Polşa Gürcüstan vətəndaşları üçün işin olduğu ölkədir
Kutaisi hava limanında Vroslava gedən təyyarəyə əyləşməzdən əvvəl Qərbi Gürcüstanın bütün dialiektlərini eşitmək olar.
Yoldaşları yaşlı adama qeydiyyat və pasport nəzarətindən necə keçməli olduğunu başa salırlar. Yanımızdan əlində çanta əvəzinə polietilen torba olan sərnişin ötüb keçir.
Xarici görünüşdən kənd sakinlərinə bənzəyən bir qrup kişi “duty free” zonasında çox bahalı restoranda möhtəşəm şam yeməyi təşkil ediblər. Kimsə telefonla planlarını bölüşür – deyir ki, Vroslavdakı aeroportda gecələyəndən dərhal sonra iş axtarışına çıxacaq.
Gürcüstandan Polşaya əmək miqrasiyası ilk baxışdan belə görünür.
•Gürcüstandan Avropada olan mühacirlər evlərinə Rusiyada işləyənlərdən daha çox pul köçürür
•Gürcüstan vətəndaşları Avropada —vizasız, sığınacaqsız
•Gürcüstan — Cənubi Afrikadan olan burlar üçün yeni ev
64 yaşlı Quram Cocua Qərbi Gürcüstandan olan kənd sakinidir. O da Kutaisi reysi ilə Vroslavdan turist kimi gəlib. Əslində isə Avropanın bu gözəl şəhərinin gəzməli-görməli yerləri onu az maraqlandırır. O, burada iş axtarır.
Quramın kənddə 900 fındıq ağacından ibarət plantasiyası var. Amma məhsulunu mərmər bağacığı məhv edəndən sonra qazanc yeri qalmadı. Polşada müvəqqəti də olsa iş yeri onun yeganə ümididir.
Həm də kürəkəni artıq bir ildir ki, Vroslavda işləyir. “Əminəm ki, mənə kömək edib, iş tapacaqlar”, – Quram bizə deyir.
Niyə Polşa?
Son iki il ərzində Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq olunandan sonra Polşa Gürcüstandan əmək miqrasiyası üçün əsas istiqamətlərdən biri oldu.
Gürcüstanda işsizlik rəsmi məlumatlara görə, 2018-ci il ərzində 12,7 faiz təşkil edib (ən yüksək faiz 2009-cu ildə olub – 18,3 faiz, həmin vaxtdan hər il yavaş-yavaş azalır). Rusiyaya yol münaqişə və ciddi viza rejimi səbəbindən demək olar ki, bağlıdır. Son illərdə əsas miqrasiya istiqamətləri Yunanıstan, Türkiyə, İtaliya və Almaniya olub.
Polşanın isə müsbət tərəfi ondan ibarətdir ki, bu ölkədə iş leqaldır. Postsovet ölkələri olan Ukrayna, Belarus, Rusiya, Moldova, Gürcüstan və Ermənistan vətəndaşları üçün iş icazəsi sadələşdirilmiş qaydada verilir. Gürcüstan vətəndaşları üçün bu xaricdə leqal işə düzəlmək üçün yeganə şansdır.
Polşanın iqtisadi artımı 2018-ci ildə 5,1 faiz təşkil edib. Ölkənin ÜDM-i artıq 26 ildir ki, dayanmadan artır. Polşa iqtisadiyyatı digər Avropa ölkələrindən fərqli olaraq, 2008-2009-cu illərə təsadüf edən böhranda tənəzzüldən qaça bildi.
Bu iqtisadi bumun hiss olunduğu yeganə şey ölkədə işçi qüvvəsi azlığıdır.
Polşanın öz işçi qüvvəsi Qərbi Avropa və Skandinaviya ölkələrinə gedir – orada maaş xeyli daha yüksəkdir, polyakların da Aİ vətəndaşları kimi orada işləmək hüququ var. Buna görə də Polşa zərəri kompensasiya etmək üçün keçmiş SSRİ və Asiya ölkələrindən işçi qüvvəsi cəlb etməyə çalışır.
Burada saatda 11 zlot [təxminən 2,5 avro] verirlər. Çox vaxt 10-12 saat işləyirlər. Qeyri-peşəkar fəhlə ayda 700-800 avro qazana bilər.
“Eurostat”ın məlumatına görə, Polşa 2017-ci ildə Avropada Aİ-yə daxil olmayan ölkələrdən ən çox miqrant qəbul edib – 683 min nəfər.
