Mövqe. Yeni nəsil bütün dünyada üsyan edir" />

Mövqe. Yeni nəsil bütün dünyada üsyan edir

Mövqe. Yeni nəsil bütün dünyada üsyan edir

Çili, Honkonq, Livan, London, Barselona – 2019-cu ildə biz bütün dünya üzrə kütləvi küçə etirazlarının şahidi olduq. Publisist Cek Şenker The Guardian-da kimlərin küçəyə çıxması və onların nə tələb etməsi barədə danışır.

 

Etirazçılar nə tələb edir

Hər bir ayrı halda etirazlar müxtəlif səbəblər üzündən alovlanıb.

Çilidə buna metroda gediş haqqının yüksəlməsi səbəb oldu. Londonda ekoloji fəallar küçələrə çıxdılar. Honkonqda kommunist Çininin bu muxtariyyətin hüquqlarına qarşı hücuma keçməsindən narahat olan insanlar etiraz edirdilər. Barselonada isə nümayişçilər separatçıların liderlərininin izlənməsinə son qoyulmasını tələb edirdilər.

Sonuncu dəfə etirazların belə dalğasını bu onilliyin əvvəllərində – “ərəb baharı” və “Occupy” hərəkatı baş verərkən müşahidə etmişdik.

 

Tələblər müxtəlifdir, məğz eynidir

Tələblərin bütün bu müxtəlifliyində qlobal etirazın ümumi cizgiləri də var.

Birincisi, bu, sosial şəbəkələrin roludur. Məhz onlar çox önə çıxan liderlərin və daimi strukturların yoxluğu şəraitində etirazçıların sürətli və kütləvi özünütəşkilatlanmasını mümkün edir.

İkincisi, aydındır ki, bu, yeni nəslin etirazıdır. Həmin nəsil yaşlı həyata 2008-ci ilin qlobal iqtisadi böhranı dövründə daxil olub və indiyə kimi onun nəticələri şəraitində yaşayır.

 

2008-ci ilin böhranı indiki etiraza necə təsir edib

2008-ci ilin böhranının birbaşa nəticəsi olaraq bütün dünya üzrə gənc insanlar üçün həyat perspektivləri kəskin şəkildə azaldı. İqtisadi imkanların və sosial liftlərin yoxluğuna gözlənilən ekoloji fəlakət qarşısında qorxu da əlavə olundu. Bu isə eyni zamanda çıxılmazlığın və qərarlılığın xarakterik cizgiləri olduğu nəsli yaratdı. Məhz buna görə də, Honkonqda, Beyrutda və Santyaqoda gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edən polisə qarşı çıxmaqdan qorxmayan nümayişçilərin sayı azalmır.

Digər tərəfdən, bu böhran həm avtoritar, həm də demokratik ölkələrdə dövlət institutlarına etimadı sarsıtdı. Bütün dünyada elitaların əhalinin gözündə öz hakimiyyətinə bəraət qazandırması xeyli çətinləşdi.

 

Etirazçıların əsas məqsədi

Bizə xırda güzəştlər və dilənçi payı lazım deyil – ən müxtəlif ölkələrdə etirazlara çıxan gənc insanlar bunu təkrarlayırlar – bizə tamamilə başqa sistem lazımdır.

Bu, ən parlaq şəkildə Çilidəki etirazlarda qaldırılan ən populyar şüarda öz əksini tapıb – “Söhbət otuz pesodan getmir, otuz ildən gedir!” (Otuz peso – metroda gediş haqqı məhz bu məbləğdə artıb və bu, həyəcanlara formal səbəb rolunu oynayıb; otuz il – hazırkı ədalətsiz dövlət quruluşunun formalaşdığı dövr nəzərdə tutulur).

Biz bəşəriyyətin qlobal mövcudiyyət qaydalarının dəyişdiyi tarixin nadir anlarından birini yaşayırıq. “The Guardian”dakı məqalənin müəllifi Cek Şenker belə hesab edir. Gənc nəsil isə öz tələblərinin həyata keçməsinə nail olana qədər etiraz etməkdən usanmayacaq, çünki tələblərinin ədalətli olduğunu hiss edir.


More on JAMnews