır. Amma eyni zamanda bu səfərlər hansısa üzrxahlıq və ya abxazları yalanla vahid Gürcüstana cəlb etmək cəhdləri ilə müşayiət olunmamalıdır.

Sadəcə abxazlar öz gözləri ilə Gürcüstanın inkişaf etdiyini və yenə də gürcülərin elə onların özü kimi normal insan olduğunu görməlidirlər, bircə fərqlə, gürcülər daha yaxşı yaşayır, çünki dövlət institutları işləyir və xarici aləmlə möhkəm əlaqələr qurulub (bu da abxazlarda yoxdur və Gürcüstanla barışıqlıq olmadan olmayacaq da).  

Cəlb etmə və üzrxahlıq cəhdlərinin səmərəsiz olduğunu ən yeni tarix təsdiq edir – abxazlar onların cəlb edilməsi cəhdlərini ümidsizliyin əlamətləri kimi qəbul edir (pulsuz səhiyyə də çox güman ki, bu kontekstə daxildir), bu da onlarda belə bir fikir yaradır ki, Gürcüstan onlarla dialoq olmadan məhv olacaq və bunun üçün bütün güzəştlərə, hətta müstəqilliyin tanınmasına belə razı olacaq. Üzrlər isə onları 25 il əvvəl hər şeydə haqlı olduqlarında əmin edir (Gürcüstan-Abxaziya münaqişəsinin tarixini o qədər də yaxşı bilməyən beynəlxalq təşkilatlar da bu cür düşünə bilər).   

Üçüncü fərziyyə

Abxazlar Gürcüstanın öz vətəndaşları ilə yaxşı davrandığını görsələr Gürcüstanda yaşamaq istəyəcəklər. Deməli abxazlara Gürcüstanın gürcü pasportu olan vətəndaşlarında olmayan imtiyazları vermək olmaz. Vaxtıykən, hələ SSRİ dövründə abxazlara ancaq onları razı salmaq üçün imtiyazların verilməsi ancaq ona gətirib çıxardı ki, orada yaşayan bir çox gürcülər abxaz kimi qeydiyyatdan keçdilər. Bunun indi də təkrar olunacağını istisna etmək olmaz. Bu da yəqin ki, pozitiv ayrı-seçkilikdən (pulsuz elektrik enerjisi və ya pulsuz səhiyyə) imtina üçün daha bir əsasdır.  

Gürcülər qonaqları hörmətlə qarşılayır, amma bizim vergi ödəyicilərindən toplanan pullar ancaq özlərini Gürcüstan vətəndaşları hesab edənlərə xərclənməlidir.

 

 

Tornike Şaraşenidze – Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) professoru

 

 

 


More on JAMnews