Ekoloji fəlakətə səbəb şəxsi mənfəət yoxsa laqeydlikdir?" />

Qum karxanası və məhv olmuş əkinçilik

Ekoloji fəlakətə səbəb şəxsi mənfəət yoxsa laqeydlikdir?

Arqavand kəndinin sakinləri yavaş-yavaş əkinçiliklə məşğul olmaqdan vaz keçirlər. Bu, ona görə baş vermir ki, onlar daha torpağı becərmək istəmirlər, iş orasındadır ki, Armavir vilayətində yerləşən bu kəndin torpaqları tikinri qumu ilə zəngindir.

Akop öz istəyi, amma onu razı salmayan qiymətlə özünün yeganə gəlir mənbəyi olan torpaq sahəsini satan Arqavand sakinlərindən biridir. İş orasındadır ki, torpaq sahəsinin yanında qum karxanasının istismarına başlanıldı, bu səbəbdən də torpaq susuzlaşdı və burada nəsə yetişdirmək mənasız və mümkünsüz oldu.

Akopun həmkəndliləri eyni problemlə üzləşdilər. Kənd mərkəzində onun ətrafında toplaşan kəndililər Akopun sözünə qüvvət verirlər: hətta bir hektarlıq sahədə ancaq bir qum karxanası istismar olunursa belə, bu, mədən ətrafında on hektarlarla sahənin susuzlaşması və əkinçilik üçün yararsız hala gətirilməsi üçün kifayət edir. Yerli sakinlər bildirir ki, onların vaxtıykən becərdikləri və gəlir əldə etdikləri 30 hektardan çox Arvaqand torpağı indi qum karxanasına çevrilib.

Araks çayı sahili boyu uzanan ərazi tikinti qumu ilə doludur. Bilavasitə bitki qatının altında dərinliyi bəzi yerlərdə 15-20 metrə qədər çatan qum qatı var. Qum hasilatı prosesi zamanı ətrafdakı süxur suları çalalara tökülür, bu da eyni zamanda qonşuluqda yerləşən kənd təsərrüfatı təyinatlı sahələrin də susuzlaşmasına gətirib çıxarır.

Çoxlu sayda sahibkar Armavir vilayətindəki mədənləri istismar edir. Onlarla icmanın kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə ildən ilə səhra və bataqlıqlara çevrilir. İş orasındadır ki, qum ehtiyatı tükənəndən sonra, karxananın sahibi çıxıb gedir və özündən sonra bataqlıq və səhralaşmış, əkinçilik üçün yararsız torpaqlar qoyur.

Qum karxanalarını kim istismar edir?

Biz Arqavand kənd icmasının rəhbəri Arşak Ağacanyandan öyrənməyə çalıqdıq ki, qum karxanalarını kim istismar edir və niyə bu karxana sahibləri sonradan yeraltı sərvətlər haqqında qanunun tələb etdiyi kimi, bitki qatının bərpası, rekultivasiya ilə məşğul olmurlar.

Kənd icmasının rəhbərinin sualın bu cür qoyuluşuna əsəsbləri dözmədi. Bir neçə kəsik və əsəbi cavab verildi: “Bunu niyə məndə xəbər alırsız? Bunun kənd icması rəhbərinə nə dəxli var? Siz bura niyə gəlmisiz? Siz qum karxanalarını harada görmüsüz? Nə qum karxanası? Kənddə qeydə alınmış qum karxanası yoxdur. Kənd administrasiyasının nə müqaviləsi, nə də parlament deputatı Naapet Qevorqyanın dörd il ərzində haradan və nə qədər qum çıxarması haqqında məlumatı yoxdur.

Kənd icmasının rəhbərinin ancaq ondan xəbəri varıydı ki, artıq bir ildir ki, deputat onların kəndində qum çıxarmır, indi o qonşu Tandzut kəndinin torpağına keçib. Kəndin qırağında fəaliyyət göstərən qum karxanasının sahibi haqqında isə o ümumiyyətlə xəbərsizdir, ancaq bir dəfə torpaq vergisini ödəməyi tələb edib, cavabında da ona qarşı kobudluq ediblər, o da üzr istəyərək, uzaqlaşıb. Hətta iki yoxlamadan sonra belə kənd icmasının rəhbəri heç özü üçün də kənd ərazisində qum karxanasının kim tərəfindən işlədilməsi barədə məlumat əldə edə bilməyib.