Kajmerçak deyir ki, hazırda ölkədə əmək miqrantlarnını təxminən 80 faizi Ukrayna vətəndaşlarıdır.
Amma gürcü miqrantlarının sayı da sürətlə artır. 2017-ci ilə qədər Polşada onlar demək olar ki, olmayıb, 2018-ci ildə isə artıq 12 min Gürcüstan vətəndaşı müvəqqəti iş icazəsi alıb. Və onların yalnız 3700 nəfəri Tbilisidəki konsulluqda iş vizaları alıblar. Yerdə qalanları isə ölkəyə vizasız rejimdən yararlanaraq, turist kimi gəliblər.
2019-ci ilin fevral ayı üçün Polşa Gürcüstan vətəndaşlarının pul köçürmələri üzrə 10-cu yerə çıxıb — ayda 2,2 milyon dollar. Müqayisə üçün – 2018-ci ilin fevral ayı üçün Polşadan Gürcüstana 800 min dollar, 2017-ci ilin fevral ayında isə 127 min dollar köçürülüb
İş hamı üçün var?
“Ərimlə birlikdə uşaqları evdə qoyub, Polşaya iş dalınca getmək qərarını verdik. Xahiş edirəm, hər hansı iş tapmağa kömək edin”, – bu cür status Polşada yaşayan gürcülərin olduğu “Facebook” qrupunda dərc olunub. Qrupda olan əksər statuslar iş tapmağa kömək etmək və ya sənədlərlə bağlı məsləhət vermək xahişləri ilə bağlıdır. Adətən iş tez tapılır.
Quram Cocuanın kürəkəni Roland Kacaya (43 yaş) Polşaya 2017-ci ilin dekabr ayında gəlib. Vroslavda tikintiyə işə düzəlib – şüşə fasadın quraşdırılmasına görə saatda 15 zlot [təxminən 3,5 avro] alır. Heç bir təcrübəsi olmayıb, amma özünün dediyi kimi, ona mebel düzəltmək üzrə təcrübəsi kömək edib – Gürcüstanda məhz bu işlə məşğul olub.
Onu bir otaqda bir neçə nəfərin yaşadığı “mehmanxanada” yerləşdiriblər, ayda 40 zlot [təxminən 10 avro] verirdi.
Roland özünün ilk iş yeri olan müasir ofis binasını göstərir və qürurla iş prosesini təsvir edərkən, gürcü nitqini polyak sözləri ilə qarışdırır – “vinda” (lift), “vuzek” (araba), “kerovnik” (rəhbər). Bir ildən bir az çox vaxt ərzində o, polyak danışıq dilini mənimsəyə bilib.
Hazırda işlədiyi mebel istehsalı üzrə kiçik müəssisə artıq sayca üçüncü iş yeridir, vəziyyətindən çox da razıdır.
Zaza Lojbanidze (47 yaş) Polşada, Poznan şəhərində bir ildən çoxdur ki, işləyir. “Żabka” iri supermarketlər şəbəkəsinin anbarında “maqaziner”, yəni “anbardar” işləyir.
“Məni bura gətirən əsas səbəb bank qarşısında borclarım olub. Bütün Gürcüstan borc içindədir, mən də istisna deyiləm”, — Zaza deyir.
Onun sözlərinə görə, Polşada iş tapmaq çətin deyil – vizasız rejimlə gəlib, artıq yerində hər hansı vasitəçi şirkətin ofisinə müraciət etmək olar.
Amma birinci dəfədən heç də hamının bəxti gətirmir. Maya Nesuaşvili yaxın qohumunun sözünə inanaraq, vasitəçiyə zəmanətli iş, qalmağa yer və sənədlərə görə 1500 avro ödəyib, axırda da vəd olunanlardan heç birini almayıb. İki ay o, başqa gürcülərlə birlikdə iş icazəsini gözləyərək, “hosteldən höstelə” köç edib. Sonradan fabrikdə işə düzəlsə də orada müvəqqəti oturum almaqla bağlı problemlər yaranıb.
Amma nəticədə Maya yoldaşı Zaza ilə birlikdə iş tapa bilib – şəhərdə ərazinin təmizlənməsi ilə məşğul olan şirkətdə. İkisi birlikdə min avrodan bir az çox qazanır. Şəhərin mərkəzində səliqəli köhnə beşmərtəbəlidə iki gürcü qonşusu ilə birlikdə ikiotaqlı mənzil kirayələyirlər. Mənzildə nə internet var, nə də televizor.
