Mahiyyətcə siyasi məhbuslar
Azadlıqda
İctimai fəal Vardqes Qaspari “Nubaraşen cəzaçəkmə müəssisəsində təxminən səkkiz gün keçirəndən sonra adi həyatına qayıdıb. Hər səhər o, 12 yaşlı oğlu ilə Milli Yığıncağın qonşuluğunda yerləşən “Sevgililər bağında gəzir. Qaspari Ermənistandakı məhkəmə-hüquq sisteminə və ədalətli məhkəməyə münasibətini vaxtaşırı olaraq məhz burada ifadə edib. Onun etirazı özünəməxsus bir aksiyadır: o sakitcə yerə uzanır.
Vardqes Qaspari cəzaçəkmə müəssisəsinə vətəndaş itaətsizliyinə görə düşən adamlardandır. Buna görə də siyasi dairələrdə bəziləri həbsdə yatan ictimai fəalları, o cümlədən də artıq azadlığa buraxılan Vardqes Qasparini siyasi məhbus adlandırırlar. Başqaları isə bildirir ki, bu insanların “siyasi məhbus anlayışı ilə heç bir əlaqəsi yoxdur.
Bu haqda Vardqes Qasparinin özü belə düşünür:
“Düzü, mən özümü siyasi məhbus saymıram. Ona görə yox ki, siyasət təhlükəli və çirkin işdir, ona görə ki, mənim siyasətdən bir o qədər də başım çıxmır, mən siyasi məsələləri o qədər də anlamıram. Özümü ilk növbədə vətəndaş, fəal vətəndaş, hüquq müdafiəçisi sayıram.
İctimai fəal onu da əlavə edir ki, onun həbsi bu və ya digər qüvvənin qələbəsi və ya məğlubiyyəti deyil. Artıq on ilə yaxındır ki, Vardqes Qaspari məhkəmə-hüquq sisteminin müstəqilliyi, ədalətin bərqərar olması və qanunun aliliyi uğrunda mübarizə aparır. Bu gün isə o, ədalət axtaran və hüquqlarının müdafiəsinə ehtiyacı olanlardan birinə çevrilib:
“Məni polisi təhqir etməkdə, məkəməyə qarşı hörmətsizlik göstərməkdə ittiham edirlər. Mən polisə dedim ki, siz alçaq, əclaf cinayətkarsız, siz mənim qohumlarımı öldürdüz.
Bu, məlum faktdır, martın 1-də belə olub [söhbət 2008-ci ildə baş tutan prezident seçkilərindən sonra yaranan fövqəladə vəziyyətdən gedir, onda hakimiyyət seçkilərin nəticələrini qəbul etmək istəməyənlərə qarşı güc tətbiq edib, nəticədə də 10 nəfər həlak olub]. On qurbandan üçü polisin “çeryomuxa silahından öldü. Bu, cinayət işinin açılması üçün əsas oldu. Mən sözümdən qaçmıram da.
Qaspari siyasi məhbusdur, ya yox?
Ermənistan hakimiyyəti Qasparini siyasi məhbus hesab etmir və onun cinayət işi çərçivəsində həbs olunduğunu qeyd edir.
“Siyasu məhbus, siyasi motivlə həbs edilən terminlərinin istifadəsi burada yolverilməzdir. Bu ifadələrlə ehtiyatlı olun. Düşünmürəm ki, Qasparinin həbsi onun siyasi baxışları ilə bağlı olub.
Məhkəmə həbs qərarını məhkəmə prosesi ilə bağlı verib və bu heç də o demək deyil ki, o siyasi təqibə məruz qalıb, – Ermənistan Milli Yığıncağının dövlət hüquq məsələləri üzrə daimi komissiyasının sədri Ovannes Saakyan deyir.
Müxalifət nümayəndələri və hüquq müdafiəçiləri isə bu fikirlə razı deyillər, onlar bildirirlər ki, Vardqes Qaspari məhz öz siyasi baxışlarına görə həbs edilib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor şöbəsinin rəhbəri Artur Sakints bildirir ki, heç bir hakimiyyət heç vaxt ölkədə siyasi məhbusların olduğunu etiraf etməyib.
“Düşünürəm ki, Qasparinin başına gələnlər onun siyasi təqibinin və əyilməz siyasi etirazının nəticəsi oldu, – deyə o qeyd edib.
Müxalif “Erməni Milli Konqresi (EMK) fraksiyasının rəhbəri Levon Zurabyan bildirir ki, insanların siyasi baxışlarına görə təqibi demokratiyaya can atan dövlət üçün yolverilməzdir: “İl Qevorq Safaryanın həbsindən başladı, sonra da Vardqes Qaspari saxlanıldı, səbəbi onun hakimiyyətin özbaşınalığına qarşı etiraz aksiyalarını təşkil etməsidir.
Dövrümüzün siyasi məhbusları
Ermənistanda bu gün siyasi baxışlarına görə 18 vətəndaş cəza çəkir. Bu, bir sıra hüquq müdafiəsi təşkilatlarının məlumatıdır. Onlardan 15 nəfəri “Şant Arutyunyan və yoldaşları işi çərçivəsində 5 noyabr 2015-ci ildə Gömrük İttifaqına üzv olmağa qarşı yürüş təşkil etdiklərinə görə müttəhimlər kürsüsünə əyləşiblər.
