Rusiya prezidenti bu iş üzrə daha iki qadını azad edib. Bütün müttəhimlər haqqında ətraflı" />

Qadın işi: 2008-ci ilin avqust ayında Gürcüstan-Rusiya münaqişəsindən əvvəl mesaja görə həbsaxanada keçən illər

Rusiya prezidenti bu iş üzrə daha iki qadını azad edib. Bütün müttəhimlər haqqında ətraflı

Foto: Dmitri Stateynov, Abxaziya, JAMnews

İyulun 29-da RF prezidenti Vladimir Putin vətənə xəyanət ittihamı ilə, 2008-ci ildə Gürcüstana Rusiya hərbi texnikasının açıq hərəkəti barədə mesaj göndərdiklərinə görə uzun müddətlik həbs cəzası alan daha iki qadını Annik Kesyan və Marina Cancqavanı əfv edib.

2008-ci ilin aprel ayında Soçi sakinləri Marina Cancqava və Annik Kesyanın Gürcüstana, tanışlarına göndərdikləri mesajlarda deyilirdi ki, Rusiya hərbi texnikası Abxaziya tərəfə hərəkət edir. Bu, Cənubi Osetiyada müharibənin başlanmasından bir neçə ay əvvəl olub və Soçinin bir çox sakini heç bir şəkildə gizlənmədən dəmir yolu ilə Abxaziya istiqamətində hərəkət edən hərbi texnikalı eşelonları görüblər.

Bu mesajlara görə Canqcava və Kesyan sonradan müvafiq olaraq 12 və 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar.

Ümumilikdə bu qrup məhkumlar arasında 6 qadın var, onların prosesləri isə xalq arasında ümumi “Qadın işi” adını aldı.

2017-ci ilin mart ayında bu qrupun bir məhkumu Oksana Sevastidi vaxtından əvvəl azadlığa buraxıldı, bundan bir il əvvəl, 2016-cı ilin iyun ayında isə Yekaterina Xarebava da vaxtından əvvəl azad edildi.

“Qadın işi”dən olan azı daha iki məhkum İnqa Tutisani və Manana Kapanadze hələ də həbsxanada qalır.

Bütün bu qadınların işini Rusiyanın hüquqşünas və jurnalistlərdən ibarət “Komanda 29” təşkilatı aparır. Onun yaradıcıları vəkillər İvan Pavlov və Yevgeni Smirnovdur. “Komanda 29”un saytında deyilir ki, onlar “haqsız olaraq dövlətə xəyanət, dövlət sirrini yayma və casusluqda ittiham olunan” şəxslərə hüquqi yardım göstərirlər.

Mesajlara görə həbs edilən altı qadının işi bir-birinə çox oxşayır. “Komanda 29”un qadınları dövlətə xəyanət etdiklərini etiraf etməyə necə məcbur edildikləri və niyə onların haqqında hamının ancaq 2016-cı ilin axırlarında xəbər tutmaları barədə yazısını dərc edirik.

Marina Cancqava

Marina Cancqava 25 il Adler sərnişin vaqon deposunda konduktor işləyib.

“Onlar 2012-ci ildə, oktyabrın 2-də gəldilər. Üç ya dörd “qazeldə”, sanki residivist tutmağa gəlmişdilər, maskalı və əli avtomatlı. Bütün otaqları yoxlamağa başladılar: onun, mənim və oğlumun. Heç nə tapmadılar, bununla belə, hər şeyi apardılar. Axşam qaytaracaqlarını dedilər… Mühakimə edirdilər, adına nələr çıxdılar”, – Marina Cancqavanın anası Tamara Cancqava qızının həbsi barədə bunları danışır.

Marina Cancqava Gürcüstan ərazisinə mesaj göndərdiyinə görə mühakimə olunan ilk adam oldu. 1 noyabr 2013-cü il tarixində onu dövlətə xəyanət etməkdə günahkar bilib, 12 il müddətinə koloniyada həbs cəzasına məhkum etdilər.

Marinanın anası qızının gürcü tanışı ilə ünsiyyətdə olduğunu bilirdi, amma heç biri bunda pis heç nə görmürdülər.

“Onun bu 2008-ci ildəki eşelonlar nəyinə gərəkiydi ki, Abxaziyada müharibəni görüb? Ağrıyan yeri çoxdur, qalxanvarı vəzisində əməliyyat olunub, ürəyi zəifdir, mənə isə heç onun sağlamlıq durumu barədə arayış da vermədilər. Oğlum Soçiyə gedib, Marina orada qeydiyyatdaydı, orada isə ona dedilər ki, baş həkimə kimsə Marina ilə bağlı heç nə verməməklə bağlı xəbərdarlıq edib”, – Tamara Cancqava danışır.