Maya və Zaza (52 və 57 yaş) Şərqi Gürcüstandan, Kaxetiyadandılar. Vətənlərində böyük uşaqları qalıb. Deyirlər ki, xaricdə iş axtarmağa onları məcbur edən vətənlərindəki işsizlik oldu. Buna qədər üç il qeyri-leqal İsraildə işləyiblər.
“Polşaya gəlmək ucuz başa gəlir, əsası odur ki, burada sənədlər, tibbi sığorta verilir. Hər şey qanunidir, heç kimin sənlə işi yoxdur. Maaş o qədər də böyük deyil, amma nə edəsən — vətənimizdə heç bunun yarısı da yoxdur”, — Zaza deyir.
Amma heç də hamı razı qalmır. Qela (ad dəyişdirilib) Polşada altı aydır qalır. Qdanskda iri brend şirkətinin anbarında işləyir. Günə təxminən 80 zlot [18,5 avroya yaxın] alır. Şəraitindən narazıdır və Qərbi Avropada işə düzəlmək istədiyini deyir.
“Burada dəfələrlə aldanmışam. Guya mənə iş var, gəlirəm, məlum olur ki, gips kartonu əvəzinə armatura ilə işləməliyəm. Nəqliyyat burada bahadır, belə çıxır ki, pulu havayı xərcləyirəm”.
“Fabrikdə saata 11 zlota işləmişəm. Həmin yerdə eyni işdə polyak 21 zlot alıb. Səbəbini soruşuram, deyirlər ki, polyakdır, ona görə”.
Yerlilərin münasibəti də xoşuna gəlmir: “Rus dilində heç danışmaq istəmirlər. Heç avtobus nömrəsini də deməyəcəklər. Bizsə Gürcüstanda bütün əcnəbiləri kabab və xəngəllə qarşılayırıq”.
“Kimə şikayət edəsən”
Zurab Torçinava 20 ildən artıqdır ki, Vroslavda yaşayır. Vətəndaşlığı fəaliyyətdə olan prezident Andjey Dudadan alıb, bununla çox qürurlanır. Gəncliyində Zurab akrobat olub, sirkdə işləyib. Tbilisidə truppa rəhbərinə qədər yüksəlib. Amma 90-cı illərdə işini itirib və ölkəni tərk etmək qərarına gəlib. Vroslavda məskunlaşıb, ailə qurub. İşi haqqında az danışır: “sənət öyrəndim, fiziki işlə məşğul oldum, indi mühafizədəyəm”.
İki il əvvəl gürcülər Vroslava iş dalınca gəlməyə başladı. Zurab isə onların qeyri-rəsmi müdafiəçisi və bir çox halda son ümid yeri oldu.
O, tam könüllü olaraq həmyerlilərinə məsləhətlər verir, tərcümədə, işəgötürən və vasitəçilərlə danışıqlarda, maaşla bağlı məsələləri həll etməkdə kömək edir.
Söhbətimiz zamanı telefonuna az qala hər dəqiqə zəng gəlir.
Zurab deyir ki, əksər gəlmələrin əsas problemi məlumatsızlıq, həm də qeyri-peşəkarlıqdır:
“Onlara iş və sənəd təklif edirlər. Yerində isə məlum olur ki, adam götürüldüyü işi bacarmır. Nəticədə insanlar işsiz qalır və yeni iş axtarışına çıxırlar”.
Zurabın sözlərinə görə, adamların maaşlarının gecikdirildiyi və ya ümumiyyətlə verilmədiyi hallar çoxdur – leqal qalmaq vaxtları bitir və insanlar ölkəni pulsuz tərk etməli olurlar.
Roland Kadjayanın tikintidə iş yoldaşları da bu problemlə üzləşib – rəhbərliyi qane etməyən gürcülər tezliklə işdən çıxarılır. Onların bir hissəsi də artıq qazandıqları pulu almadan qayıtmalı olurlar.
“Onlar demir ki, maaşı ödəməyəcəklər. Deyirlər, sabah, birigün, bazar ertəsi. Burada bir dəfə də olsun bu cür problemlə üzləşməyən bir nəfər gürcü belə tanımıram”, – Roland deyir.