Bundan başqa, müharibə iştirakçıları və hərbiçilərin hüquqları və layiqli həyatı uğrunda mübarizə aparan Qarabağ müharibəsi veteranı Volodya Avetisyan da həbs edildi. Azadlıq Meydanında keçirdiyi bir neçə etiraz aksiyasından sonra onu dələduzluqda ittiham etdilər.
Bu siyahıda “Şant Arutyunyan və yoldaşları işi üzrə məhkəmə iclasından əvvəl polisə qaz tapançasından atəş açan Ayk Küreqyan da var. Küreqyan maşının üstünə çıxaraq, Şant Arutyunyan və yoldaşlarının həbsinə qarşı etirazını bildirməyə çalışdı.
Siyahıda “Nor Ayastan hərəkatının bu yaxınlarda həbs olunan fəalı Qevorq Safaryanın da adı var: o, Azadlıq Meydanında yolka ağacını qurmaq istəyirdi, amma polis buna imkan vermədi. İnsidentdən sonra o saxlanıldı, daha sonra da hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək ittihamı ilə həbs olundu.
Kimi siyasi məhbus hesab etmək olar?
Ermənistan Respublikasının Cinayət Məcəlləsində “siyasi məhbus ifadəsinin tərifi yoxdur.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) isə var. Bu tərifə görə:
şəxsin saxlanması Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə protokollarda əksini tapan əsas təminatlardan biri, əsasən fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə azadlıqdan məhrum edilən şəxsə siyasi məhbus kimi baxılmalıdır;
şəxs həm də əgər “saxlama istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə və “həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu və ya şübhəli bilindiyi cinayətə proporsional deyilsə, siyasi məhbus sayılır.
Vəkillərinin bildirdiyinə görə, 18 vətəndaşın hər birinə qeyd olunan meyarlar şamil edilə bilər.
Amma Ermənistan hakimiyyəti 1 mart 2008-ci il hadisələrindən sonra olduğu kimi, indi də ölkədə siyasi məhbusların olduğunu inkar edir. Bu haqda vaxtıykən həm şəxsən prezident Serj Sarqsyan, həm də baş prokuror Qevorq Kostanyan bildiriblər. Bu yaxınlarda eyni bəyanatla Vardqes Qaspari ilə bağlı hadisəni şərh edərkən ədliyyə naziri Arpine Ovannisyan da çıxış etdi.
Qasparinin tərəfdarlarının etiraz aksiyasından kadrlar
“İrs partiyasının sədr müavini Armen Martirosyanın fikrincə, bunun səbəbləri aydındır: hakimiyyət ölkənin beynəlxalq reytinqinə xələl gətirməkdən qorxur, eyni zamanda da öz hüquqlarını dərk edən vətəndaşların başqaları üçün də örnək olmasına imkan verə bilmir:
“Öz hüquqlarını bilən və ədalətsizliyə qarşı mübarizə aparmaqdan çəkinməyən vətəndaş indiki hakimiyyət üçün ən qorxulu haldır. Mübarizədən çəkinməyin düzgün olmadığını, mübarizənin səmərə verə biləcəyini, vəziyyəti dəyişmək üçün iradəyə ehtiyacın olduğunu göstərən insanlar geniş əhali təbəqəsinə təsir etmək imkanına malikdir. Bir neçə nəfər onlar üçün təhlükəli olmaya bilər, amma həmin bir neçə nəfər daha bir neçə nəfəri “yoluxdurar və sair.
Ədalətin qiyməti
Vardqes Qasparinin ailəsi ona dəstək verir, amma o qeyd edir ki, mübarizə onun enerjisini alır və ilk növbədə onun üçün deyil, ailəsi üçün ağır bir yükdür.
“İnsanlar səhərdən axşama işləyib, öz maliyyə, məişət problemlərini həll edə bilmirlər, üstəlik ictimai fəaliyyətlə məşğul olanda bu, daha da çətinləşir. Öz problemlərini həll etməyə imkan tapmırsan. Mənə il ərzində 500 min dram həcmində (min dollardan çox) cərimə kəsiblər, onları ödəmişəm.
Amma bu zaman da uşağıma ayaqqabı ala bilmirəm. Düşünmürəm ki, ailəm belə qəddar münasibətə layiqdir. Ancaq müharibə vaxtı insanlar öz ailələri ilə bu cür qəddarcasına davranırdılar, onları atıb müharibəyə gedirdilər. Öz ailəmə qarşı bundan sonra da belə qəddarlıq göstərmək istəmirəm, – Vardqes Qaspari deyir.
İndi o, daha çox ailəsi, xüsusən də oğlu ilə vaxt keçirmək, ötürülmüş vaxtın yerini doldurmaq istəyir. Yeri gəlmişkən, Qasparinin 12 yaşlı oğlu səhhəti ilə əlaqədar məktəbə getmir: uşaq hələ 3 yaşında olarkən hüquq-mühafizə orqanlarının fəalın ailəsinə qarşı kobud təzyiqi nəticəsində səhhətində problemlər yaranıb.
Dərc edilib: 19.04.2016