“Qızım mənə dedi: “Ana, mən “hə” deməyə məcbur oldum, burada həqiqət yoxdur, ana, burada onu tapmayacaqsan”. Deyir ki, bu Troyan [Kesyan, Sevastidi, Xarebava və Pyotr Parpulovun işləri ilə məşğul olan müstəntiq Roman Troyan – “Komanda 29”un qeydi] onu təhdid edib, günahını boynuna almağa məcbur edib. Onda da qızım düşündü ki, cəhənnəmə ki, özüm oturaram həbsdə, ərim yoxdur, ölüb, qızım da ölüb. Təkdir, 59 yaşında”, – Tamara Cancqava danışır.

79 yaşlı ana beş il ərzində hər dörd aydan bir Soçiyə, Voloqda istehlak koloniyasına qızıyla görüşmək üçün ayaq döyüb.

Marina Cancaqava, foto www.open.ru saytındandır

Annik Kesyan

Annik Kesyan Adlerdə anadan olub, 19 yaşında ailə qurub və ərinin yanına Qaqraya gedib, amma 1992-ci ildə Gürcüstan-Abxaziya müharibəsi başlayandan sonra bütün ailə Rusiyaya qayıdır. Qızı Violetta Gürcüstan sakininə ərə gedir, anası tez-tez onun yanına qonaq gedirdi.

Adlerdə Kesyan bazarda işləyir, paltar satırdı, sonra da evdar xanım olur.

“Evdə pelmen və varenik hazırlayırdı, özünün müştəriləri varıydı, indi də onun nə vaxt çıxacağını gözləyirlər, onun hazırladığı yarım fabrikatları istəyirlər. Nə dövlətə xəyanət, bu nədir ümumiyyətlə?”, – Annikin qızı Violetta Revazova deyir.

Annik Kesyan gürcü Mamuka Lukava ilə dostluq edirdi. 2008-ci ilin yazında Mamuka ona mesaj yazıb soruşanda ki, həqiqətənmi Abxaziyaya Rusiya hərbi texnikası gedir, Annik cavab verir: “Hə, gedir”.

Soçinin bir çox sakini bu eşelonları görüb və Annikin ağlının ucundan belə keçməyib ki, açıq, heç bir şəkildə gizlətmədən daşınan bu texnika dövlət sirridir.

Növbəti altı ay sakit keçdi, o artıq bu yazışmanı unutmuşdu da.

2013-cü ilin sentyabr ayında onu iki dəfə FTX-ya dindirməyə çağırdılar, yarım il sonra isə evinə axtarışla gəldilər, bundan sonra da qadını istintaq təcridxanasına apardılar. Orada, Kesyanın söylədiyinə görə, FTX əməkdaşlarından biri onun sifətindən vuraraq deyib:

“Başla, bildiklərini də, bilmədiklərini də danış”.

Növbəti il yarım ərzində Kesyanın işi ilə bağlı istintaq gedib, istintaqı aparan da “Qadın işi” üzrə məhkum olunan digər qadınların da işini aparan Roman Troyan olub.

Məlum olub ki, mesaj göndərdiyi dostu Gürcüstan kəşfiyyatında işləyirmiş. Düzdür, bu məlumatı ancaq Abxaziya təhlükəsizlik orqanları tərəfindən verilən arayış təsdiqləyir.

Annik Kesyan danışır ki, məhkəmədə ona sual veriləndə ki, etdiklərinin qeyri-qanuni olduğunu anlayırdımı, vəkil ona başı ilə işarə edirdi ki, razılaşsın. Sonra da hökmdə özü üçün tam gözlənilməz şəkildə eşidib ki, guya mesajda tankların sayı barədə yazıb, halbuki o bunu heç cür bilə bilməzdi.

2015-ci ilin yayında Annik Kesyanı dövlətə xəyanətdə günahkar bilərək, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdilər. Dindirmələrdə qadın öz günahını etiraf edib. Maraqlarını məhkəmədə dövlət vəkili müdafiə edirdi, o da hesab etdi ki, hökmdən apelyasiya şikayəti yazmağa ehtiyac yoxdur.   

Anasının günahını etiraf etdiyini şərh edən Violetta Revazova deyir:

:“O, bütün bunları qorxudan edib, ancaq qorxudan: qorxudan biz heç kimə heç nə danışmırdıq, hələ indi özümüzə gəlməyə başlayırıq”.

 

Annik Kesyan, foto qızının şəxsi arxivindəndir

Oksana Sevastidi

Kesyanın başına gələnlər barədə “Qadın işi”nın daha bir “üzvü” Oksana Sevastidi danışıb. O, birinci olaraq, 2017-ci ilin mart ayında Vladimir Putinin əfvi ilə azadlığa çıxıb.

2008-ci ilin aprel ayında Oksana Sevastidi tanışı olan gürcüdən mesaj alır: “Sizin platformada tanklar durur?”. Sevastidi də cavab verir: “Əvvəl dururdu, indi bilmirəm”.