Zurab Torçinava deyir ki, Polşada gürcü əmək miqrantlarının maraqlarını müdafiə edən hüquqşünas və ya təşkilat yoxdur. Miqrantların özünün də vəkil tutmağa pulu olmur.
“Kimə şikayət edəsən? Onlara deyirlər ki, maaşı gözləmək lazımdır. Adamların da 90 günlük müddəti bitir və ölkədən çıxmalı olurlar”, – Zurab izah edir.
Lekso Axalaya Poznanda yaşayır. Qərbi Gürcüstanın Zuqdidi şəhərindəndir. İxtisasca tarixçidir, Varşavada universitet bitirib, Poznanda doktoranturada oxuyub. Distribyutor şirkətində işləməklə yanaşı sahibkarlıqla məşğuldur – Gürcüstandan tikinti yerlərinə fəhlə gətirir, indi isə gürcü çörəkxanası açmaq üçün köhnə şəhərdə yer axtarır.
O da Zurab kimi çətin vəziyyətə düşən həmyerlilərinə bacardığı köməyi göstərməyə çalışır.
Onun sözlərinə görə, məlumatsızlıq gürcü əmək miqrantlarının əsas problemidir:
“Onlar hara getdiklərini, harada işləyəcəklərini, işlərinin nədən ibarət olduğunu, nə bacardıqlarını bilməlidirlər. 90 faiz bunu bilmir, deyirlər ki, ora Avropadır, “nəsə olacaq”.
Bundan başqa, miqrantlar vicdansız vasitəçilərin günahı ücbatından əziyyət çəkir.
“Adamlar maaş almayanda, on haldan səkkizində pulu mənimsəyən vasitəçi günahkardır”, – Lekso izah edir.
O deyir ki, misal üçün, Polşadakı Ukrayna səfirliyi öz miqrantlarına o cümlədən gecikən maaşları almaqda kömək edir və bu işdə Polşa qurumları ilə əməkdaşlıq edir. “Gürcüstan da eyni şeyləri etsəydi, yaxşı olardı”, – Lekso deyir.
Gürcüstanın Polşadakı səfirliyinin müşaviri Temur Purseladze deyir ki, diplomatik nümayəndəlikdə “qaynar xətt” fəaliyyət göstərir, bura Gürcüstan vətəndaşları kömək üçün müraciət edir.
Onun sözlərinə görə, insanlar əsasən Polşada necə işə düzəlməklə bağlı maraqlanır, həm də maaş almaqda problemlər yarandıqda müraciət edirlər. “Biz gücümüz çatana qədər kömək edirik”, – Purseladze deyir. Eyni zamanda Polşada gürcü əmək miqrasiyasından danışarkən, o “xaotik” sözündən istifadə edir. Aydındır ki, Gürcüstan nümayəndəliyi onun artan miqyaslarının öhdəsindən gələ bilmir.
Sezari Kajmerçak həm də deyir ki, Polşada əmək miqrasiyasının miqyasları miqrasiyaya görə məsul olan Polşa xidmətlərini də çaş-baş salıb. Miqrantların qarşılaşdığı problemlərin səbəbi də məhz bundadır.
“Polşa mühacirlər ölkəsi deyil. Dövlət sadəcə bu cür insan axınının öhdəsindən gələ bilmir”, – Kajmerçak deyir.
Ölkədə leqal qalmaq – bu, nə qədər çətindir?
Polşada leqal olaraq işə düzəlmək üçün müvəqqəti iş icazəsi almaq lazımdır. Bunun üçün işəgötürən “ujond”a, yəni yerli özünüidarəetmə orqanına müraciət etməlidir.
Adətən bu cür sənədin alınması bir neçə günün işidir.
Bu cür icazəsi olan adam altı aydan bir ilə qədər müddət üçün iş vizası ala bilər, həm də vizasız üç ay ərzində qalmaq hüququndan istifadə edərək, Polşaya getmək olar.
Artıq Polşada ola-ola üç il üçün müvəqqəti yaşamaq icazəsi – “karta pobıtu” almaq olar. Bunun üçün iş yerindən və ev kirayələməklə bağlı sənəd təqdim etmək, həm də 450 zlot [təxminən 100 avro] həcmində rüsum ödəmək lazımdır. Amma nəzərə almaq lazımdır ki, “karta pobıtu” məsələsi iş yeri ilə ciddi bağlıdır – adam karta almaq üçün qeyd etdiyi işdən çıxırsa, proses sıfırlanır və artıq yeni iş yerindən yenidən müraciət etmək lazımdır.
