“Qısqanc” müttəfiq Rusiya ilə problem yaratmadan Avropa ilə əməkdaşlığı necə dərinləşdiirmək olar? " />

Məxməri inqilabdan sonra Avropa İttifaqı-Ermənistan münasibətləri. Niyə sıçrama baş vermədi?

“Qısqanc” müttəfiq Rusiya ilə problem yaratmadan Avropa ilə əməkdaşlığı necə dərinləşdiirmək olar?

2018-ci ilin yazında Ermənistanda baş vermiş məxməri inqilab Avropa İttifaqı ilə yaxınlaşmaq üçün yeni, kifayət qədər iddialı perspektivlər açıb.

Artıq Avropa gündəminin genişlənməsinin ilk əlamətləri müşahidə olunur:

  • Avroparlament Aİ ilə Ermənistanın hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında Sazişi ratifikasiya edib,
  • Kansler Angela Merkel bildirib ki, Almaniya ölkədə keçirilən islahatları, həmçinin Avropa ölkələri ilə viza rejiminin liberallaşdırılmasını dəstəkləyəcək.

Lakin hələlik aydın deyil, Ermənistan Aİ ilə münasibətlərini nə qədər dərinləşdirə bilər ki, bununla birlikdə özünün əsas müttəfiqi olan Rusiya ilə münasibətlərdə problem yaratmasın. Burada postsovet ölkələrinin avrointeqrasiyasına Rusiyanın “qısqanclığı” amilini nəzərə almaq lazımdır.

Tarix öncəsi

2017-ci ilin noyabrında Aİ və Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Saziş (HGTS) imzaladılar. Bu sənəd 1999-cu ildən qüvvədə olan və praktiki olaraq köhnəlmiş Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək.

Həmçinin saytda oxuyun: Aİ ilə genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişin imzalanacağına Ermənistanda nəyə görə şübhə ilə yanaşırdılar 

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Saziş mahiyyət etibarilə əvvəllər razılaşdırılmış, lakin imzalanmamış Assosiasiya haqqında sazişin yığcam versiyasıdır. O zaman prezident Serj Sarkisyan Ermənistanın Rusiyanın bayrağı altında fəaliyyət göstərən Gömrük İttifaqına daxil olmaq niyyətində olduğunu bəyan etdikdən sonra həmin sənədin imzalanması baş tutmamışdı. Yeni Saziş ikitərəfli əlaqələrin möhkəmlənməsi və Aİ-Ermənistan münasibətlərinin yeni formatının yaradılması üçün stimul oldu.

Lakin Avropa ilə münasibətlərin yeni mərhələsi keçmiş hakimiyyət dövründə böyük perspektivlər vəd etmirdi.

İlk növbədə, imzalanmış sənəd Avropa İttifaqı ilə əməkdaşlığın assosiasiya haqqında sazişlə nəzərdə tutulan dərinliyinə malik deyil.

Bundan başqa, insan haqları, qanunun aliliyi, korrupsiya ilə mübarizə, effektiv idarəetmə və azad bazarla əlaqədar problemlər həllini tapmamış qalırdı. Hakimiyyət isə bu problemlərin həlli üçün xüsusi siyasi iradə nümayiş etdirmirdilər.

Eyni zamanda, 2018-ci ilin aprelində Ermənistan parlament üsul-idarəsinə keçdi. Prezident Serj Sarkisyan isə, daha öncə verdiyi vədlərə baxmayaraq, hakimiyyətdə qalmaq istədi – bu dəfə baş nazir vəzifəsində. Belə olan halda Ermənistan postsovet ölkələrinin “dəyişilməz” rəhbərləri olan ölkələri siyahısına düşəcəkdi. Bu, demokratik inkişaf baxımından Ermənistanın onsuz da mötədil olan perspektivlərini şübhə altına ala bilərdi.

Məxməri inqilab və yeni hakimiyyətin Aİ ilə ilk təmasları

Vəziyyət hakimiyyətin dinc yolla dəyişməsindən sonra fərqli oldu.

2018-ci ilin aprel-may aylarında baş vermiş məxməri inqilab Serj Sarkisyanın istefasına və etiraz hərəkatının lideri Nikol Paşinyanın baş nazir seçilməsinə gətirib çıxardı.

Yeni hökumət bunları öz prioritetləri kimi bəyan etdi

  • demokratik institutların möhkəmləndirilməsi
  • effektiv idarəetmə
  • məhkəmə hakimiyyətinin müstəqilliyi
  • korrupsiya ilə mübarizə
  • oliqarxiya sisteminin ləğvi
  • seçki sisteminin islahatları

Eyni zamanda, hakimiyyət bu islahatların Aİ tərəfindən dəstəklənməsinin vacibliyini bildirdi.

Ermənistan hökumətinin məqsədlərinin Aİ-nin Şərq tərəfdaşlığı ölkələrindən gözləntiləri ilə üst-üstə düşməsi üzündən Avropa İttifaqının rəsmi şəxsləri dərhal bildirdilər ki, bu iddialı gündəmin gerçəkləşdirilməsi üçün böyük dəstək göstərəcəklər.