2015-ci ildə onu həbs edib, yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası verirlər. Onun bəxti gətirdi – həbsxanada cəmi bir il qaldı – Sevastidi haqqında mətbuatda gedən yazıdan və jurnalistlərin Vladimir Putinə mətbuat konfransı zamanı verdikləri sualdan sonra xəbər tutdular.

Nəticədə Oksana Sevastidini əfv etdilər, vəkilləri İvan Pavlov və Yevgeni Smirnov isə cəza müddətinin üç ilə qədər azaldılmasına nail oldular.

Oksana Sevastidini əfv ediblər, onun vəkilləri İvan Pavlov (soldan) və Yevgeni Smirnov isə onun cəza müddətinin üç ilə qədər endirilməsinə nail olublar (foto İvan Pavlovun Facebook səhifəsindəndir)

Yekaterina Xarebava

30 aprel 2008-ci il tarixində Yekaterina Xarebava Soçidəki dəmir yolunda hərbi texnikanı görüb, bu haqda özünün Gürcüstandakı tanışına mesaj yazıb. Onu həbs etməyə isə ancaq 2013-cü ildə gəldilər.

Xarebavanı Gürcüstan vətəndaşı olduğu üçün casusluq maddəsi ilə altı il müddətinə koloniyada həbs cəzasına məhkum ediblər.

Yekaterina Xarebava özünün günahkar saymır. Vəkili Leonid Yerçenko “Komanda 29”a bildirib ki, onun bu işlə məşğul olmağa başladığı vaxt Yekaterina artıq casusluq etdiyini etiraf etmişdi. Müstəntiq, daha sonra isə dövlət tərəfindən təyin olunan vəkil ona bu kağıza imza atmağı məsləhət görür və daha az müddət alacağına vəd edirdilər.

“O hər şeyi etiraf edir və hər yerə qol çəkirdi, çünki heç bir fırıldaq görmürdü. Demə, onlar [FTX] artıq həmin vaxt cinayət işinə başlamaq üçün material toplayırlarmış”.

Xarebava 2016-cı ildə, vətəndaşların qarşılıqlı azad edilməsi haqda Rusiya-Gürcüstan razılaşdırılmasına əsasən azadlığa çıxıb. “Komanda 29”-un məlumatına görə, onun qızı vəkili ilə birlikdə Gürcüstan hakimiyyətinə müraciət edərək, anasının taleyinə diqqət yetirməyini tələb etdilər.

Yekaterina Xarebava ( rustavi.2.com saytından skrinşot)

İnqa Tutisani və Manana Kapanadze

2014-cü ilin yayında Krasnodarda məhkəmə iki qadını – İnqa Tutisani və Manana Kapanadzeni dövlətə xəyanətdə suçladı.

“Krasnodar vilayətində haqqında eşitdiyimiz dövlətə xəyanətlə bağlı işlərdə istintaq hər dəfə dövlətə xəyanət və casusluqla şübhəli bilinən hər kəsdən vəkil axtarmamağı və jurnalistlərlə əlaqə saxlamamağı xahiş edir. Vəd edirlər ki, iş asanlıqla həll olunacaq, kiçik müddət verəcəklər, sonra da başqa cür alınır”, – Sevastidinin işini şərh edən vəkili İvan Pavlov danışır.

Onun məlumatına görə, 2010-cu ildən 2016-cı ilin ortalarına qədər “dövlətə xəyanət” maddəsilə ümumilikdə 87 nəfər ittiham olunub.

“Biz güman edirik ki, “gürcü casusları” ilə bağlı heç də bütün işlər bağlanmayıb. Beşgünlük müharibədən sonra “casuslarla mübarizə” doqquz ildir ki, davam edir”, – İvan Pavlov deyir.

2008-ci ilin avqust ayında Cənubi Osetiya ətrafında münaqişə Rusiya və Gürcüstanın iştirak etdiyi beşgünlük hərbi qarşıdurmaya çevrilib. Gürcüstanın versiyasına görə, Rusiya muxtar respublikaya qoşun yeritməyi əvvəlcədən planlaşdırıb və Gürcüstan ordusunun addımları bu təhdidə və Cənubi Osetiya hakimiyyətinin təxribatına cavab olub. Rusiya tərəfinin versiyasına görə, qoşunlar regiona vətəndaşların və sülhməramlıların qorunması üçün gəlib. Beşgünlük müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, Moskva ilə Tbilisi arasında isə diplomatik münasibətlər kəsilib.

Avropa İttifaqı tərəfindən baş verənlərin araşdırılması üçün yaratdığı xüsusi komissiyanın hesabatına görə, Osetiya tərəfindən 365 hərbçi və mülki şəxs, Gürcüstan tərəfindən isə 412 hərbçi və mülki şəxs həlak olub. Həm də 67 rusiyalı sülhməramlı ölüb.

Cənubi Osetiya ərazisində gürcü kəndlərinin 80 minə yaxın sakini öz evlərini tərk edərək, qaçqınlar və məcburi köçkünlərin sıralarına daxil olublar.


More on JAMnews