Böyük miqrant axını və Polşanın miqrasiya xidmətinin yüklənməsi səbəbindən “karta pobıtu”nu uzun müddət, çox vaxt bir ildən çox gözləməli olursan. Amma karta üçün müraciət edən şəxs Polşada leqal olaraq qalmaq və işlə təmin olunmaq hüququ alır.
Əcnəbilər arasından kadrların cəlb edilməsi prosesini Polşanın özəl şirkətləri vasitəçi şirkətlərə həvalə edir. Polşada bu şirkətləri əsasən Ukrayna vətəndaşları idarə edir. Vasitəçilər tərəfindən elan olunan əksər vakansiyalar pulsuzdur. Yəni vasitəçinin xidmətlərinə görə pulu işəgötürən ödəyir.
Lekso Axalayanın sözlərinə görə, agentlikdə pullu vakansiya 200 avrodan baha olmamalıdır.
Gürcü vasitəçiləri öz növbəsində onlara aktual vakansiyalar təqdim edən Polşadan olan vasitəçilərlə əməkdaşlıq edirlər.
Polşa – müsbət və mənfi tərəflər
— Polşaya əmək miqrasiyasının əsas üstünlüyü leqal işdir. O cümlədən də aşağı ixtisaslı işçilər üçün.
— Böyük üstünlük – yerli əhalinin Gürcüstan və gürcülərə münasibəti, bunu sual verdiyimiz hər kəs qeyd edirdi. Polyaklar gürcülərə əsasən müsbət yanaşır.
— Gürcü miqrantları üçün mənfi tərəf – nisbətən aşağı maaşlar (Almaniya, Yunanıstan, İtaliya və digər Qərbi Avropa ölkələri ilə müqayisədə). “Nəzərə almaq lazımdır ki, adamın böyük maliyyə problemi varsa, Polşadakı işlə onu həll etmək mümkün olmayacaq. Ən çox ayda evə 500 avro göndərmək mümkün olacaq”, – Zaza Nesuaşvili izah edir.
Dil baryeri əsas mənfi cəhətdir
Ukraynalılar və beloruslardan fərqli olaraq, gürcülər polyak dilini bilmir və anlamırlar. Çoxları heç rus dilini də bilmir. Bu, böyük problemlər yaradır və çoxlarını işsiz qoyub. “Rəisin sənə nə dediyini anlamayanda, sənə bir şey et deyəndə, sənsə başqa iş görəndə kim bu cür adamı işdə saxlayacaq?”, — Roland Kadjaya deyir.
Zaza Lobjanidze deyir ki, bildiyi ingilis dilinə arxalanırdı, amma Poznanda bu, ona heç bir üstünlük verməyib. Amma ris dilini bilməyi kömək edib – bu dildə əsasən ukraynalıların işlədiyi vasitəçi şirkətlərlə ünsiyyət qurmaq daha asandır.
Rus dili Maya və Zaza Nesuaşviliyə də kömək edib – onlar rəhbərliklə ukraynalı iş yoldaşları vasitəsilə danışır.
Lekso Axalaya Polşaya gəlmək istəyənlərə əvvəldən polyak dilini azı elementar səviyyədə öyrənməyi məsləhət görür. Zaza Lobjanidze deyir ki, dövlət tərəfindən təşkil olunan polyak dili kurslarına cəmi 75 zlota [təxminən 17,5 avroya] gedir.
Maya və Zaza Nesuaşvililər isə polyak dilini öyrənməyə ehtiyac duymurlar — iş üçün bu, onlara lazım deyil, Polşada qalmağı isə planlaşdırmırlar.
Vasitəçi agentliklər
Biz “Facebook” vasitəsilə özünü gürcü dilində reklam edən agentliyə müraciət etdik. Səhifədə göstərilən telefon nömrəsində bizə dedilər ki, hazırda vakansiya yoxdur. Agentliyə vakansiyaları Poznandakı ofis təqdim edir.
Agentliyin xidməti 300 avrodur. Həmsöhbətimizin sözlərinə görə, bura “zəmanətli iş yeri” daxildir. Agentlik vizasız rejimlə gəlməyi təklif edir, amma “karta pobıtu”nu təşkil etmir, onu özünüz almalı olacaqsız.
Hər ay agentlik Polşaya 50-yə yaxın adam göndərir.