Saytda həmçinin oxuyun: Kansler Angela Merkel Yerevanda nə vəd etdi

2018-ci ilin iyunundan bəri Genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişin müddəalarının 80 faizi artıq qüvvəyə minib. Əlbəttə, bu Ermənistanın yenilənməsi və inkişafı üçün vacib alətə çevrilə bilər.

Lakin HGTS-nin təsiri yalnız orta və uzunmüddətli perspektivdə hiss olunacaq. Paşinyan hökuməti bu qədər çox gözləyə bilməz. Ona sürətli nailiyyətlər və qısamüddətli nəticələr lazımdır, çünki istənilən inqilabdan sonra olduğu kimi cəmiyyətin gözləntiləri çox böyükdür.

Bu halda Avropa İttifaqı öz nüfuz dairəsini xeyli genişləndirə və Ermənistan əhalisinin “düşüncəsini və qəlbini” fəth edə bilər ki, bunun üçün maliyyə dəstəyi artırılmalı və hökumətin islahatlarına dəstək üçün yeni təşəbbüslər olmalıdır.

Lakin Aİ hələ ki tələsmir və Ərəb baharı zamanında yol verilmiş səhvləri təkrarlaya bilər. O zaman İttifaq vəziyyətin kəskin dəyişikliyinə reaksiya verməyə hazır deyildi və vəziyyətə təsir imkanını əldən vermişdi.

İyunun sonunda Ermənistan-Aİ tərəfdaşlığı Şurasının ilk iclasında Aİ-nin ali nümayəndəsi Federika Mogerini bildirib ki, 2017-2020-ci illərdə Ermənistana 160 milyon avro həcmində yardım ediləcək.

Əslində Aİ bu məbləği Ermənistana hələ inqilabdan əvvəl söz vermişdi. Təəccüblü deyil ki, Brüsselə işgüzar səfərdən və NATO zirvə görüşü çərçivəsində Aİ rəhbərliyi ilə görüşlərdən sonra baş nazir Paşinyan avropalıları isti təbriklərə və şadyana qiymətlərə baxmayaraq, Ermənistana münasibətin dəyişdirilməsinə görə tənqid etmişdi.

Avropa İttifaqının Ermənistandakı səfiri Avropanın bu yanaşmasını aşağıdakı amillə izah etmişdi: Ermənistanın yeni rəhbərliyi bildirib ki, ölkənin xarici siyasətində əhəmiyyətli dəyişikliklər olmayacaq, bu baxımdan Aİ-nin də öz siyasətini əhəmiyyətli şəkildə dəyişmək üçün səbəbi yoxdur.

Aİ-nin bu strategiyası Ermənistanın içərisində olduğu vəziyyəti nəzərə almır və çətin ki, effektiv ola bilsin.

Ermənistanın xarici siyasət istiqaməti və Rusiya amili

Avropa İttifaqı Ermənistanın xarici siyasət istiqamətinin kəskin dəyişilməsinə ümid etməməlidir.

Cənubi Qafqazdakı geosiyasi vəziyyət, ələlxüsus Azərbaycanla “nə hərb, nə sülh” vəziyyəti və Azərbaycan və Türkiyə tərəfindən blokada Ermənistanı seçim imkanından məhrum edir. Türkiyə-Azərbaycan ittifaqına qarşılıq kimi yalnız Rusiya ilə hərbi ittifaq mövcuddur.

Bununla birgə, Rusiyanın Ermənistana əhəmiyyətli dərəcədə iqtisadi təsiri mövcuddur. O, əsas ticarət tərəfdaşı və investordur. Strateji əhəmiyyətə malik nəqliyyat və energetika sahələrində Rusiyanın dövlət korporasiyaları böyük üstünlüyə sahibdir. Ermənistan əhalisinin xeyli hissəsi Rusiyada qazanan əmək miqrantlarının pul köçürmələrinin hesabına yaşayır.

Yazdakı etirazlar zamanı Kreml Ermənistanın daxili işlərinə qarışmasa da və hakimiyyət dəyişikliyini qəbul etsə də, ölkənin yeni hakim elitasına münasibət şübhəlidir.

Bu səbəbdən də Ermənistanın Qərbə tərəf nəzərə çarpmayacaq addımları belə Rusiya tərəfindən cəza tədbirlərinə gətirib çıxara bilər. Bu cür tədbirlər Moskvanın “himayə”sindən imtina etməyə qərar vermiş Gürcüstan, Moldova və Ukrayna barəsində tətbiq edilmişdi.

Son illərdə Rusiya Azərbaycanla əməkdaşlığını möhkəmləndirib və onun əsas silah təchizatçısına çevrilib. Bundan əlavə, Türkiyə ilə münasibətlər yeni, daha mehriban fazaya qədəm qoyub.

Bu cür vəziyyətdə rəsmi Yerevan tərəfindən fəal avrointeqrasiya prosesi Rusiya ilə ciddi fikir ayrılığı yaradar. Moskva isə digər cəza tədbirləri ilə yanaşı, Azərbaycana Qarabağa hücum etməyə “icazə verə” və hətta bunu dəstəkləyə bilər.