Arqavand sakini Akop isə onun digər həmkəndliləri kimi, adları çəkməkdən boyun qaçırsa da, onların torpaq sahələrindən kimin gəlir əldə etdiyini bilir.

İcmalar torpağın taleyini həll etmək səlahiyyətinə malik deyillər

Torpaqların mütləq rekultivasiyası əsasən dövlət tərəfindən həyata keçirilir, sahibkar isə bunun pulunu ödəməlidir. Belə çıxır ki, ya sahibkar pulu ödəmir, ya da ən yaxşı halda, ödəyir, amma dövlət öz öhdəliklərini yerinə yetirmir. Nəticədə karxana süxur suları ilə dolur, bataqlaşır və epidemiya mənbəyinə çevrilir.

Ekoloq Sanasar Baqdasaryanın hesablamalarına görə, bu gün Armavir vilayətində 1000 hektardan çox sahə rekultivasiya olunmalıdır ki, bunların 250 hektarı Canfida icmasına məxsusdur.

Canfida kənd icması rəhbəri Rafik Yeqiazaryanın sözlərinə görə, bütün bunlar sovet vaxtlarından qalan qum karxanaların izləridir. Canfida kənd icması rəhbərini kəndin düz girəcəyində yüz hektarlarla sahənin bataqlıq və sulu qumlu əraziyə çevrilməsi məsələsi narahat edir.

O bildirir ki, indi kənddə yeni qum karxanaları yoxdur, olsa da, kənd bələdiyyəsinin bununla heç bir əlaqəsi yoxdur. Torpaqlar sahibkarlara məxsusdur, karxananın istismarı ilə bağlı icazəni isə Energetika və Təbii Sərvətlər Nazirliyi verir.

Eyni problem Crarat icmasında da var. Burada da sahibkarlar torpaq sahələrini kəndlilərdən alaraq, qanuni yolla kəndin böyük bir hissəsini mədənə çeviriblər. Bir çox Crarat kənd sakinləri hətta onların torpaq sahəsini almağa və onu qum karxanasına çevirməyə razı olan səxavətli alıcının yolunu gözləyirlər.

Crarat kənd icmasının rəhbəri Samvel Qalstyan kənddə qum karxanalarının istismarına qarşıdır, amma qanunla buna heç cür mane olmaq və kənd təsərrüfatı sahələrinin karxanaya çevrilməsinin qarşısını almq iqtidarında deyil. Onun üçün yeganə mübarizə metodu ehtiyat fondunun torpaq sahələrini mədən açmaq məqsədi ilə icarəyə götürmək istəyənlərə rədd cavabı verməkdir.

Yaxşı mühafizə olunmuş biznes

Qum karxanasının ərazisinə keçmək mümkünsüzdür. Buraya gələnləri insanlar əvəzinə acıqlı itlər qarşılayır, karxana sahiblərinin adları isə məxfi saxlanılır.

Yaranan vəziyyəti sovet dönəmindən qalma problem hesab etmək ədalətsizlik olardı, çünki bu ənənə bizi dövrümüzdə də davam edir. İldən ilə kənd torpaqları mədənlərə çevrilir və karxana sahiblərinin onların istismarına icazə almaq üçün qanunla müəyyən edilmiş məbləği ödəmələrinə (hər halda, ödəməlidirlər) baxmayaraq, rekultivasiya həyata keçirilmir.

Ermənistan Respublikasının yeralı sərvətlər haqqında qanununun 70-ci maddəsinin 3-cü bəndinə görə, müvəkkil orqan, bu halda Energetika və Təbii Sərvətlər Nazirliyi karxananın bağlanmasından sonra rekultivasiya işlərinə görə cavabdehlik daşıyır. Sahibkar bu şərti yerinə yetirməsə belə, müvəkkil orqan öz təşəbbüsü ilə təbiət və ətraf mühitin mühafizəsi üçün toplanan kapitalın vəsaiti hesabına lazımi tədbirləri yerinə yetirməlidir.

Akop başa düşür ki, Arqavand kəndinin kənd təsərrüfatı sahələri bataqlaşır, amma rekultivasiya faktı onu xüsusi olaraq ilhamlandırmır, çünki o daha heç vaxt öz köhnə sahəsini geri ala bilməyəcək. Аkor belə fikirləşir: onun torpaq sahəsini dəyər-dəyməzə aldılar, yararsız hala gətirdilər, rekultivasiyadan sonra isə onnun qiyməti xeyli artacaq və Akopun cibinə uyğun olmayacaq.


More on JAMnews