Tapdığımız elan üzrə müraciət etdiyimiz daha bir vasitəçi agentlik öz xidmətlərinə görə 400 dollar alır. Təklif olunan vakansiyalar arasında fabriklərdə, tikintidə, restoran və anbarlarda iş var.
Bizə başa saldılar ki, xidmətlər paketinə yarımillik və ya birillik iş vizası üçün dəvət də daxildir. Həm də “yerində qarşılama və iş yerinə qədər müşayiət”.
Agentlik oturum məsələsini də özünüzün həll etməyinizi təklif edir.
Gürcüstanın əmək miqrasiyası haqqında qanununa əsasən, 2015-ci ildən xaricdə işlə təmin olunma üzrə vasitəçilik fəaliyyəti tənzimlənir. Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin miqrasiya məsələləri idarəsinin rəhbəri Georgi Bunturi deyir ki, vasitəçi şirkətlər öz fəaliyyət növünə uyğun kütləvi reyestrdə qeydiyyatdan keçməli və hər il müntəzəm hesabatlar verməlidirlər.
Qanuna əsasən, vətəndaşlara xidmət edərkən, şirkətlər üç növ müqavilə tərtib etməlidir: vasitəçi şirkətlə işəgötürən şirkət arasında, vasitəçi şirkətlə iş axtaran arasında, işəgötürənlə iş axtaran arasında.
Qayda pozuntusuna görə 300 laridən 1000 lariyə qədər [təxminən $110-370] cərimə nəzərdə tutulub.
Hazırda Gürcüstanda xaricə əmək miqrasiyası iə məşğul olan 60-a yaxın şirkət işləyir.
“İş axtaran hara və hansı şərtlərlə getdiyini yaxşıca araşdırmalıdır. O əmin olmalıdır ki, doğrudan da iş icazəsi alacaq, həm də iş müqaviləsi və ya ən azı onun nümunəsi ilə tanış olmalıdır”, – Bunturi deyir.
Onun sözlərinə görə, Gürcüstanda fırıldaqçı şirkətlər işləyir, buna görə də insanlar aldanır.
Georgi Bunturi deyir ki, Gürcüstan hökuməti Gürcüstan vətəndaşları üçün əmək miqrasiyası imkanları açmaq üçün Aİ-nin digər ölkələri ilə müqavilələrin bağlanması üçün yollar axtarır. Fevralın 1-dən Fransa ilə müqavilə qüvvəyə minib. Düzdür, ora işləməyə getmək Polşada işə düzəlmək qədər asan deyil.
Polşaya leqal əmək miqrasiyası prosesini pilot layihə kimi ilk dəfə Beynəlxalq Miqrasiya Təşkilatı 2015-ci ildə işə salıb. Gürcüstanda proqramın rəhbəri Natiya Kvisianinin sözlərinə görə, bu zaman ərzində layihə çərçivəsində 32 nəfəri işə düzəltmək mümkün olub.
“Başqa ölkələrlə də istifadə oluna bilən model yaradılıb”, – Kvisiani izah edir.
Eyni zamanda ekspertlər hesab edir ki, məhz Polşanın getdikcə daha çox işçi qüvvəsinə ehtiyacı olacaq. Sezari Kajmerçakın sözlərinə görə, “2050-ci ilə qədər Polşada işçi qüvvəsi defisiti beş milyon insana qədər çatacaq. Nəsə dəyişməsə, yenə də miqrantları dəvət edəcəyik”. Eyni zamanda o deyir ki, Polşanın orada bəxti gətirib ki, bu ölkəyə gələnlər Qərbi Avropa ölkələrində olduğu kimi müavinətlə dolanmır, işləyirlər.
Evdə daha yaxşıdır
Polşada söhbətləşdiyimiz Gürcüstan miqrantlarından demək olar ki, heç biri ölkədə uzun müddət qalmağı planlaşdırmır və gələcəyini bura ilə bağlamır.
“Vətənimizdə heç olmasa 500 larilik [təxminən 165 avro] iş olsa, düşünmədən qayıdardıq”, – Maya Nesuaşvili deyir.
Zaza Lojbanidze Polşada qalmaq imkanını qətiyyətlə rədd edir: “Ölkəmizdə vəziyyət düzələn kimi, qayıdacam”.
“Polşada işləməyimi uğur saymıram. Uğurum Gürcüstanda yaxşı iş və ya öz biznesim olar”, – Roland Kacaya deyir.