Əgər Ermənistan hakimiyyəti günü sabah kursunun Qərbə doğru dəyişdiyini elan etsə, Aİ Ermənistanın təhlükəsizliyinin qarantı rolunu öz üzərinə götürməyi istəməyəcək və bunu bacarmayacaq da. Avropa İttifaqı hələlik mülki gücdür və təhlükəsizliyin təminatı üçün imkanları yetərincə deyil.

Bu o deməkdir ki, Ermənistanın geosiyasi orientasiyası yaxın gələcəkdə dəyişməyəcək.

İmmunitetin möhkəmlənməsi üçün Aİ-nin rolu

Aİ-nin strategiyası Ermənistanın sosial-iqtisadi immunitetinin və suverenliyinin möhkəmlənməsinə yönəlsəydi, bu Yerevana daha müstəqil xarici siyasət yürütməyə imkan yaradardı.

Ermənistanın Rusiyadan asılılığını bunlar azalda bilər

  • demokratik institutların inkişafına maddi və texniki dəstək
  • vizasız rejimin tətbiqi
  • energetika və nəqliyyat sahəsində yeni imkanların yaradılması.

Viza rejiminin liberallaşdırılması ünsiyyəti fəallaşdıra bilər ki, bu da Ermənistanın demokratikləşməsinə və avropalaşmasına yardımçı olar. Bu həm də iqtisadi cəhətdən sərfəli olacaq, çünki turizm, ticarət və biznes sahələrində yeni imkanlar yaranacaq.

Gürcüstanın, Moldovanın və Ukraynanın təcrübəsinə arxalanaraq, Ermənistan viza rejiminin liberallaşması prosesini çox sürətlə keçə bilər. Bundan əlavə, vizasız rejimə keçid üçün tələb olunan qanunvericilik islahatlarının əhəmiyyətli hissəsi Ermənistanda artıq həyata keçirilib.

Aİ artıq energetika sahəsində ciddi layihələr həyata keçirir və Ermənistana alternativ energetikanı inkişaf etdirməyə, energetika sisteminin effektivliyini artırmağa yardım edir. Bu Rusiyanın “Qazprom” şirkətindən asılılığın azalmasına şərait yaradır.

Hələ Şərq tərəfdaşlığının Brüssel sammitinin gedişində Ümumi aviaməkan haqqında saziş paraflanmış və Ermənistanın Transavropa nəqliyyat şəbəkəsinə (TEN-T) qoşulması haqqında protokol imzalanmışdı.

Nəqliyyat sahəsində Aİ tərəfindən 556 kilometrlik Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin maliyyələşdirilməsinin artırılması vacib addım ola bilər. Avtomagistral Ermənistanı Gürcüstan və İranla birləşdirəcək. O, Fars körfəzinə və Qara dənizə etibarlı çıxışı təmin etmək üçün tikilir.

Nəticə

Bütün dünyada populist partiyaların və avtoritar qüvvələrin təzyiqi altında demokratiyanın geri çəkildiyi bir vaxtda Ermənistanda baş verən demokratik proseslər hakimiyyətin dinc dəyişikliyi sayəsində xoş gözlənilməzlik oldu və təqdirə layiqdir.

Yeni hökumət əhali tərəfindən misli görünməmiş dəstəyə malikdir və zəruri islahatların aparılması üçün siyasi iradə göz qabağındadır. Bu mənada yani hakimiyyət keçmiş hakimiyyətlə müqayisədə Avropa gündəmini həyata keçirməyə və Aİ-nin məsləhətlərini dinləməyə meyllidir və qadirdir.

Eyni zamanda, Cənubi Qafqazdakı geosiyasi vəziyyəti və Ermənistanın bilaixtiyar Rusiyadan asılılığını nəzərə alsaq, xarici siyasət kursunun təcili və köklü dəyişikliyi və fəal avrointeqrasiya barədə bəyanatlar olmayacaq.

Buna baxmayaraq, Aİ ilə əməkdaşlıq Ermənistanın immunitetinin yüksəlməsində və onun Rusiyadan asılılığının azalmasında vacib rol oynayacaq. Yeni hökumətin prioritetlərindən biri Ermənistanın suverenliyinin möhkəmlənməsi və çoxvektorlu xarici siyasətdə balansın bərpasıdır, deməli, Aİ ilə qarşılıqlı əlaqələrin bütün imkanları səfərbər olunacaq.

Köklü islahatların aparılması üçünsə ölkəyə lazımdır ki, Avropa İttifaqı ilk növbədə “çoxa görə çox” prinsipinə sadiq qalaraq, Ermənsitana təqdim olunan dəstəyi artırsın.

İttifaqın dəstəyi ilə demokratik qüvvələrin birləşməsi və hüquqi dövlətin bərqərar olması həm erməni ictimaiyyəti, həm də Aİ üçün uğurlu əməkdaşlıq nümunəsi ola bilər.

Məqalə müəllifinin istifadə etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews